TÜRKSOY-un Gənclər Kamera
Orkestri Qlazqoda
çıxış edəcək
Beynəlxalq Musiqi Təhsili Birliyinin (İSME) bu il 32-ci dünya konfransı Böyük Britaniyada, 33-cü konfransı isə 2018-ci ildə Türkiyədə keçiriləcək. TÜRKSOY-un baş katibi Düsen Kaseinov İstanbul Texniki Universitetinin Konservatoriyasında İSME-nin konfranslarına hazırlıq iclaslarında iştirak edib.
Müzakirələrə İSME ilə yanaşı, Türk Dünyası Musiqi Təhsili Birliyi (TÜRKMEB) və Musiqi Təhsili Dərnəyinin (MÜZED) rəhbərləri də qatılıblar.
Toplantı çərçivəsində, həmçinin bu il mayın 6-9-da Türkiyənin Bolu şəhərində təşkili nəzərdə tutulan II Beynəlxalq İpək Yolu Konfransına və İSME-nin idarə heyətinin bir iclasının 2017-ci ildə Ankarada TÜRKSOY-un mərkəzi qərargahında keçirilməsinə dair məsələlər müzakirə edilib.
Toplantıda TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Qlazqo şəhərində keçiriləcək İSME konfransı çərçivəsində konsert proqramı ilə çıxış etməsi barədə müzakirələr də aparılıb. Qeyd edək ki, bununla bağlı tərəflər arasında daha öncə razılıq əldə olunmuşdu. Orkestrin Qlazqoda konsert proqramı ilə bağlı yekun qərar qəbul olunub.
Bununla yanaşı, qeyd olunub ki, TÜRKSOY türk dünyasında musiqi ali təhsil qurumlarının İSME-nin fərdi və qrup üzvlüyünə qəbuluna, gələcəkdə isə beynəlxalq təmsilçilik statusu almalarına vasitəçilik edəcək. “Yalnız Türkiyəni deyil, eyni zamanda türk dilində danışan ölkə və bölgələri də əhatə edən bu beynəlxalq sənət layihəsinin bir parçası olmaqdan qürur hissi keçirirəm”, - deyən İSME-nin rəhbəri Li Haggins bildirib.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 5.