Dünya Turizm Forumunun iştirakçılarına milli səhər yeməyi təqdim olundu
“Ümid edirik ki, bu görüşdən sonra siz Azərbaycana gəlməyi öz dostlarınıza məsləhət görəcəksiniz”
Xəbər verdiyimiz kimi, martın
5-6-da Bakıda Lüsern Dünya
Turizm Forumunun Beyin Mərkəzinin (Think
Tank) toplantısı keçirilib.
Toplantının ilk günü
iştirakçılar “Fairmont Baku” hotelində rəsmi səhər yeməyində
bir araya gəldilər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı, onları ölkəmizdə görməkdən məmnun olduğunu vurğuladı. Nazir səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” hesab olunan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışdı.
Qeyd etdi ki, ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü seçilərək, bu təşkilatla sıx əlaqələr qurub. Ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə yanaşı, bu sahədə beynəlxalq əməldaşlığa da xüsusi önəm verilir: "Bu gün turizmdən gələn gəlir Azərbaycan iqtisadiyyatının 4,5 faizini təşkil edir. Biz bu sahənin inkişafı üçün daha səylə çalışırıq. Ümid edirik ki, bu görüşdən sonra siz Azərbaycana gəlməyi öz dostlarınıza məsləhət görəcəksiniz. Biz əminik ki, şəxsi dostluğumuz, əməkdaşlığımız, müzakirələrimiz, görüşlərimiz və bizim dünya turizm sektoru haqqında fikir mübadiləmiz bizi yeni mərhələyə çıxaracaq".
Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, səhər yeməyində qonaqlara ölkəmizin yeni brendi olan "Azerbaijan breakfast" təqdim olunub: "Bu bizim ölkənin səhər yeməyi brendidir. Biz bu brendi hotellərimizdə təqdim edirik. Məlumat üçün deyim ki, əgər siz bizim səhər yeməklərinin hamısını dadmaq istəyirsinizsə, ən azı iki həftə burada qalmalısınız. Çünki məhz bu müddət ərzində biz sizə bir-birini təkrarlamayan yeməklər təqdim edə bilərik".
Daha sonra çıxış edən Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğuladı. O, ölkəmizə növbəti səfərindən məmnunluğunu bildirərək, Azərbaycan xalqının qonaqpərvərliyindən söz açdı. Ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd edən Taleb Rifai Lüsern Dünya Turizm Forumunun da layiqincə keçiriləcəyinə əminliyini dilə gətirdi.
Lüsern Dünya Turizm Forumunun sədri Reto Vitterver müasir dövrdə turizmin dünya iqtisadiyyatında önəmindən danışdı. Qonaq vurğuladı ki, Azərbaycan dünyada enerji resursları ilə zəngin ölkə kimi tanınmasına baxmayaraq, böyük turizm potensialına da malikdir.
Daha sonra "Azerbaijan breakfast" menyusunda yer alan milli səhər yeməyi nümunələrinin dadına baxan forum iştirakçılarına Azərbaycanın turizm potensialından bəhs edən videoçarx da nümayiş olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 4.