Növbəti “Mövsüm səyahət yarmarkası” keçirildi

 

Martın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə “Park Bulvar” ticarət mərkəzində 4-cü “Mövsüm səyahət yarmarkası” keçirildi.

 

Əsasən daxili turizmin təbliği məqsədi daşıyan yarmarkada 20-dən artıq turizm şirkəti və mehmanxana öz stendləri ilə təmsil olunurdu. Ziyarətçilərə Novruz bayramı münasibətilə təşkil olunacaq ölkədaxili turlar, Bakıdakı və regionlardakı hotellərdə, istirahət mərkəzlərində keçiriləcək bayram proqramları və bu münasibətlə hazırlanan turpaketlər, eləcə də xarici ölkələrə turist səfərləri haqqında məlumatlar verildi.

Nazirliyin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi, artıq ənənə halını almış mövsüm səyahət yarmarkalarının daxili turizmə töhfə olduğunu bildirdi.

Qeyd etdi ki, belə layihələr həm turizm şirkətlərinin, həm də müştərilərin marağına xidmət edir. Paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da bu yarmarkadan geniş yararlanırlar. Sektor müdiri mövsüm səyahət yarmarkalarının bundan sonra da davamlı olaraq keçiriləcəyini dedi.

AZTA-nın icraçı direktoru Aytən Əliyeva yarmarka haqqında məlumat verdi. Bildirdi ki, artıq dördüncü dəfə reallaşan tədbirdə turizm sektorunda öz sözünü demiş şirkətlərlə yanaşı, bazara yeni çıxan şirkətlər də iştirak edir. Qeyd olundu ki, bu dəfə iştirakçı sayı ötən yarmarkaya nisbətən daha çoxdur. Bu, mövsüm yarmarkalarının əhəmiyyətinin artmasının göstəricisidir.

Yarmarkaya qatılan turizm şirkətləri həm daxili, həm də xarici səyahətlərlə bağlı çeşidli paketlər təqdim edirdilər. Ailəvi səfərlərlə bağlı turpaketlərdə müəyyən endirimlər də nəzərdə tutulur.

Moon travelturizm şirkətinin rəhbəri Elçin Rzayev deyir ki, mövsümi yarmarkanın keçirilməsi turizm şirkətlərinin təklif etdiyi marşrutlar, yeni xidmətlər haqqında məlumatları potensial müştərilərə çatdırmaq, ümumilikdə turizmin təşviqi baxımından önəmlidir: Bizyarmarkaya maraqlı təkliflərlə gəlmişik. 19-27 mart tarixlərində “Quba Rixos” hotelində “Novruz tonqalı” proqramı, 22-24 mart tarixlərində Gəncə-Göygöl-Şəmkir-Gədəbəy marşrutu üzrə, həmçinin Türkiyənin müxtəlif bölgələrinə turlar təklif edirik”.

Qafqaz” hotellər şəbəkəsinin satış agenti Cavid Binyatovun sözlərinə görə, bu tipli yarmarkalar turizm şirkətlərinin və hotellərin özlərini tanıtmasına, müştərilərlə əlaqələrin güclənməsinə xidmət edir: “Artıq dördüncü dəfədir bu yarmarkada iştirak edirik, həm həftə içi, həm də həftəsonu müştəriləri üçün maraqlı təkliflərimiz var. Novruz bayramı münasibətilə “Qafqaz Yengicə Termal & SPA Hotelkompleksi, eləcə də “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ərazisində yerləşən “Tufandağhoteli martın 19-dan 28-dək endirim kampaniyası keçirir”.

Qeyd edək ki, yarmarkaya gələnlər stendlərdəki reklam-çap materialları, bukletlər, kataloqlar vasitəsilə də daha ətraflı bilgi ala bilirdi. İştirakçı şirkətlərin təqdimatları ilə yanaşı, tədbir çərçivəsində ziyarətçilərə hədiyyə qazandıran müsabiqələr də keçirildi.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 9.