Müsbət enerjili sərgi

 

Martın 7-də “1969” qalereyasında Gürcüstanda yaşayan soydaşımız, rəssam Rizvan İsmayılın rəngkarlıq əsərlərindən ibarət “Müsbət enerji” adlı sərgisinin açılışı keçirildi.

Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərgi haqqında məlumat verdi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Rizvan İsmayılın əsərləri ilə ilk dəfə bu sərgidə tanış olduğunu, rəsmlərin onda dərin təəssürat yaratdığını bildirdi. Nazir müavini rəssamın maraqlı mövzulara toxunduğunu, insanda gözəl duyğular yaradan rənglərdən ustalıqla istifadə etdiyini vurğuladı.

Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov rəssamın əsərlərindəki bəşəri və milli dəyərlərdən danışdı.

Sərginin təşkilində əməyi keçən, Əməkdar rəssam Sakit Məmmədov Rizvan İsmayılın sənətdə özünəməxsusluğundan söz açdı, bu sərginin iyunun 10-da Luvr muzeyində də nümayiş olunacağını bildirdi.

Sonda rəssam R.İsmayıl sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Sərgidə rəssamın 50-yə yaxın əsəri nümayiş olunur.

Rizvan İsmayıl 1969-cu ildə Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin bədii tərtibat fakültəsində təhsil alıb. Keçən il Gürcüstan Rəssamlıq Federasiyasının üzvü seçilib.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 2.