Tələbə-aktyorlar “Ölülər”i təqdim ediblər

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FondununAuditoriya+” layihəsi çərçivəsində ilk dəfə tələbələr öz yaşıdları qarşısında tamaşa göstəriblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dördüncü kurs tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini oynayıblar.

Tamaşadan əvvəl ADPU-nun tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev gənclərdə sənətə, teatra, klassik ədəbiyyata sevgi aşılamağın vacibliyini vurğulayıb, təşəbbüsə və təşkilatçılığa görə Bilik Fonduna minnətdarlığını ifadə edib.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı qurumun maarifçilik missiyasından söhbət açıb. Bildirilib ki, ADPU-da dram dərnəyinin yaradılması, ADMİU-nun tələbələrinin öz həmyaşıdları qarşısında çıxış etməsi də bu missiyanın istiqamətlərindəndir.

Sonra səhnə tələbə-aktyorlara verilib. ADMİU-nun dosenti, Əməkdar artist Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirilmiş tamaşa müəllim və tələbələrin marağına səbəb olub.

Məmməd Səfa həm də ADPU-da Bilik Fondunun dəstəyi ilə yaradılan “Mizanaktyorluq dərnəyinin müəllimidir. Dərnəyin üzvü olan tələbələr hazırda M.F.Axunzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” əsərini səhnələşdirirlər.

Bilik FonduAuditoriya+” layihəsi çərçivəsində paytaxtla yanaşı, bölgə gənclərini də klassiklərin əsərləri ilə tanış etməyi nəzərdə tutur.

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 7.