“Xaricilərə
muğamı öyrətməyin yeni metodunu yaradırıq”
“Düşünürük ki, onlar muğam sənətimizi öyrənib ölkələrinə qayıtsınlar, bizim təbliğatçılarımıza çevrilsinlər”
15 il öncə yaradılan Azərbaycan Milli Konservatoriyasının (AMK) milli musiqimizin
inkişafında, öyrənilməsində və təbliğində
böyük rolu var. AMK-nın rektoru, Xalq artisti, professor
Siyavuş Kərimi suallarımızı
cavablandırır.
- Siyavuş müəllim, zəhmət olmasa, rəhbərlik etdiyiniz təhsil ocağı haqqında bilgi verərdiniz.
- 1921-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası - BMA) musiqişünaslıq sahəsinin inkişafında, istedadlı bəstəkarların, eləcə də ifaçıların üzə çıxmasında böyük rol oynayıb. Amma milli musiqimizin daha dərindən öyrənilməsi, inkişaf etdirilməsi üçün yeni təhsil ocağının yaradılmasına gərək vardı. Prezident Heydər Əliyev 13 iyun 2000-ci il tarixində “Azərbaycan Milli Konservatoriyasının yaradılması haqqında” fərman vermişdi. Prezidentin 10 avqust 2001-ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncamına əsasən, Bakı Musiqi Akademiyasının xalq musiqisi ixtisasları üzrə müvafiq kadrları, tələbə kontingenti və tədris ləvazimatı Azərbaycan Milli Konservatoriyasına verildi, eləcə də Musiqi Kolleci və İncəsənət Gimnaziyası konservatoriyanın tərkibinə daxil edildi. Bundan sonra ətrafımıza milli musiqimizin tanınmış nümayəndələrini toplayaraq işə başladıq. Konservatoriyanın professor və müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılardan, dirijor və xanəndələrdən, bəstəkarlıq, musiqişünaslıq, ictimai fənlər sahəsində tanınan alimlərdən ibarətdir. AMK-da iki fakültə fəaliyyət göstərir: ifaçılıq və tarix-nəzəriyyə. Bu fakültələrin nəzdində 8 kafedra var. Eləcə də iki elmi-tədqiqat - milli musiqinin tədqiqi və milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyaları fəaliyyət göstərir. Əməkdaşlarımız ardıcıl elmi araşdırmalarla məşğul olur, yerli və beynəlxalq konfranslarda ölkəmizi təmsil edirlər.
Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə (tar, kamança, qanun, balaban və zərb alətləri) ifaçı və müəllim, musiqişünaslıq ixtisası üzrə tədqiqatçı və müəllim, dirijorluq ixtisası üzrə dirijor və müəllim, solo oxuma üzrə də həm ifaçı, həm də müəllim kadrlar hazırlayırıq. Hazırda 400-ə yaxın tələbəmiz var. Xarici ölkələrdən də gəlib bizdə təhsil alırlar.
Fəaliyyətə başlayanda maddi-texniki bazamız zəif idi. Çətin günlər yaşamışıq. 2006-cı ildə konservatoriyanın yeni binası tikilməyə başlandı, 2014-cü il fevralın 13-də açılışı keçirildi. İndi burada geniş imkanlarımız yaranıb. 2009-2013-cü illərdə üç beynəlxalq muğam festivalı keçirildi, qonaqları imkansızlıqdan konservatoriyaya dəvət edə bilmədik. Dördüncü beynəlxalq muğam festivalının bir sıra tədbirləri burada keçirildi, qonaqlar şəraitdən razı qaldılar. Artıq hər kəsi ürəkaçıqlığı ilə qəbul edə bilirik. Xaricdən mütəxəssislər dəvət edir, ustad dərsləri keçiririk, özümüz də səfərlərə gedirik.
- Beynəlxalq əlaqələriniz nə səviyyədədir?
- Bu məsələyə ayrıca diqqət edirik. Biz milli musiqinin inkişafı, öyrənilməsi və təbliği sahəsində mühüm işlər görmüşük. Təhsil müəssisəmiz Cənubi Qafqazda yeganə ali məktəbdir ki, Avropanın İncəsənət Universitetləri Liqasının (ELYA) üzvüdür. Qurumun rəhbərliyi ilə görüşdük və təklif etdik ki, ELYA-nın bir toplantısını Bakıda keçirək. Ötən il isə Türkiyəyə getmişdim. Orada türk mədəniyyətinin, musiqisinin inkişafına xidmət edən bir qurum yaradıldı, biz də üzv seçildik.
- Dediniz ki,
xarici tələbələriniz də var. Onlara hansı
şəraiti yarada bilmisiniz?
- Milli Konservatoriya
yaranandan sonra dünyanın müxtəlif
ölkələrindən gəlib
burada təhsil almaq istəyənlərin
sayı çoxaldı. Bu onu göstərdi ki, milli musiqimizə
dünyada böyük
maraq var. Bizdə ən çox İrandan olan soydaşlarımız təhsil
alırlar. Orada musiqi
təhsili zəifdir.
Onlar burada musiqini dərindən öyrənməyə
çalışır, yüksək
nəticələr göstərirlər.
Bundan başqa, ABŞ-dan bir qız vardı,
balaban öyrənməyə
gəlmişdi. Burada tam təhsil
alıb getdi, indi ölkəsində balaban məktəbi də açıb. Koreyadan bir xanəndə vardı, muğamı öyrənirdi. Soruşdum ki,
muğamı niyə öyrənirsiniz? Dedi
ki, öz ölkəmdə muğam
məktəbi açacağam.
Dünyada Azərbaycan muğamına
böyük maraq var və bu,
daha da artmalıdır.
Bir də görəcəyik ki, Koreyadan kimsə
bura muğam konserti verməyə gəlir. Başqa bir tələbəmiz
Latviyadan idi. Atası azərbaycanlı, anası
latış idi, dilimizi bilmirdi. O da xanəndəlik oxudu. Tacikistandan da tələbəmiz
olub. Azərbaycan musiqisi çox
cəlbedicidir.
Önümüzdəki 5 ildə konservatoriyaya xarici tələbələri
daha çox cəlb etmək istəyirik. Distant təhsil
də ala bilərlər.
Yay məktəbi açmaq istəyimiz var. Düşünürük
ki, onlar muğam və aşıq sənətimizi
oxuyub öz ölkələrinə qayıtsınlar,
bizim təbliğatçılarımıza
çevrilsinlər. Düzdür, xarici tələbələri
ölkəmizə dəvət
ediriksə, onların
burada yaşamaları
üçün gərəkən
şərait də yaratmalıyıq. Konservatoriyanın bunun üçün nəzərdə tutulan 70
yerlik yataqxanası tikilib. Onun bir mərtəbəsi
də yüksək səviyyəli qonaqlar üçün nəzərdə
tutulub.
- Konservatoriyada hansı milli alətlərimiz tədrisdən qıraqda qalıb? Daha hansı alətləri
tədris eləməyi
düşünürsünüz?
- Məmmədəli Məmmədovun
rəhbərliyi ilə
milli musiqi alətlərinin təkmilləşdirilməsi
laboratoriyası fəaliyyət
göstərir, bu sahədə böyük uğurlar əldə edilib. Konservatoriyada yalnız zərb
alətlərinin tədrisi
yoxdur. Bunun səbəbi odur
ki, musiqi məktəblərində yalnız
nağara aləti tədris olunur. O da müşayiətedici alətdir, aparıcı, solist alət deyil. Biz laboratoriyamızda
zərb alətləri
ailəsindən Azərbaycan
santurunu yaratmışıq.
İndi
o alətin ifaçısını
yetişdirməliyik. Üstəlik, alətin və ifaçının ilbəil
təkmilləşməsi olmalıdır.
İfaçı çaldıqca alətin
problemlərini öyrənəcək.
Buna isə böyük
zaman gərəkdir.
Hər bir alətimizi insanlara sevdirməliyik.
Orta əsrlərdə santur bizdə də olub. Sovet dönəmində bizdə ud aləti
də yox idi. Onu ilk dəfə Əhsən
Dadaşov Türkiyədən
gətirtdi, çaldı
və xalqa sevdirdi. Konservatoriyada ud da tədris olunmur. Bütün udçalanlar tarzənlərdir.
Mən Ə.Dadaşovun
tar sinfində oxumuşam.
Konservatoriyanı da
tar üzrə bitirmişəm.
Ud alətində Azərbaycanda
ilk caz və milli musiqi simbiozunun
ifaçısı mən
olmuşam. İstəyimiz budur ki, konservatoriyada
Şərq alətləri
kafedrası yaradaq.
İndi bizdə yeni bir alət - çəng düzəldilib,
dərsliyi də yazılıb. Ney, ud, setar, dütar
alətlərini də
tədris etmək gərəkdir. Düşünürəm
ki, hindli gəlib burada öz alətində Azərbaycan “Segah”nı çalmalıdır.
- Bəs milli alətlərimizin beynəlxalq
status qazanmasına, dünyada
tanıdılmasına necə
baxırsınız?
- Bu, çox gərəkli məsələdir. Çox istəyirik
ki, həm musiqimiz, həm də alətlərimiz beynəlxalq statusa malik olsun. Elə musiqiçilərimiz var ki, milli alətlərimizdə
yabançı mahnılar
çalırlar və
sevilir. Gitara ispan alətidir,
onu bütün dünya çalır.
Klarnet artıq milli alətimizə çevrilib.
Fikrimiz var ki, onu qara
ney aləti
kimi tədris edək. Bu alətsiz
musiqimizi düşünmək
olmur.
Niyə tarımız dünyəvi
alət olmasın, tutaq ki, onu
hansısa çinli çalmasın? Fransız kamança çalmağı
niyə bilməsin?
ABŞ-da Cefri
Verbax var, bir neçə alətimizin peşəkar
ifaçısıdır, mədəniyyətimizin
vurğunudur. O, xalqımızın,
musiqimizin çox böyük təbliğatçısıdır.
Biz Azərbaycan milli musiqi mədəniyyətinə
cavabdeh təşkilatıq.
Musiqimizin gələcəyi bizdən çox asılıdır, onu beynəlxalq səviyyədə
tanıtmalıyıq.
- Konservatoriyada hansı yeniliklər gözlənilir?
- Bu il estrada
və milli caz şöbəsi açacağıq. Başqa
bir yenilik isə odur ki,
muğam improvizə kursları yaradırıq,
hazırda onun üzərində geniş
iş gedir. Muğam improvizə kurslarını
gerçəkləşdirsək, onunla dünyaya daha geniş şəkildə çıxa
biləcəyik. Bu kurslara gəlmək istəyənlər çox
olacaq. Xaricilərə muğamı öyrətməyin
yeni metodunu yaradırıq. Biz elə edəcəyik ki, yabançılar muğamı öz alətində ifa edə bilsinlər. Bununla bağlı böyük bir heyət çalışır. Simfonik orkestr
üçün səsyazma
studiyamızın qurulması
da başa çatmaq üzrədir.
- Eşitdiyimə görə,
burada tədris sistemi tamam fərqli
qurulub. Tədrisinizin hansı özəllikləri
var?
- Düzdür, fərqli qayda-qanunlarımız var. Bizdə
tədris saat 11.00-da başlayır. İki tələbə orkestrimiz var. Hər gün 8.30-dan 10.00-a kimi orkestrlərimiz məşq
edirlər. Eləcə də
gözəl xor kollektivimiz var. Onlar da 10.00-da məşqlərini
bitirirlər. Hər gün
saat 11.00-a kimi müəllim və tələbələr ingilis
dilini öyrənirlər.
Bu, böyük zalda olur. Musiqiçilərimiz mədəniyyətimizi çox təbliğ edirlər. Ona görə ingilis
dilini bilmək gərəkdir. Düşünürük ki, bununla xarici
tələbələrin də
konservatoriyamıza marağı
artacaq.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 10.