Qədim Ellada tarixi rəsmlərdə
Martın 6-da Bakı İtalyan Mərkəzində «Ellada» uşaq incəsənət sərgisi açılıb. Yunanıstanın Azərbaycandakı səfirliyi və «ARGO» yunan cəmiyyəti ilə birgə təşkil edilən sərgidə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Ekoloji plakat» studiyasında çalışan uşaqların qədim Yunanıstan mövzusunda əl işləri nümayiş etdirilir.
Ən kiçiyi 6, ən böyüyü 16 yaşında olan sərgi iştirakçılarının rəngkarlıq, qrafika, keramika və batika üzrə əl işləri İtalyan Mərkəzinin salonunu minilliklər öncəki Ellada elinə çevirmişdi.
Münsiflər heyəti bir otağa qapanıb qalibləri müəyyən etməklə məşğul ikən gənc rəssamların müəllimi Qalina Çudilovaya yaxınlaşıb sərgi barədə məlumat alırıq.
- Sərgidə 28 yetirməmin yüzdən artıq işi nümayiş etdirilir. Biz təxminən il yarım bu sərgiyə hazırlaşmışıq. Lap qədim dövrdən klassik dövrə qədər Yunanıstan memarlığını, əsatirlərini öyrənmişik. Homeri öyrənmişik, «Odisseya»nı oxumuşuq. Uşaqlar sərgidə iştirak etmək həvəsi ilə qədim yunan ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış oldular.
- Yetirmələrinizin əl işləri bayaqdan müzakirə edilir. Yəqin ki, həyəcanlanırsınız?
- Sərgiyə hazırlaşanda həyəcanlı idim. Düşünürdüm ki, görəsən, öhdəsindən gələ biləcəyikmi? Amma indi sevinirəm, ürəyim rahatdır. Uşaqları da elə öyrətmişəm ki, əsas qələbə deyil, iştirak etmək, daha bir qədim mədəniyyəti öyrənmək, tanımaqdır.
Nəhayət, Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsounqasın başçılıq etdiyi münsiflər heyəti məşvərət otağından çıxdı. Məlum oldu ki, kimsə hədiyyəsiz və mükafatsız qalmayıb. Sərgi iştirakçılarının hamısı diplom və xatirə hədiyyəsi ilə təltif olundu. Sonda isə hər bölüm - rəngkarlıq, qrafika, keramika və batika üzrə qaliblərin adları çəkildi, Ramin Rüstəmov isə sərgidəki ən yaxşı işin müəllifi elan edildi.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 13.