Daxili turizmdə yeni istiqamət - astro-turizm
Şamaxı rayonuna infotur zamanı iştirakçılar
yerdən göyəcən
zəngin təəssürat
aldılar
Xəbər verdiyimiz kimi,
3-4 mart tarixində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Şamaxı rayonuna astro-turizm marşrutu üzrə infotur keçirildi. Daxili turizm üzrə ixtisaslaşmış 30-dək şirkətin iştirak etdiyi səfər Şamaxı rayonunun turizm infrastrukturu və turizm marşrutlarının tanıdılması
məqsədi daşıyırdı.
İnfotur iştirakçıları "Diri Baba" türbəsini
və Şamaxı Cümə məscidini ziyarət etdikdən sonra AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı
Astrofizika Rəsədxanası
ilə yaxından tanış oldular.
Öncə rəsədxanada yaradılmış
muzeyə baş çəkdik. Muzey 2011-ci ildə istifadəyə
verilib. Burada astronomiya sahəsində
müxtəlif dövrlərdə
həyata keçirilən
elmi tədqiqatların
nəticələri sərgilənir.
Muzeyin ən qiymətli eksponatı isə 1959-cu il
noyabrın 27-də Yardımlı
rayonu ərazisinə düşən, tərkibi
92 faiz dəmirdən ibarət olan 128 kiloqramlıq meteoritdir.
Rəsədxananın baş mütəxəssisi Müşfiq
Hüseynov məlumat verdi ki,
rəsədxana AMEA Fizika
İnstitutunun Astrofizika
sektoru bazasında
1960-cı ildə yaradılıb.
Şamaxı Astrofizika Rəsədxanası
dünyanın ən böyük rəsədxanalarından
biridir. Burada səma cisimlərinin
tədqiqi ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş
və geomaqnit fəallığının yerüstü
texnoloji sistemlərin fəaliyyətinə, insan
da daxil olmaqla, bioloji orqanizmlərə təsiri
öyrənilir. Rəsədxana dəniz səviyyəsindən
1500 metr hündürlükdə
yerləşir və çətin müşahidə
edilən cənub göyünün öyrənilməsində
dünyanın bir çox rəsədxanaları
ilə müqayisədə
müəyyən üstünlüklərə
malikdir. Burada aydın
gecələrin sayı
ildə 190-200-ə çatır.
Qeyd olundu ki, Prezident
ilham Əliyevin 5 sentyabr 2008-ci il və 21 iyul 2009-cu il sərəncamları ilə Şamaxı Astrofizika Rəsədxanasının
həyatında yeni mərhələ başlanıb,
rəsədxananın maddi-texniki
bazası möhkəmləndirilib,
əsaslı təmir
və yenidənqurma işləri aparılaraq,
yeni binalar və qurğular istifadəyə verilib. Yenidənqurma işlərindən
sonra Şamaxı Astrofizika Rəsədxanası
regionun ən güclü və ən əhəmiyyətli
rəsədxanalarından birinə
çevrilib: “Rəsədxanada
üç əsas istiqamətdə elmi işlər görülür
- ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası
və fizikası, Günəş fizikası.
Bu elm ocağında indiyədək minlərlə
səma cisminin xassələri öyrənilib,
rəsədxana bir sıra kosmik proqramlarda bilavasitə iştirak edib. Rəsədxana əməkdaşlarının əldə etdikləri elmi nəticələr dünya alimləri tərəfindən yüksək
qiymətləndirilib, 20-dək əməkdaş bir sıra beynəlxalq elmi təşkilatlara üzv seçilib. Marsda və Ayda bir
neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının
adı ilə adlandırılıb”.
Daha sonra ərazidəki ən böyük teleskopla tanış
olduq. M.Hüseynov məlumat verdi
ki, Şamaxı Astrofizika Rəsədxanasında
6 teleskop fəaliyyət
göstərir: “Rəsədxana
ərazisində olan ən böyük teleskopun diametri 2 metrdir. Bu teleskop
Almaniya istehsalıdır
və 1966-cı ildə
quraşdırılıb. Bu tip teleskop dünyada 4 ölkədə - Azərbaycan,
Almaniya, Bolqarıstan və Çexiyada mövcuddur”. Qeyd olundu ki, Şamaxı Astrofizika Rəsədxanasında aparılan
yenidənqurma işləri
nəticəsində teleskoplar
müasir texnologiyalarla
təmin edilərək,
tam avtomatlaşdırılıb. Qeyd edək ki, burada
mövcud olan teleskoplar insan gözünün görmə
qabiliyyətindən 110 milyon
dəfə güclüdür.
Tur iştirakçılarına
rəsədxananın turizm
infrastrukturu, astro-turizm
turlarının təşkili
ilə bağlı təqdimat keçirildi. Bunun üçün
müvafiq şərait
yaradılıb. Turistlərin
marağına səbəb
ola biləcək
“kosmos gecələri”
təşkil olunacaq. Səyyar teleskoplar vasitəsilə turistlər kosmosu müşahidə edə biləcəklər. Həmçinin rəsədxananın əməkdaşları
tərəfindən burada
keçirilən elmi tədqiqatlarla bağlı
turistlərə geniş
məlumat veriləcək.
Ərazidə turistlərin rahat
istirahət etmələri
üçün də
şərait yaradılıb.
4, 6 nəfərin rahat gecələyə biləcəyi 1 və 2 mərtəbəli kotteclər
fəaliyyət göstərir.
İnfotur çərçivəsində “Şimal-qərb bölgəsinin əfsanələri” adlı mədəni turizm marşrutunun təqdimatı da oldu. Mədəniyyət və Turizm Nazirliyinin yeni yaratdığı marşrut Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən rayonlarını əhatə edəcək. Bu turizm marşrutunda əfsanələrlə bağlı tarixi abidələr ziyarət ediləcək yerlər sırasına daxil edilib. Turizm şirkətləri ilə qarşılıqlı müzakirələr aparılaraq marşruta əlavələrin olunması qərara alındı. İnfotur martın 4-də başa çatdı.
Fariz
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 9.