Aktrisanın
altı monoloqu
Nədənsə
adi seyrçiyə elə gəlir ki, sənət dünyasında hamı
tanınmaq, şöhrət qazanmaq
arzusundadır. Bəlkə də biz
hamımız sənəti özündə sevənləri yox, özünü sənətdə
sevənləri daha çox
tanıyırıq, ona görə belə
fikirləşirik. Ya da
əksinə, belələri daha çox tanınmağa, nəyin bahasına olursa olsun, göz
qabağında olmağa can
atdıqları üçün onları
daha çox
tanıyırıq. Halbuki sənət aləmində
də təvazökar insanlar, işdən
kənarda diqqət çəkmək istəməyən
peşəkarlar az deyil.
Onlardan biri ilə - S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının
aktrisası, respublikanın Əməkdar artisti
Rita Əmirbəyova ilə həmsöhbətik.
Söhbətimiz lap əvvəldən ənənəvi
müsahibənin çərçivəsinə
sığışmadı, bunu oxucular da hiss
edəcək. Sanki hər sual
bir mövzu,
aktrisanın cavabları isə həmin mövzuda
monoloq-çıxışıdır. Özü
də bu, oyun deyil: ömrünü səhnəyə
həsr etmiş bir
aktrisanın etiraflarıdır.
I monoloq
Haradan başladı
bu həvəs?
Mövzu:
Deyirlər ki, aktrisa olmağı arzulamayan qız yoxdu. Düzdür, zəmanənin tələbinə
uyğun olaraq, bu arzunun arxasında
fərqli niyyətlər
dayana bilər. Amma hər halda...
- Deməzdim ki, ağlım kəsəndən
aktrisa olmağı arzulamışam. Yuxarı siniflərdə
oxuyanda sinfimizə bir qız gəldi.
Elə
hey deyirdi ki, aktrisa olacağam. Mən də onun təsiri
altına düşdüm.
Bir gün anam dedi ki,
elə-belə deməklə
deyil, bəlkə bir dərnəyə, xalq teatrına gedib özünü sınayasan? Bəlkə sənin heç
aktyorluq qabiliyyətin
yoxdu? Ağlıma batdı. Elə həmin
rəfiqəmlə Semyon
Mixayloviç Şteynberqin
xalq teatrına getdim. İşə bax ki, sakit, diqqət mərkəzində olmağı
xoşlamayan mən qaldım, fəal, çevik, mənim fikrimcə, gözəgəlimli
rəfiqəm isə yox. İlk rollarımı oynayandan
sonra qəti qərara gəldim ki, təhsil almaq üçün Moskvaya gedim. Getdim, amma qəbul
ola bilməyib
Bakıya qayıtdım.
Bir il
sonra Bakıda o vaxtkı Teatr İnstitutunda rus bölməsi açıldı,
Leninqradda təhsil almış Cənnət Səlimova ilə İrina Perlovanın ilk kursuna qəbul oldum. Mən bu günədək
özümü Cənnət
xanımın yetirməsi
hesab edirəm.
II monoloq
Teatr, yenə də teatr
Mövzu:
Bütün ömrünüzü
teatra həsr etmisiniz. Sizinlə görüşə hazırlaşanda teatrın
saytındakı portfolionuza
baxdım. Ən müxtəlif
tamaşalarda rol almısınız. Yəqin ki,
uğurlu olanları da olub, nisbətən
uğursuz alınanları
da.
- Təbii ki. Tamaşaların da öz taleyi olur, uğur
gətirəni, uzunömürlüsü,
repertuardan tez çıxanı da.
Mənim
üçün rolun
yaxşı-pisi, kiçiyi-böyüyü
olmayıb. Amma «Aysedora
Dunkanın üç
ömrü» monotamaşasının
sənət taleyimdə
yeri başqadır.
Onu rəfiqəm Zemfira Hüseynova ilə monotamaşalar festivalı
üçün hazırlayırdıq.
Deməli, səhnədə elə balerinalar kimi qara trikonun
üstündən çimərlik
geyimində məşq
edirəm. Zemfira ilə
hələ hansı geyimdə səhnəyə
çıxacağıma da
qərar verməmişəm.
Birdən təsadüfən salona gələn qocaman teatr işçisi
Zemfiraya deyir ki, qoy Rita elə
bu görkəmdə tamaşanı oynasın.
Bunu mənə deyəndə əvvəlcə razılaşmadım.
Çünki mən Aysedoranı
başqa cür görürdüm. Amma
bilirsiniz, ömür boyu teatrda işləyənlərdə
qəribə bir duyum olar: onlar
tamaşaçının reaksiyasını
həssaslıqla, özü
də öncədən
duya bilirlər. Sadəcə,
bir uzun ipək şərfi boynuma doladım və bu detal
obrazı tamamladı.
Tamaşa uğurla keçdi,
mükafat qazandım.
Məni təbrik edənlər deyirdilər ki, həmin görkəm obrazın daxili aləmini göstərməyimə
mane olmurmuş.
III monoloq
Kino, klip, tanınmamaq istəyi
Mövzu:
Rita Əmirbəyova xüsusi
plastikası, ekran üçün çox maraqlı üz cizgiləri olan bir aktrisadır. Amma nədənsə kino rejissorları onu görməzdən gəliblər.
İlk dəfə 1975-ci ildə
«Azərbaycanfilm»in ekran
taleyi çox namüəyyən olan «Əgər bir yerdəyiksə» bədii filmində Solmaz roluna çəkilib.
Bir də 1989-cu ildə Eldar Quliyevin «Təxribat» filmində əsas rollardan birini ifa edib.
Vəssalam. Görəsən, niyə?
- Bilmirəm. Xasiyyətim elədir ki,
heç vaxt kimsənin qapısını
döyməmişəm, nə
teatrda, nə kinoda özümçün
rol tələb etməmişəm. Fikirləşmişəm ki, lazım bilsələr, - çağıracaqlar,
hansı obrazda görsələr - o rolu verəcəklər.
Diqqət mərkəzində olmağı
heç xoşlamıram. Neçə
il əvvəl
Ağadadaş Ağayevin
«Gecdir daha» klipində çəkildim.
Klipin az
qala hər gün televiziyada göstərildiyi vaxtlar idi. Hiss edirdim ki, ictimai yerlərdə
məni tanıyırlar.
Bir dəfə isə metroda mənimlə üzbəüz əyləşənlərin
baxışlarından yaman
sıxıldım. Tərs kimi
də klipdə geyindiyim qara manto əynimdə idi. Sonralar xeyli müddət
həmin mantonu geyinmədim. Məncə, sənətindən asılı
olmayaraq, çoxu tanınmağı sevir.
Sosial şəbəkələrə diqqət yetirin. Ən adi peşə sahibləri, evdar xanımlar belə tez-tez öz fotolarını paylaşırlar,
tanınmaq istəyirlər.
Ola bilsin ki,
insanlar sənət adamlarını daha çox, daha yaxından tanımaq istədikləri üçün
onların təkcə
fəaliyyəti ilə
deyil, həm də şəxsi həyatları ilə maraqlanırlar. Mən göz
qabağında olmağı
heç vaxt sevməmişəm.
IV monoloq
Böyük sevginin bəhrəsi
Mövzu:
Adətən sənət
adamı övladının
onun yolunu davam etdirməsini istəmir. Bəlkə də çoxları
düz edir. Çünki övlad müəyyən
yaşdan sonra da filankəsin qızı, oğlu kimi tanınacaqsa, özünün yaddaqalan uğuru olmayacaqsa, elə başqa sənət seçsə,
yaxşıdır. Amma qəribədir
ki, çox zaman valideyn elə istedadlı övladının qarşısını
kəsir. Oğlunuz Oleq
Əmirbəyov də
tanınmış aktyordur.
Atası,
Əməkdar artist mərhum
Arnold Xarçenko da çox yaxşı aktyor idi.
- Oleq böyük sevginin bəhrəsidir. Təəssüf ki, o, atasını
xatırlamır. Oğlum üçaylıq
olanda biz Arnoldu itirdik. Oleqi böyük əziyyətlə
böyütdüm. Yadınızdadırsa,
elə bir vaxt var idi,
biz teatrda aylarla maaş almırdıq.
Yaxşı ki, o zaman valideynlərim mənə
dayaq oldu. Təsəvvür etmirəm ki,
onların, rəfiqələrimin
maddi köməyi olmasaydı, uşağı
necə böyüdəcəkdim.
Amma şükür ki, əziyyətim heçə
çıxmadı. Oleq çox
yaxşı oğul, ailə başçısıdır.
Məktəbdə elə yaxşı
oxuyurdu ki, istədiyi sahəni seçib ali
təhsil ala bilərdi.
Onun sənətə gəlişinə etiraz etmək istəyəndə
yadıma düşdü
ki, valideynlərim mənim arzumu boğmamışdılar axı...
Oğlum
olduğu üçün
demirəm, amma Oleq çox istedadlı və zəhmətkeşdir. Azərbaycan dilini
mükəmməl öyrənib,
teatrdan başqa Azərbaycan Televiziyasında
işləyir. Təəssüf ki, mənim Azərbaycan dili biliyim yalnız məişət səviyyəsindədir.
V monoloq
Həyatımdakı ən vacib insan
Mövzu:
Rus Dram Teatrının
gözəl vaxtlarını
da, pis günlərini
də görmüsünüz.
Hətta
nə qədər rusdilli sənətkarın
ölkəni tərk etdiyi, ya da
dolanışıq xətrinə
sənətini dəyişdiyini
də bilirik. Amma siz dözdünüz,
sizi dolandıracaq kimsə olmadıqda da, dil maneəsinə
görə başqa bir teatrda iş
tapmadıqda da doğma teatra sadiq qaldınız. Nə vaxtsa fikrinizdən hər şeyi təzədən başlamaq keçməyib
ki...
- Keçib. Qoca nənəmə, ahıl çağlarında
valideynlərimə mən
baxmışam. Onların, oğlumun
həyatından ötrü
məsuliyyəti tək
daşımışam. Oleq böyüyüb işə
başladıqdan, ailə
qurduqdan sonra rahat nəfəs aldım. Maddi çətinliklər geridə qaldı. Uşaqlıq dostlarım, keçmiş
həmkarlarımın çoxu
dünyaya səpələnib.
Əksəriyyəti İsraildədir. Düzü, həmişəlik köçüb
getməyə də qərar vermişdim.
Son illər repertuarda
da çox məşğul deyildim.
Amma... İlk nəvəm doğuldu.
Atamın şərəfinə adını Cəmil qoyduq. Anladım ki, bu yaşımda həyatımın
ən vacib insanı dünyaya gəlib. Və mən bu uşağa uzun müddət həsrət
qala bilmərəm.
VI monoloq
Həyat
və sənət davam edir
Mövzu:
Amma səhnə həyatınız da davam edir. Bir qədər
fasilədən sonra doğma teatrda sizin yubileyinizin şərəfinə xüsusi
tamaşa hazırlanır.
- Özüm üçün
nəsə xahiş etməyi bacarmıram. Teatrın rəhbərliyi belə qərara gəlib ki, yubileyim münasibətilə
tamaşa hazırlansın.
Aleksandr Şarovskinin quruluşunda
Noel Kauardın pyesi əsasında «Bliss ailəsi»
komediyasında keçmiş
aktrisa Cudit Bliss rolunda çıxış
edəcəyəm.
İkinci, qız nəvəm dünyaya gəlib. Məşqlər və artan ailə
qayğıları həyatıma
daha da rəng
qatıb. Həyat
və sənət davam edir!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 11.