Dünya Turizm Forumunun Beyin Mərkəzi
Bakıda toplandı
5-6
mart tarixində Azərbaycan paytaxtı dünya turizminin ən
mötəbər təsisatlarından biri
olan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin
(Think Tank)
toplantısına ev sahibliyi
etdi. İsveçrənin Lüsern
şəhərində əsası qoyulan
forum dünya qonaqpərvərlik
sənayesində yeri və önəmi
baxımından bu ölkənin digər şəhərində
- Davosda keçirilən Dünya
İqtisadi Forumu ilə
müqayisə edilir və “Turizm Davosu” kimi tanınır.
Martın 6-da “Fairmont
Baku” hotelində Lüsern
Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) toplantısı
keçirildi. “İnkişaf
edən istiqamətlərdə
uğurun faktorları”
mövzulu toplantıda
dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən
bir sıra yüksək səviyyəli
şəxslər iştirak
edirdi. Toplantıda
növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti,
yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr
aparıldı.
Toplantıda mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev turizmin inkişafı üçün infrastruktur,
nəqliyyat və maliyyənin əhəmiyyəti,
turizm və qonaqpərvərlik sənayesinin
iqtisadiyyatı balanslaşdıran
faktor kimi rolu, sosial və
ətraf mühit amilləri mövzusunda geniş məruzə ilə çıxış
etdi.
Nazir əvvəlcə Azərbaycanda
turizmin formalaşması
haqqında ətraflı
məlumat verdi.
Bildirdi ki, ölkəmizdə bu prosesin tarixi sovet dövrünə təsadüf edir: "O dövrdə SSRİ ərazisində
Xəzər və Qara dənizlərin sahillərində yaradılmış
istirahət zonaları
məşhur idi. Azərbaycanda da bir sıra turizm müəssisələri yaradılmışdı.
Sovet İttifaqı dağıldıqdan
sonra bu sahədə durğunluq yaşandı. Ermənistanın təcavüzü nəticəsində
ərazilərimizin 20 faizi
işğal edildi, 1 milyondan artıq vətəndaşımız öz
doğma torpaqlarından
didərgin düşdü.
Doğma
torpaqlarından qaçqın
düşmüş vətəndaşlarımızı
turizm obyektlərində,
sanatoriyalarda da məskunlaşdırdıq. Müharibə işğal olunan
torpaqlarımızda mövcud
olan infrastrukturun dağıdılması, tarixi
mədəniyyət abidələrimizin
məhv edilməsi ilə nəticələndi,
bütövlükdə ölkə
iqtisadiyyatına olduqca
mənfi təsir göstərdi".
Nazir diqqətə çatdırdı
ki, ötən əsrin 90-cı illərinin
ikinci yarısından
etibarən ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
ilə ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoydu, o cümlədən turizm sektoru da dirçəlməyə
başladı: "Son dövrlər
ölkəmizdə turizm
infrastrukturunun yaradılması
istiqamətində böyük
işlər görülüb.
Yeni turizm, istirahət və əyləncə mərkəzləri, hotellər
və ölkənin bütün regionlarını
birləşdirən geniş
yol infrastrukturu yaradılıb. Hazırda ölkəmizdə
ən müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
Orta hesabla hər il
20-25 yeni hotelin açılışını edirik. Onların böyük əksəriyyəti
4, 5 ulduzlu hotellərdir.
İndi isə 2, 3 ulduzlu hotellərin tikilməsi üçün sahibkarlara
öz dəstəyimizi
veririk. Bu infrastrukturun yaradılmasında
ətraf mühitin və ekologiyanın qorunmasına xüsusi diqqət yetiririk".
Əbülfəs Qarayev daha sonra
turizm sahəsinin inkişaf etdirilməsində
beynəlxalq təşkilatlarla
əməkdaşlıqdan danışdı. Vurğuladı ki, beynəlxalq təcrübənin öyrənilib
ölkəmizdə tətbiq
edilməsi, həmçinin
beynəlxalq əməkdaşlığın
gücləndirilməsi Prezident
İlham Əliyevin diqqət mərkəzindədir.
Ölkəmiz 2013-cü ildə
Ümumdünya Turizm Təşkilatının İcraiyyə
Şurasına üzv
seçilib: "Azərbaycan
son illər bir çox mədəniyyət,
idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən
ənənə halını
almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına ev sahibliyi edir.
Belə tədbirlər də ölkəmizə turistlərin
cəlb olunmasına öz müsbət təsirini göstərir.
Həmçinin turizm kadrlarının
hazırlanması istiqamətində
bir sıra ölkələrlə fəal
əməkdaşlıq edirik.
Azərbaycan Turizm və
Menecment Universiteti ilə Avstriyanın
İMC Krems Tətbiqi
Elmlər Universiteti arasında əməkdaşlıq
yüksək səviyyədə
davam edir".
Nazir ölkəyə turist axınının gücləndirilməsi üçün vizaların verilməsi sahəsində də islahatların aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycana səfər etmək istəyən hər bir xarici vətəndaş elektron qaydada müraciət etməklə ən geci 5 gün müddətində elektron viza əldə edə bilər. Bir sıra ölkələrin vətəndaşları isə birbaşa hava limanında viza əldə etmək imkanına malikdir.
Turizmin inkişaf etdirilməsində müasir texnologiyalardan istifadənin əhəmiyyətini diqqətə çatdıran Əbülfəs Qarayev ölkəmizdə bu sahədə də önəmli addımların atıldığını qeyd etdi. Bildirdi ki, "Gomap.az" elektron xəritə xidməti fəaliyyət göstərir: "Bu elektron xidmət vasitəsilə hər bir turist ölkəmizdə mövcud olan turizm müəssisələri, hotellər, tarixi abidələrin ünvanları və bu ünvanlara necə getmək haqqında məlumat ala bilər. Həmçinin taksi ilə gediləcək yola ödəniləcək məbləğ də göstərilir. Bizim yaratdığımız elektron xəritə xidmətinə Türkiyə və Gürcüstan da qoşulub".
Sonra Əbülfəs Qarayev forum iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai və tədbirin moderatoru, Lüsern Dünya Turizm Forumunun icraçı direktoru Martin Bart və digər iştirakçılar Azərbaycanı Şərqlə Qərb mədəniyyətinin qovuşduğu zəngin tarixə və mədəniyyətə malik olan bir ölkə kimi xarakterizə etdilər. Qeyd olundu ki, Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq, yüksək qonaqpərvərlik və əsrarəngiz təbiət burada turizmin bütün sahələrinin inkişaf etdirilməsinə şərait yaradır.
Forum daha sonra müxtəlif mövzularda müzakirələrin aparılması ilə davam etdi.
Fariz
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 3.