Gözəl sənətin
zəngin məkanı
Azərbaycan Milli İncəsənət Muzeyi - 80
2016-cı
il Azərbaycan Milli
İncəsənət Muzeyinin yubiley ilidir. 80 il əvvəl Azərbaycanda ilk
dəfə olaraq təsviri sənət profilli muzeyin
yaradılması barədə qərar qəbul olunub. Ötən illərdə muzey zəngin fəaliyyət yolu
keçərək bugünlərə gəlib
çıxıb.
Bakının mərkəzində XIX əsrin məşhur memarlıq abidələri hesab olunan, vaxtilə “De Burun Sarayı” (1891-1895, memar Nikolay fon der Nonne) və “Marinski Qadın Gimnaziyası” (1884-1887, memar Mixail Denisoviç Botov) kimi tanınan binalarda yerləşən muzeyin yaranma tarixi 1936-cı ildən başlayır. Həmin il Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsasında Azərbaycan Dövlət İncəsənət Muzeyi yaradılmış, 1937-ci ildə isə muzeyin rəsmi açılışı olmuşdur.
İlk vaxtlar muzeyin fondu Moskva və Leninqradda yerləşən muzeylərin fondlarından alınmış eksponatlar və şəxsi kolleksiyalardan toplanmış əsərlər əsasında zənginləşdirilmişdir. 1943-cü ildə muzeyə Azərbaycan teatr rəssamlığı sənətinin istedadlı nümayəndələrindən olmuş Rüstəm Mustafayevin adı verilmişdir.
Muzey ilk
illərdə Milli Azərbaycan Tarixi Muzeyində, daha sonra Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin beşinci mərtəbəsində
yerləşmişdir. 1951-ci
ildə “De Burun Sarayı” adlandırılan
tarixi bina muzeyə verilmişdir. Bu illərdən başlayaraq
müstəqil binaya malik olan Azərbaycan
Dövlət İncəsənət
Muzeyi əhatəli fəaliyyətə başlamış,
muzeyin fonduna məxsus dünya və Azərbaycan incəsənətinin zəngin
incilərindən ibarət
eksponatlardan ayrı-ayrı
zallarda daimi ekspozisiyalar təşkil edilmişdir. Həmçinin
bu illərdən başlayaraq muzeydə gənc sənətşünaslar
Rasim Əfəndiyev, Nurəddin Həbibov, Mürsəl Nəcəfov,
Məmmədağa Tərlanov,
Nataliya Miklaşevskaya
və başqaları
muzeydə elmi işlər aparmaqla Azərbaycanda sənətşünaslıq
elminin inkişafına
öz töhfələrini
vermişlər.
Muzeyə
1937-ci ilin 13 fevral tarixinədək Əməkdar
mədəniyyət işçisi
Mövsüm Salamov
(1905-1985), 1937-ci il 13 fevraldan
15 avqustadək Ağakərim
Şərifov (1899-1942), 1937-1942-ci illərdə Xalq rəssamı Salam Salamzadə
(1908-1997), 1942-1992-ci illərdə Xalq rəssamı Kazım Kazımzadə
(1913-1992), 1994-2003-cü illərdə Xalq rəssamı İbrahim Zeynalov
(1934-2008), 2003-2010-cu illərdə sənətşünaslıq elmləri
doktoru, professor İsrafil
İsrafilov rəhbərlik
etmişlər. 2010-cu ildən
muzeyə Əməkdar
incəsənət xadimi,
professor Çingiz Fərzəliyev rəhbərlik
edir.
90-cı illərdə muzeyin fəaliyyətinin daha da səmərəli
təşkili məqsədilə
“Marinski Qadın Gimnaziyası” muzeyin balansına verilmişdir. Hazırda muzeyin
zəngin fonduna 17 mindən artıq eksponat daxildir. Buraya Azərbaycanın qədim və orta əsrlər incəsənətinin ayrı-ayrı
dövrlərini əhatə
edən nadir dekorativ-tətbiqi
və xalq yaradıcılığı nümunələri
(keramika, daş oyma, bədii metal, ağac işləmə, zərgərlik, xalçaçılıq,
bədii tikmə və geyim), habelə XIX, XX əsr və müstəqillik dövrü Azərbaycan rəssamlarının, orta
əsr Qərbi Avropa və Rusiya rəssamlarının,
həmçinin Şərq
ölkələrinin rəngkarlıq,
qrafika, heykəltəraşlıq
və dekorativ-tətbiqi
sənət əsərləri
daxildir.
Azərbaycan Milli İncəsənət
Muzeyi çoxsaylı
sərgi və digər mədəniyyət
tədbirlərinə ev sahibliyi etməklə yanaşı,
beynəlxalq layihələrdə
davamlı şəkildə
iştirak edir. Muzeyin kolleksiyasına daxil olan təsviri sənət nümunələri
ilə dünyanın
müxtəlif ölkələrində
(Kanada, Kuba, Suriya, Fransa, Çexoslovakiya, Əlcəzair,
İraq və s.) dəfələrlə mötəbər
sərgilər təşkil
olunmuşdur. Həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində
bir sıra xarici ölkə muzeylərinin ekspozisiyalarından
ibarət sərgilər
(Fransa, Çin, Hindistan, İraq, Türkiyə, Kuba, Yunanıstan, Suriya) keçirilmişdir.
Muzeyin milli mədəniyyətimizdə əvəzsiz
rolu respublika rəhbərliyi tərəfindən
həmişə yüksək
qiymətləndirilmiş, sənət
ocağına daima diqqət və qayğı göstərilmişdir. Ümummilli
lider Heydər Əliyev və Prezident İlham Əliyev, həmçinin
Azərbaycanın birinci
xanımı, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dəfələrlə
muzeydə təşkil
olunmuş sərgi və tədbirlərdə
iştirak etmiş, muzeyin fəaliyyəti ilə yaxından maraqlanmışdır. 2006-cı
ildə ölkə başçısı İlham
Əliyevin təşəbbüsü
ilə muzeydə əsaslı təmir işlərinə başlanılmış
və 2013-cü ildə
Prezidentin iştirakı
ilə yeni ekspozisiyasının və
yeni keçid korpusunun rəsmi açılışı olmuşdur.
Muzeyin şöbə
və bölmələrinin
fəaliyyəti muzeyşünaslıq
elminin müasir tələblərinə cavab
verən səviyyədə
qurulmuşdur. Muzey işi və
təsviri sənətin
ayrı-ayrı sahələrinə
dair müxtəlif layihələr hazırlanır,
beynəlxalq və yerli əhəmiyyətli sərgilər təşkil
olunur, kataloq, buklet və kitablar hazırlanaraq nəşr etdirilir. Bu gün özünün
yeni inkişaf dövrünü yaşayan
muzey ölkəmizdə
mədəniyyət siyasətinin
təşkili və təbliğ edilməsində
yaxından iştirak edir.
Muzeyin önəmli rolunu təsdiq edən məqamlardan biri də odur ki,
ölkəmizə təşrif
buyuran bir çox rəsmi qonaq və nümayəndə
heyətləri bu möhtəşəm sənət
ocağını ziyarət
edərək dünya
və Azərbaycan incəsənətinin nadir sənət
nümunələri ilə
yaxından tanış
olurlar. Muzey ölkəmizə gələn turistlərin də tez-tez ziyarət etdikləri, yüksək bədii estetik zövq ala bildikləri aparıcı
mədəniyyət ocaqlarından
biridir.
Əsəd Quliyev
sənətşünas,
Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi,
AMEA-nın dissertantı
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 11.