Xeyirxahlıq
xanımları birləşdirir
Martın 6-da Beynəlxalq
Qadınlar Klubu Azərbaycan Dövlət
Filarmoniyasının foyesində yerli məhsullar,
sənət əsərləri və əl işlərindən
ibarət «Novruz bazarı» xeyriyyə sərgisi
keçirdi. Sərgidən əldə
edilən gəlir klubun himayə etdiyi Saray, Şüvəlan,
Şağan və Salyan
uşaq evlərinə, Daun
Assosiasiyasına və ölkədəki üç
qocalar evinin sakinlərinə
xərclənəcək.
Gün boyu davam edən sərgidə nələr yox idi... Artıq çoxdan bəri beynəlxalq bazarda da tanınan xalçaçılıq şirkətinin məhsullarından müxtəlif janr və incəsənət sahələrində çalışan peşəkar və həvəskar rəssamların, toxucuların, tikmə ustalarının çeşidli əl işlərinədək, mətbəx üçün qazan-qablardan qonaq otağı, ofis interyeri bəzəyi olmağa layiq muncuq fiqurlar, müxtəlif texnikalarda fərqli materiallardan hazırlanmış qadın bəzəkləri göz oxşayırdı. Burada milli şirniyyatımız, Novruz atributları və xonçaları da yer almışdı. Necə deyərlər, hər evə lazımlı, hər ocağa, xüsusən də xanımlara gərəkli xeyli məmulat satış-sərgiyə çıxarılmışdı.
Bakıda fəaliyyət göstərən Beynəlxalq Qadınlar Klubunun (BQK) prezidenti, çoxunun ölkə telekanallarının efirindən tanıdığı həkim Racani Çandra D’Mello məlumat verdi ki, qurum 21 ildir fəaliyyət göstərir. Azərbaycandakı xarici ölkə səfirliklərinin, beynəlxalq şirkətlərin qadın əməkdaşları, ailə vəziyyəti ilə əlaqədar ölkəmizdə yaşayan əcnəbi və azərbaycanlı xanımların xeyirxah niyyətlə birləşdiyi qurumun iki yüz nəfərdən çox üzvü var. BQK hər il əlamətdar günlərdə, bayramlarda hamiliyə götürdüyü ailə qayğısından məhrum şəxslərə yardım göstərir. Xanım D’Mello deyir ki, əvvəllər BQK uşaq evlərində daha çox abadlıqla məşğul olur, həyətlərdə uşaq meydançaları quraşdırır, xırda təmir işlərinə vəsait ayırırdı. Amma Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqların tərbiyə aldığı internat və uşaq evlərini tam qayğı ilə əhatə etdiyindən klub artıq bu cür tədbirlərdən toplanan vəsaitə yalnız uşaqları, kimsəsiz qocaları sevindirmək üçün hədiyyələr alır, həmin müəssisələrin bəzi qayğılarını qarşılayır.
… Çox zaman xəbər portallarında Avropa ölkələrində Milad bayramı, Yeni il ərəfəsində bayram bazarlarının təşkil edilməsi barədə xəbərlərin bolluğuna bir qədər həssaslıq və həsədlə yanaşmışıq. Amma bütün bayramlarda, o cümlədən bizim müqəddəs saydığımız Novruz bayramı ərəfəsində də bu cür bazarları, yarmarkaları təşkil etməyə dəyər. Çünki ilin əziz günlərində kimlərisə sevindirmək elə öz bayram ovqatını birə-beş yaxşılaşdırmağa bərabərdir. Axı, sevinc paylaşınca artar.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 8.