“Mixaylo
şəhərdə” deyil...
Fəqət, onların hər ikisi - Mehdi də, Nodar da həmişə Azərbaycanın qəlbindədir!
Mehdi Hüseynzadə və Nodar Şaşıqoğlu...
Məncə, dünya kinosunda biri-birini bu cür, bu sayaq
tamamlayan sənədi-sənəti obraz tandemi yoxdur
və bəlkə bundan belə də olmayacaq. Sehri-seyrindən
doymadığımız “Uzaq sahillərdə”nin
bəzi məqamlarında, hərdən adamın ağlına
belə bir fikir də
gəlir ki, yəni doğrudanmı bu Nodar-“Mixaylo”
Mehdi-“Mixaylo”nun özü deyil?!.
Bu fantasmaqorik qənaətə Nodar Şaşıqoğlunun dəfn mərasimində (2013) Mehdi Hüseynzadənin ailə üzvləri adından çıxış edən bir xanımın dedikləri də qüvvət verir: “Bu gün biz sanki Mehdini ikinci dəfə itiririk... Nodar “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı tez-tez bizim ailənin qonağı olar, Mehdi ilə bağlı təəssüratlarımızı öyrənərdi... Filmin təqdimatında son səhnə Mehdinin anasına çox təsir etmişdi. Seans bitər-bitməz, tamaşaçıların sürəkli alqış, misilsiz maraq və sevgi təpkilərindən çətinliklə sıyrılıb çıxan aktyor onun yanına gəlib; “Ana, mən burdayam...” - dedi. Nodar Şaşıqoğlu bizim ailənin ikinci övladı idi...”
Tək elə o ailənin yox, -
Bütün Azərbaycanın övladı
O, elə həmin filmin uğuru ilə Bakıya həmişəlik bağlandı. 1927-ci il martın 13-də Batumidə bu dünyaya gəldi, 2013-cü il aprelin 12-də o dünyaya Bakıdan getdi...
Babası Acarıstanda tanınmış zadəganlardan, atası adlı-sanlı çar zabitlərindən biri olub. On yaşının yaddaşındakı bir repressiya olayı - əmisi Ülvi Rəcəbin gecə ikən tutulub aparılması onun qəlbində dəhşətli bir sənət qorxusu, teatr xofu yaradıb. Lakin illər keçdikcə, xatirələrində toxunduğu kimi, “dəhşətli səhnə sevgisi” o xofu üstələyib. “Yəni, aktyorluq bizim ailəyə, nəslimizə xas bir sənət idi. Əslimiz Acarıstandan olsa da, Tiflisdə yaşamışıq. Mən orta məktəbi orada oxumuş, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra bir il Vaxtanqov adına teatrda işlədim. Böyük paytaxt qısa zaman içərisində məni çox cəlb etdi və altı ilə qədər Taqanka Teatrında çalışdım”.
Həyat və yaradıcılıq ömrünün çox hissəsini Azərbaycanda yaşayıb, dilimizdən savay bütün mənsubluqlarımızı götürmüş bu müqtədir tear və kino aktyorunun “bizdən olmayan” xatirələrinin də bir tərəfi elə bizimlə bağlıdır. Onun üzbəüz və yaxud tele-radio söhbətlərinin, mətbu müsahibələrinin də əsasını azərbaycançılıq, türk dünyası, ən azı, şərqçilik təşkil edirdi. “İlk rolum “Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada mən türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra “Andrieş” filmində baş rol, daha sonra “Odessa” kinostudiyası və yenidən teatr. Və bir gün, sonralar “Uzaq sahillərdə” filminin ikinci rejissoru olası Atamalıbəyov bizim məşqlərə gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi: “Sən demə, neçə vaxtdı biz səni axtarırmışıq! Sabah sınaq çəkilişinə gələrsiz, Tofiq Tağızadə ilə söhbət edəcəksiz”. Bu təsadüfi tanış-tapışma mənimçün əbədi sənət və məşhurluq bünövrəsi oldu! “Uzaq sahillərdə” filmindən sonra dalbadal dəvətlər aldım. “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun” filmlərinə çəkildim”.
Nodar Şaşıqoğlu öz çıxış və müsahibələrinə də, filmlərdəki obrazları kimi, çox ciddi, sənətkaranə yanaşırdı. Heç vaxt nə söz, nə fikir, nə olay-istinad təkrarçılığına yol verərdi. Amma mən indi tanış olacağınız xatirəsini onun öz oxucu, dinləyici və tamaşaçılarına təkrar-təkrar çatdırdığının şahidi olmuşam: “Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən, deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən həmişə razı qalmışam”.
Sadə həyat və sənət aləmindən -
Möhtəşəm məşhurluğa...
Nodar Şaşıqoğlu fenomeni hər yazar üçün, hər qələmçün “Uzaq sahillərdə”ki partlayışlar təsir-təriqində olsa da, dolayı sözlər onun öz xatirə-“parol”ları qədər maraq doğurmaz, - deyib, yenə “orijinal”a müraciət edirəm:
“Tələbəlikdən ürəyimdə gəzdirdiyim arzumun ardıyca çox cığır və yollar keçməli oldum. Aleksandrinsk Teatrında Çerkasov, Simonov kimi aktyorların İvan Qroznı, Birinci Pyotr çəkili nəhəng rollarına həsədlə baxırdım. Bir gün ora gedib “burda işləmək mənim çoxdankı arzumdur” dedim. Məşq zalında soruşdular ki, nə ifa edə bilərsən, dedim, qiraətdən başlamaq istərdim (axı mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrin qalibi idim!). Orada bir çox “əsas rol”lar oynadım. Amma sevgili Bakıya tez-tez gəlişim oradakı məşqlərimə mane olurdu. Heydər Əliyev cənabları isə məni burada keçirilən dövlət tədbirlərində iştirak etmək üçün dəvət edirdi. Təsəvvür edin; bir vaxt Moskvada “Sirano De Berjerak” əsərində baş rolumun məşqlərini yarımçıq qoyub, Bakıya - konsertdə şeir oxumağa gəlmişəm...”
Lakin... bu adam bütün “digər” məsələ-mətləblərdən nə və nə qədər maraqlı danışsa da, “Uzaq sahillərdə”n o yana gedə “bilməz”:
“Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamıda belə bir əminlik yaranmışdı ki, biz eyni xarakter-xüsusiyyətli insanlarıq. Amma özüm çox yaxşı bilirdim ki, mən Mehdi ola bilmərəm! Düzdür, mən o rolda, hardasa, özümü də oynamışam, ancaq yoox...
Bu film haqqında seriallarla danışmaq olar, amma mən onun premyerasından bir-iki kəlmə deyəcəyəm. “Nizami” kinoteatrında keçirilirdi. Diqqət dolu baxışlardan özümə gələ bilmirdim! “Vətən” kinoteatrında göstəriləndə eşitdiyim ləzzətli bir replikanı xatırlatmaq istərdim: “Gör, siz camaata nə divan tutursuz! Bilet almaq istəyənlərin növbəsi “Azneft”dən Bayıla doğru gedir!” Kinoteatrlara yaxın durmaq olmurdu. Biz o filmlə Daşkəndə - festivala getdik. Seansdan sonra insanlar üstümə elə tökülüşdü ki, məni maşında gizlətməli oldular. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı... Sonralar da Daşkənddə olanda salonlarda adam əlindən yer olmurdu. Çox çətin idi...”
...O vaxtlar onunçün tamaşaçıların anşlaq maraq, heyrət-məhəbbət episentrində olmaq çətin imişsə, üç ildir də tamaşaçılarçün onsuz qalmaq asan deyil. Bu, aktyorun matəm mərasimindəki çıxışlarda da vurğulanıb. 2004-cü ildən ömrünün sonunadək çalışdığı Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru A.Şarovski bu ali aktyorla bağlı çox səmimi xatirələrini belə yekunlaşdırdı: “Bir gün Nodar kabinetimə gəlib “Mənə şərait yarat bu dünyanın qapısını çırpıb gedim” - dedi və təəccüblə baxdığımı görüb, əlavə etdi: “Kral Liri oynamaq istəyirəm...” Bu obraz onun səhnədə son rolu oldu. O, böyük sənətə, hər şeydən əvvəl, möhtəşəm Mehdi-“Mixaylo” kimi gəldi və möhtəşəm Kral Lir kimi getdi...”
“Getdi”?!.
Bu, həm həqiqət, həm də, məlum “mayor Şuls” və məlun Karranti ilə xeyli gənəşiləsi bir məsələdir...
Deyirəm, bu dünyada qazandığı bu qədər tamaşaçı rəğbəti, yəqin həm də dualara çevrilmiş olar və çox güman, o dünyadakı bütün opponentləri, siyasi-bədii düşmənləri tez-tez belə bir fikir ifadə edərlər: “Mixaylo cənnətdədir...”
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 13.