“Zaman
adlı qatar”
Nizami Kino Mərkəzində növbəti qala-gecə
Martın 7-də Nizami Kino Mərkəzində rejissor Kənan Musayevin “Zaman adlı qatar” filminin qala-gecəsi keçirilib.
Mərasimdə çıxış edən rejissor bildirib ki, film bütün analara həsr edilir və hər şeydən əvvəl ana sevgisinin dəyəri barədə danışır: “Analar həmişə öz övladları üçün hər bir qəhrəmanlığa, fədakarlığa hazırdırlar. Filmimiz də bu barədədir - analar, onların etdiyi fədakarlıqlar...” Ekran əsəri 2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilib.
Filmdə övladını və gəlinini itirən ana obrazını canlandıran Xalq artisti Həmidə Ömərova onu ən çox cəlb edən məqamlar haqqında fikirlərini bölüşüb: “Filmin əsas ideyası məhəbbət, uşağa qayğı, sevgidir. Hər bir qadının missiyası analıqdır. Biz dünyaya ana olmaq üçün gəlmişik və analıq borcumuzu ömrümüzün axırına qədər yerinə yetirməliyik. Əgər bu film zaldan ona tamaşa edənlərə məhəbbət, yaxşı duyğular, xeyirxah hisslər aşılayacaqsa, deməli onu çəkməyə dəyərdi”.
Əməkdar incəsənət xadimi Ayaz Salayev: “Sözün düzü, mən bu filmdə balaca bir rola çəkilmişəm. Aktyorluq sənəti mənim peşəm deyil. Amma tələbə vaxtlarından Moskva Kinematoqrafiya İnstitutunda xırda rollara çəkilirdim. Azərbaycanda bir neçə dəfə çəkilmişəm. Peşəkar aktyor olmasam da, bu sənət xoşuma gəlir”.
Yaradıcı kollektivin üzvləri filmin müasir Azərbaycan kinematoqrafiyasında yaddaqalan hadisə olacağına ümid etdiklərini söyləyiblər.
Sonra film təqdim edilib. Ekran əsərində xalq artistləri Həmidə Ömərova, İlham Əsgərov, Əməkdar artist Suğra Bağırzadə, Oksana Rəsulova, Vüsal Murtuzəliyev, Könül Nağıyeva, Murad Məmmədov, Şəhriyar Əbilov və digərləri çəkiliblər. Bu, mərhum aktyor İlham Əsgərovun kinoda son rolu olub.
Filmin ideya
müəllifi Kənan Musayev, ssenari müəllifi Nərgiz Bağırzadə,
operatoru Yura Varnovski, bəstəkarı İnarə Rəsulova,
baş prodüseri Valeri İlişayevdir. “Zaman adlı qatar”
martın 31-dən şəhərin bütün
kinoteatrlarında nümayiş olunacaq.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 16.