Şairi el
yaşadır
Səməd Vurğun - 110
Böyük söz ustadının Qusar görüşləri haqqında
Səməd
Vurğun! Bu ad elə bil torpağımızın hər
yerində - düzdə, təpədə, dağda, şəhərdə
və kənddə, bulaq başında, səfalı meşələrdə,
çayda, bağda həkk olunub adamların üzünə
gülümsəyir. Qusarın ab-havası, Şahnabatın
büllurtək saf və şirin suyu, qəlboxşayan Qarabulağın
gözəllikləri, Şahdağ, Əliçapan əfsanələri
məskəni Ləzə, ceyran-cüyür, qırqovul məskəni
Samur sahili... Elə bil bu yerlər Vurğunu səsləyir.
Şair bu yerlərin vurğunu idi, bu məkanlardan ilham
alırdı. Məgər bu yerlər Səmədsiz
keçinərdimi? Sanki yaz, yay, payız və qış
olardımı ki, böyük sənətkar bu yerlərə
baş çəkməsin, dolaşmasın, qonaq olmasın?
Səməd Vurğun üç dəfə (1946, 1950, 1955) Quba-Qusar bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilmişdi. Xalqın vəkili və şairi daim qusarlıların qonağı olar, onların süfrəsində çörək kəsər, insanlara köməklik edər, ovçu kimi çiynində tüfəng çölləri, meşələri, dağları dolaşardı. Qusarlılar da şairi çox sevər, onun şirin söhbətlərindən doymazdılar. Qusara vurğun şairin şeirlərindən birində oxuyuruq:
Düşündürür məni bu sirli diyar,
Burda həqiqətlər, əfsanələr var.
Ürəklərdə axın, qollarda qüvvət,
Burda öz-özünə gülür təbiət.
Qədirbilən xalqımız onun adını həmişə əziz tutur və gəzdiyi hər bir yeri Vurğunun adı ilə bağlayır. Böyük şairin misralarında Qusar çörəyinin də dadı-duzu, yarpızın ətri, bülbülün cəh-cəhi var. Vurğuna sevgimizin səbəbini məhz onun xalqımızın həyatına, məişətinə, adət və ənənələrinə bağlılığında axtarmalıyıq. Axı xalqı tanımadan, sevmədən onun sevgisini qazanmaq mümkün deyil.
Xalq yazıçısı Elçin yazır ki, Səməd Vurğun çox az yaşadı. Cəmi 50 il ömür sürdü və həmişə 50 yaşında da qalacaqdır. Lakin 50 illik şair ömrü böyük bir epoxanı əhatə etmişdir. Tale ona yaradıcılıq üçün cəmi 30 il ayırmışdı. Bizim xoşbəxtliyimiz ondadır ki, Səməd Vurğun öz 30 illik yaradıcılıq dövründə olduqca məhsuldar işləmiş, öz mənəvi qüvvəsindən layiqincə istifadə etmişdir. Amma, bu otuz ildə bir əsrin hissiyatını, ab-havasını ehtiva etdiyini yaddan çıxarmaq olmaz...
Samur çayının sahilləri böyük söz sərrafının ən çox sevdiyi yerlər idi. Ovdan dostlarının yanına qayıdanda yazdığı “Ləzgi qızı” şeirini oxuyarmış:
Ətəyini çirməyərək
Samur çaydan keçəndə sən,
Xəfif-xəfif əsən külək
Öpdü sənin gül üzündən.
Tonqal başında kabab çəkərkən və onu ən çox sevdiyi ləzgi xərək çörəyinin arasına qoyub sıxarkən bu yerlərə baxmaqdan, Samur çayının şırıltısına, gah coşmasına, gah da sakit axmasına qulaq asmaqdan doymazmış. Və burada keçirdiyi anlar misralara düzülərmiş:
Aylar, illər ilham alır bu füsunkar gözəldən,
Bu tamaşa yaranmışdır onun boyu əzəldən.
Bu gün mənəm Samur çayın sahilində dayanıb,
Bu canana öz sinəmdən söz dastanı düzəldən.
Şair yersiz təntənəni, bərbəzəyi, əvvəlcədən hazırlanmış xüsusi məclisləri sevməzdi. Cibir kənd məktəbinin direktoru işləmiş Zal Zalov xatırlayır ki, o, nazik xərək çörəyi, motal pendiri, şoru xoşlayardı. Yeməkdən əvvəl və sonra tünd çay içərdi.
Düşünürəm ki, o, təkcə yazdığı şeir, poema, dramları ilə deyil, xalqa, Vətənə, doğma təbiətə, insanlara sonsuz sevgisi ilə böyükdür, qüdrətlidir.
“Bəxt məni bu yerə qonaq göndərdi”, - deyən şair ləzgi xalqının xeyirxah dostu olmuşdur. Ləzgi xalqı da ona eyni hissləri bəsləmişdir. Samurdan Şahdağa qədər Qusar torpağını qarış-qarış gəzin, görəcəksiniz ki, uşaqdan tutmuş saç-saqqalı dağlar kimi ağarmış pirani qocalara qədər hamı şairi tanıyır və ürəkdən sevir. Çünki söz sənətkarı kimisini oxudub, toyunda iştirak edib, bəzisinin uşağına ad qoyub və s.
Ağlım söz kəsən gündən Səməd Vurğunun adı qulaqlarımdadır. Böyük şairimiz öz yaradıcılığı ilə xalqlar dostluğunun ən istedadlı carçısı idi. O, fəaliyyəti ilə də bunun əsl nümunəsini ortaya qoymuşdur. İndiki dünyamızda xalqlar arasında əməkdaşlıq və dostluq hava və su kimi zəruridir. Onu haqlı olaraq rayonumuzda şeirimizin Şahdağ zirvəsi adlandırırlar. Çünki o, Qusarı hamıya sevdirir, tanıdırdı...
* * *
Budur, şairin çox sevdiyi Samur çayının sahilindəyəm. Bura məni Vurğunun ruhu çağırıb. Qəlbimin dərk edilməz sehrli bir qüvvəsi ilə mən onun əllərinin hərarətini, ürəyinin döyüntülərini duydum. Onun canlı simasını, erkən dən düşmüş saçlarını, qartal baxışlarını gördüm. Və birdən mənə elə gəldi ki, çağlayan, coşqun Samurun özü şair Səməd Vurğundur:
Kükrəyən
çay axır Qusar elində,
Öpüb sahilləri, oxşayır Samur.
Şairi
yaşadır coşqun selində,
Şair
sevgisində yaşayır Samur...
Xatirələr
dil açır
Ölməz şair öz bədii
yaradıcılığı ilə xalqımızın məhəbbətini
qazandığı kimi, gözəl insani xüsusiyyətləri
ilə müasirlərinin xatirələrində
yaşayır.
Bu xatirələr sənətkarın şəxsiyyətini,
həyatını, ictimai-ədəbi mövqeyi, əsərlərindəki
yüksək ideallar haqqında geniş məlumat verir. Bu mənada Səməd Vurğunla bağlı
topladığım xatirələr, şəkil və sənədlər
böyük əhəmiyyətə malikdir.
Görək, bu unudulmaz xatirələr görkəmli
şair haqqında bizə nələrə söyləyir.
Bir vaxtlar Həzrə kənd məktəbinin direktoru
olmuş Əhməd Əhmədovla, Cibir kənd məktəbinin
direktoru işləmiş Zal Zalovla şairin dostluğundan indi
hər kəs böyük iftixarla danışır. Əməkdar
müəllim S.Babayevin, yazıçılardan
Ə.Mustafayevin, Y.Hacıyevin və başqalarının
şairlə bağlı sevgi dolu xatirələri insanda qəribə
xoş duyğular, şirin arzular oyadır.
Əhməd
Əhmədovun xatirələrindən:
Səməd
Vurğun 1946-cı il sentyabrın
axırlarında Samur çayının qırağına gəlmişdi.
Həmin gün kolxoz sədri ilə rayon mərkəzinə
gedirdik. Yolun kənarında minik
maşını dayanmışdı. Yoldaşlarıma
dedim ki, maşın Səməd Vurğunundur. Sürücü
məni tanıdı. Bu arada Səməd də
əlində 2-3 qırqovul bizə çatdı. Böyük hörmətlə
görüşdük və kəndə qayıtdıq.
Yolun kənarındakı qovaq ağacının
altında qız-gəlin topa-topa yığışıb
nahar edirdi. Səməd onlarla görüşdü, hal-əhval
tutdu, işlərini xəbər aldı. Qızlar
qonaqları nahara dəvət etdilər. Şair
böyük məmnuniyyətlə oturub onlarla nahar etməyə
razılıq verdi. Qızlar
elə ilk baxışdan şairi tanıdılar. Hamı Səməd Vurğuna baxırdı, süfrəyə
dadlı yeməklər gətirildi. Lakin
şairin nəzər-diqqəti başqa yerə dikilmişdi.
Bir qədər aralıda ocaq başında bir
qız şor yaxılmış xərək çörəyini
közün üstündə qızdırırdı. Sən demə, Səmədin diqqətini cəlb edən
də bu imiş. O, qulağıma
pıçıldayıb dedi: “Bax, o hündürboy,
qırmızıyanaq qızı görürsən, onun
qızdırdığı çörəkdən yeyəcəyəm”.
Qızların yanına gedib şairin arzusunu
onlara çatdırdım. Şair
üstünə şor yaxılmış çörəyi
böyük iştahla yedi. Sanki çoxdan bunun arzusunda
idi...
Böyük
şairin vəfalı dostu
Şair müharibədən sonra Qusara gələndə
rayon rəhbərləri onu qarşılayanda hər cür
şəraiti olan, dadlı yeməklər tədarük
edilmiş dövlət evində qalmağı məsləhət
bilirlər.
Amma şair: “Mən dostum İlyas müəllimin daxmasında
gecələcəyəm” cavabını verir.
O vaxtlar
şairin dediyi həmin “daxma”nın sahibi müharibədən
əvvəl Bakıda Xalq Maarif Komissarlığında orta məktəblər
dairəsinin rəisi, “Sosializm tempi” Qusar qəzetinin redaktoru,
Xalq Maarifi Şöbəsinin müdiri, Quba Pedaqoji
İnstitutunun direktoru işləmiş tanınmış
ziyalı İlyas İlyasov idi. Demə,
S.Vurğun İlyas müəllimi hələ Bakıda işləyərkən
tanıyırmış. Onların həqiqi
dostluğu da o vaxtdan başlanıbmış.
İlyas
müəllimin qızı Firuzə İlyasova:
-
Rayonumuzdan Ali Sovetə deputatlığa namizəd göstərilmiş
Səməd Vurğun Piral kənd seçiciləri ilə
görüşündən sonra dostları ilə evimizə
qonaq gələrdilər. Onların
oturduqları otağın divarından müharibədən
qayıtmayan qardaşım Məsudun sazı
asılmışdı. Bir dəfə gördüm
ki, böyük şair sazı götürüb, nəsə
çalır. Qardaşımı
xatırlayıb kövrəldim. Bunu görüb Səməd
əmi məni balası kimi bağrına basdı,
saçlarımı sığalladı, ürək-dirək verdi.
Qonaqların qulluğunda həyat yoldaşım
Gürhaməddin durardı. Şair xüsusilə
motal pendirini çox sevər və ona “süfrənin
şahı” deyərdi. Şair həyat
yoldaşıma “milisioner” deyə müraciət edərdi.
Çünki o, baş leytenant kimi daxili işlər
orqanlarında çalışırdı. Mən isə məktəbdə ibtidai sinif müəlliməsi
işləyirdim.
Beləliklə, biz böyük şairimizi görmüş,
onun şeirlərini dinləmiş xoşbəxt
insanlardanıq.
Qusarda Səməd
Vurğun küçəsi
Qusar şəhərinin mənzərəli məhəllələrindən
biri. Şairin adını daşıyan küçə.
Asta addımlarla irəliləyirəm. Dahi
şairin işıqlı ruhunun burada
dolaşdığını hiss edirəm. Xəyalımda
onun nurlu çöhrəsi, əzəmətli
baxışları, dalğalı saçları, xoş əməlləri,
xeyirxahlığı, sadəliyi və təbiiliyi
canlanır. Şair də, bu küçə də,
burda yaşayan insanlar da mənə əziz və
doğmadır...
Küçənin bir sakini, çoxdan
tanıdığım dostum Şəhriyar Ağabəyovla
görüşüb söhbətləşirəm. Qeyd edim ki,
Şəhriyar müəllim bədii ədəbiyyatı,
xüsusilə poeziyanı ürəkdən sevən rayon
ziyalılardan biridir. O, Vurğun haqqında həmişə
iftixarla danışır. Deyir ki, hər dəfə
Bakıya gedəndə böyük şairin ev-muzeyini və məzarını
ziyarət edir. Evlərində böyük
şairə muzey açmaq arzusundadır. Nəvələrinə
şairin qəhrəmanlarının adını verib. Uzun illərdir ki, Vurğun irsini öyrənir və
təbliğ edir. Şairlə
bağlı yeni arzu və planları, sözü, görəcəyi
işləri çoxdur.
Onun dediklərindən:
-
Çox heyf ki, o böyük şəxsiyyəti görmək
mənə nəsib olmayıb. Dünyasını
dəyişəndə birinci sinifdə oxuyurdum. Onun şəkillərini qəzet-jurnallarda, dərsliklərdə
gördüm. O, sanki hər bir ailənin doğması,
yaxını və tanışıdır. Həm
də milli şeirimizin pasportudur. Özündən
sonra böyük bir ədəbi məktəb qoyub gedib. Sonrakı nəsil şairlərin onu böyük
müəllim kimi xatırlaması, dərin ehtiramla yad etməsi
sevindirici haldır.
Şairin
ev-muzeyinin ekspozisiyasında belə bir məktub-eksponat nəzərimi
cəlb etdi: “Əziz və hörmətli şairimiz Səməd
Vurğun! Sizin radio ilə
çıxışınızı səngərdə dinlədik.
Səsinizi və odlu misralarınızı dinləyərkən
elə bil ki, canlandırıcı bahar yeli əsdi, qolumuza
yeni qüvvət, gözümüzə yeni işıq gəldi.
Azərbaycanlı, rus, gürcü, ləzgi və s. millətlərdən
olan döyüşçü yoldaşlarımızın
hamısı eyni ruhla Sizi alqışladı, yad etdi, “ura” səsləri göyə yüksəldi”.
Sonra
Şəhriyar müəllim şirin səslə çox
sevdiyi şairin bir şeirini söyləyir:
Bəxt məni
bu yerə qonaq göndərdi,
Gedirəm, amandır ayrılıq dərdi.
Demə,
Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.
Doğrudan
da, Qusar torpağı heç vaxt unutmaz Səni, sevimli ustad!
Həsən Xasiyev
Qusar Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin elmi işçisi, Yazıçılar Birliyinin
üzvü
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 12.