Vətən istiqlalından ruh
alan şair
Ötən yüzilliyin əvvəllərində
Sabir ədəbi məktəbinin davamçılarından
biri də jurnalist, tərcüməçi
Əliabbas Münzib olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından ruhlanaraq mətbuatda dövlətçilik
ideyalarını fərəhlə
təbliğ edib. Sovetlər qurulandan sonra şair dəfələrlə təqib
olunub, illərlə sürgün həyatı
yaşayıb.
Əliabbas Mütəllib oğlu Əhmədov (Müznib)
1883-cü ildə Bakıda
dünyaya göz açıb. İlk təhsilini evdə
anası Reyhan xanımdan alıb. Sonra təhsilini mədrəsədə
davam etdirir. Maddi çətinlik üzündən
mədrəsədən ayrılır,
atasının yanında
daş yonur, xarratlıq edir. Bütün bunlara baxmayaraq, o, ali
təhsil almaq arzusu ilə yaşayır, mütaliəsini
artırır. İti
hafizəsi hesabına
fars və
ərəb dillərini
öyrənir. Ədəbi yaradıcılığa
başlayır və
1907-ci ildə ilk məqaləsi
“Şərqi-Rus” qəzetində,
ilk şeiri isə “Təzə həyat” qəzetində dərc olunur. Beləliklə,
onun Mirzə Ələkbər Sabir, Seyid Hüseyn, Abbasqulu Kazımzadə, Məmmədəli Rəsulzadə
və Kərbəlayı
Vəli Mikayılov kimi milli düşüncəli
ziyalılarla dostluq əlaqələri yaranır.
“Molla Nəsrəddin”
jurnalı ilə də əməkdaşlığa
başlayan Ə.Müznib
burada “Mürtəd” və “Bambılı” imzaları ilə kiçik məqalələrlə
çıxış edir. Jurnalın
redaksiyasında M.Ə.Sabirlə
tanış olur. Bu tanışlıq
və dostluq onun yaradıcılığına
ciddi təsir göstərir. Şeir dili
mürəkkəb ərəb-fars
tərkiblərindən təmizlənir
və üslubunda publisist ahəng güclənir. İlk satirik
yazısı 1909-cu ildə
“Zənbur” jurnalında
işıq üzü
görür. Maraqlı
ədəbi yaradıcılığı
ilə diqqətləri
özünə cəlb
edir və 1910-cu ildə “Zənbur”un baş redaktoru təyin olunur. O, daha sonra “Hilal” qəzetinin
və “Şihabi-saqib”
jurnalının nəşrinə
nail olur. Lakin hər iki mətbu orqan qısa müddətdə
fəaliyyətini dayandırır.
1910-cu ildə “Hilal”ın həddindən
artıq tənqidçi
ruhu və ifşaçılığı ilə diqqəti çəkən ilk sayı
hələ mətbəədə
ikən müsadirə
olunur.
Tiflis məhkəməsinin qərarı ilə həbs edilən naşir xalqı dövlətə qarşı
üsyana çağırdığına
görə Sibirə sürgünə göndərilir. 1913-cü ilin əvvəllərinə
kimi sürgün həyatı yaşasa da, amalından dönmür.
Filologiya
üzrə fəlsəfə
doktoru Qərənfil Dünyaminqızı araşdırmasında
qeyd edir ki, Ə.Müznibin sürgündən həyat
yoldaşı Səriyyə
xanıma yazdığı
məktubda belə bir cümlə var: “Vətən övladıyam, zülm-zillət
istirahətdir mənə”.
Xoşbəxtlikdən tale onun üzünə
gülür. Romanovlar sülaləsinin
300 illiyi ilə əlaqədar çar II Nikolay əfv fərmanı imzalayır.
Ə.Müznib 1913-cü ilin iyulunda
vətənə qayıdır.
Ə.Müznibin vətənə gəlişi
bəzi “soydaş”larının
da ürəyincə olmur. O, guya məqalələrində
dini tənqid edir və ruhaniləri
ələ salır. Şeyx Molla Qəni tərəfindən Ə.Müznibin
ölümünə fətva
verilir. Dövrün vətənpərvər ziyalılarının köməkliyi
ilə o bu bəladan da qurtulur.
Şair-publisist 1914-cü ildə Azərbaycan ictimai-siyasi həyatında
maraqla izlənən “Dirilik” jurnalının nəşrinə icazə
alır. Sonra qələmdaşları ilə birlikdə “Açıq söz” qəzetini nəşr etdirirlər. O, həmçinin
“Molla Nəsrəddin”
jurnalının təsiri
ilə nəşr olunan “Babayi-Əmir”
(1914-1916) və “Şeypur”
(1918-1919) satirik jurnallarının
da redaktoru və naşiri olur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətin qurulmasından ruhlanan Ə.Müznib “Azərbaycan”,
“İstiqlal” və “Bəsirət” qəzetlərində
dövlətçilik ideyalarını
fərəhlə təbliğ
edir. “Azərbaycan” qəzetində bir-birinin ardınca “Azərbaycan istiqlalı”, “Azərbaycan
təfriqəsi”, “Türk
birlik ilə yaşamış və böylə də yaşayacaqdır” və başqa milli ruh aşılayan məqalələri dərc
olunur. “Yaşıl
qələm” ədəbi
birliyinin fəaliyyətində
yaxından iştirak edir, ədəbi müzakirələrin fəal
iştirakçısına çevrilir. Bu illərdə o, “Şeypur”
dərgisi ilə yanaşı, “Övraqi-nəfisə”
jurnalına da redaktorluq edir.
Xalq Cümhuriyyətinin
süqutundan sonra bir çox vətənpərvər ziyalılarımız
kimi, Ə.Müznibin də, sözün əsl mənasında, qara günləri başlayır. O, 1926-cı ildə
təqaüdə çıxır
və heç yerdə ona iş verilmir. Beş övladı, qoca ata-anası ilə çətin şəraitdə
yaşamağa məcbur
olur.
Mətbuatla nəfəs alan naşir birdən-birə sevdiyi sahədən ayrılmaq qərarına gəlir və ədəbi araşdırmalara başlayır.
1927-1937-ci illər arasında, o, XIX-XX əsr
Azərbaycan ədəbiyyatı
klassiklərinin əsərlərindən
ibarət on kitab nəşr etdirir. Onun əsərləri arasında “Türk tarixi”, “Müxtəsər
ənbiya və İslam tarixi”, “Yusif və Züleyxa”,
“Tiran rolu”, “Nəsrəddin
məzhəkələri”, “Aşıq Pəri və müasirləri” və s. kitablarını xüsusi qeyd etmək olar. Müəllifi bu əsərlərə
geniş ön söz və şərhlər də yazıb.
Ə.Müznib 1936-cı ilin 12 dekabrında həbs edilir. İstintaq işi
1937-ci ildə başa
çatır. Onu
burjua-millətçi fəaliyyətinə,
bolşevizm əleyhinə
iş apardığına
görə, həmçinin
əsərlərində Bakı
kommunasına, xüsusən
də türk-müsəlman
düşməni Stepan
Şaumyana böhtan atmaqda, Osmanlı qoşunlarının Bakıya
gəlməsini alqışlamaqda
günahlandırırdılar. 8 il azadlıqdan
məhrum edilən tanınmış şair-publisist
28 avqust 1938-ci ildə
Vladivostokdakı xüsusi
düşərgədə dünyasını dəyişir.
1956-cı ildə ölümündən sonra
ona bəraət verilir.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 15.