Sağlamlıq turizmi ilə bağlı işgüzar
görüş keçirildi
Martın
4-də “Excelsior Baku”
hotelində “First Fairs
& Events” şirkətinin təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Sağlamlıq və
Termal Turizmə Dəstək İctimai Birliyinin dəstəyi
ilə sağlamlıq turizminə dair işgüzar görüş
keçirildi.
Təcrübə mübadiləsi, yeni faydalı əməkdaşlıqların qurulması məqsədi daşıyan tədbirdə MDB və Avropa ölkələrindən də sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən şirkətlər təmsil olunurdu.
Görüşü tibb və sağlamlıq turizmi üzrə beynəlxalq layihələr həyata keçirən “First Fairs & Events” şirkətinin biznesin inkişafı və marketinq departamentinin müdiri Nataliya Ostapenko açaraq tədbirin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.
O, tədbirin əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, bu formatda görüşləri digər MDB ölkələrində hər il təşkil edirlər və növbəti tədbirin Bakıda keçirilməsi təsadüfi deyil: “Əsas məqsədimiz sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirmək, onlar arasında koordinasiyanı, işgüzar münasibətləri genişləndirməkdir. Hesab edirik ki, bu görüş yeni, daha perspektivli işbirliyi üçün yaxşı platforma olacaq, əcnəbi qonaqlarımız Azərbaycanın bu sahədə təklif etdiyi xidmətlər barədə geniş informasiya əldə edə biləcəklər”.
Sonra çıxış edən Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev ölkəmizdə bu turizm istiqaməti üzrə görülən işlərdən danışdı. O, Azərbaycanın sağlamlıq turizmi sahəsində böyük potensialının, ənənələrinin olduğunu dedi.
Diqqətə çatdırdı ki, hazırda Naftalan şəhərində “Naftalan Hotel by Rixos”, “Chinar Hotel & Spa”, Şabran rayonunda “Qalaaltı Hotel & Spa”, Qəbələdə «Qafqaz Yengice Thermal Hotel & SPA», Naxçıvanda “Duzdağ” fizioterapiya mərkəzi kimi müasir sağlamlıq turizmi kompleksləri fəaliyyət göstərir: “Biz bu xidmətləri Türkiyədən, Rusiyadan və Avropa ölkələrindən olan turistlərə təklif etmək, onları Azərbaycana cəlb etmək istəyirik. Artıq “Qalaaltı” kurortu Avropa Termal Şəhərlər Assosiasiyasına tamhüquqlu üzv qəbul edilib. Çalışırıq ki, ölkəmiz Avropanın termal turizm xəritəsində öz yerini tutsun, bu sahəyə həm turist, həm də investisiya cəlb olunsun. Azərbaycanın sağlamlıq turizmi baxımından olduqca böyük imkanları var və bu görüşlər də mövcud potensialın reallaşdırılmasına hesablanıb”.
Tədbir iştirakçıların təqdimatları, işgüzar fikir mübadiləsi və müzakirələrlə davam etdi.
Sadiq Musa
Məədəniyyət.- 2016.- 8
mart.- S. 4.