“Gözəllik nuru” - qadın və təbiətin zərifliyi
Ənənəvi bayram layihəsi bahar dirçəlişini qadın obrazında təcəssüm etdirir
Martın
4-də Muzey Mərkəzinin
qalereyasında Mədəniyyət və Turizm
Nazirliyi, Muzey Mərkəzi,
Milli Musiqi
Şurası və “Kukla” Art
Qalereyasının birgə təşkilatçılığı
ilə “Gözəllik nuru” layihəsinin
növbəti təqdimatı keçirildi.
8 Mart - Beynəlxalq Qadınlar
Gününə həsr olunmuş ənənəvi layihə bu dəfə sərgi və konsertin
sintezi şəklində təqdim edilərək
həyatın bahar dirçəlişini
qadın obrazında təcəssüm etdirir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan qadınının mədəni-ictimai həyatda rolundan danışdı, bayram münasibətilə bütün xanımları təbrik etdi.
Bildirildi ki, son illərdə ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısı, həmçinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə mədəniyyətin bütün sahələrində irəliləyişin şahidiyik. Ölkəmizdə, eləcə də xaricdə keçirilən beynəlxalq müsabiqə və festivallarda xanım sənətkarlarımız uğurla iştirak edirlər. Gələcək nəslin vətənpərvər ruhda tərbiyə olunmasında qadınlarımızın rolu əvəzsizdir. Hər bir gəncin doğru-düzgün əxlaqının formalaşması, inkişafı zərif ana çiyinlərinin üzərinə düşür.
Ədalət Vəliyev tədbirdə iştirak edən qadınlara və onların simasında Azərbaycan xanımlarına bayram münasibətilə xoşbəxtlik, ailə səadəti, cansağlığı arzuladı.
“Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənət və həyatda rolu ideyasına həsr olunub. Hər il bahar fəslinin gəlişi ərəfəsində gerçəkləşən layihə həm də qadın və təbiəti bir-birinə doğma edən həyatın başlanğıcının rəmzidir. Qadın kainatın rəngarəng gözəlliyini tərənnüm edərək, incə ştrixlərlə Azərbaycan rəssamlarının sənət əsərlərində əksini tapır.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin təqdim etdikləri bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Şagirdlərin ifasında Vaqif Mustafazadənin “Mart”, “Qadın ətri” kinofilmindən tanqo, Fikrət Əmirovun “Azərbaycan elləri”, J.Kosmanın “Xəzan yarpaqları”, Tofiq Quliyevin “Qaytağı” və digər əsərlər mərasimə xüsusi rəng qatdı.
Sonra sərginin açılışı keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.
Qadın zərifliyi və incəsənətin müxtəlifliyini əks etdirən sərgidə rəssamlarımızın bir-birindən maraqlı əsərləri yer alıb. Mir Nadir Zeynalovun “Çiçəklənən ərik”, Hüseyn Haqverdiyevin “Bahar” seriyasından olan tablolar, Emin Əsgərovun “Kolleksiya”sındakı zərif kəpənək və pərvanələri də baharın gəlməsinə şahidlik edir. Əsərlər sırasında Arif Hüseynovun “Şərq motivləri”nin ecazkarlığına, Mehriban Əfəndinin “Ruhun krallığı”nın sehrinə də düşmək olur. Sakit Məmmədovun “Bayram” tablosu isə sanki insan emosiyalarının inikasıdır.
Sərgidə heykəltəraşlıq, kukla art nümunələri hər bir tamaşaçını heyran edə biləcək dərəcədə gözəlliyə malikdir. Ekspozisiya martın 8-dək nümayiş olunacaq.
Lalə
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 8.