Aran Qarabağda muğam sənəti
Musiqi mədəniyyətimizdə muğamın özünəməxsus
yer vardır. İnsanın hiss və duyğularını nikbin
nota kökləyən bu
zəngin irs bir
sıra Şərq xalqlarında mövcud
olsa da, Azərbaycanda bu ecazkar musiqi
xəzinəsinə məhəbbət digərlərindən daha çoxdur.
Bu gün ölkəmizdə muğam sənətinə yüksək qiymət verilir, beynəlxalq aləmdə təbliğatı həyata keçirilir. Azərbaycan muğamı dünyanın müxtəlif konsert salonlarında səsləndirilərək insanları sirli sənət aləminə aparır. Heydər Əliyev Fondu tərəfindən muğamın inkişafı istiqamətində mühüm işlər görülür. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr muğam sənətinin yaşadılmasında, öyrənilməsində mühüm rol oynayır. Bu sırada “Muğam - irs”, “Muğam - dəstgah”, “Muğam ensiklopediyası”, “Muğam - internet”, “Muğam - antologiya”, “Muğam dünyası”, “Muğam mərkəzi” layihələrini qeyd etmək olar.
Məlum olduğu kimi, əzəli yurd yerimiz olan Qarabağ bölgəsi muğamatın «sarı simi», musiqimizin beşiyidir. Bu torpaqda doğulan körpələrin çığırtısı da elə bil muğama köklənir. Taleyi qara yazılan, mənfur düşmən tapdağında inləyən bu musiqi bağçasının bütün «bülbülləri» muğam dünyasının mahnı biliciləri, həm də sarbanlarıdır. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, İslam Abdullayev, Zülfü Adıgözəlov və başqaları Qarabağ muğam məktəbinin görkəmli nümayəndələridir.
Qarabağın aran zonasında yerləşən Bərdə rayonunda da muğam sənətini yaşadan xanəndə və sazəndələr olmuşdur. Onlardan Cəlal Zeynalov, Qasım Abdullayev, Salman Əhmədov, Asif Səfərov, Rəşid Əhmədov, Məmməd Allahverdiyev, Edilxan və Adıgözəl Yediyarovlar, Bulud Məmmədov və başqalarının adlarını çəkə bilərik. Bu sənətkarlardan bir neçəsini yaxından tanıyaq.
Qasım Abdullayev 1889-cu ildə Ucarın Qaradağlı kəndində anadan olub. Maldarlıq və əkin-biçinlə dolanan ailəsi Bərdəyə köçür. Ailənin maddi durumuna kömək edən gənc Qasımın musiqi həvəsi onu Şuşaya - Cabbar Qaryağdıoğlunun yanına gətirir. Bir müddət ustadından dərs alır, Qarabağın Xəlfəli, Qala dərəsi, Novruzlu və Şelli kəndlərində toy məclislərində ustadı ilə bərabər insanların ruhunu oxşayır. Çox sonralar isə Seyid Şuşinskindən də sənət dərsi alır. Sənətdə kamilləşən Q.Abdullayev Qarabağ mahalında tanınmağa başlayır. Gur səsə malik olan xanəndə “Rast”, “Şur”, “Humayun” muğamlarını, “Arazbarı”, “Mənsuriyyə”, “Heyratı”, zərb muğamlarını ifa edir. “Mənsuriyyə”ni böyük şövqlə oxuyan musiqiçi mahalda “Çahargah” Qasım” kimi tanınır.
Xanəndənin qızı Tamara xanımın xatirələrindən: “Atam təbiətcə çox təvazökar insan olub. Yay düşər, düşməz o həmişə Şuşanın Güllü bağına üz tuturdu. Toy məclislərində daha çox “Cahargah” muğamı ifa edirdi. Hamı onu dinlər, ona hörmət bəslərdi. Ömrünün son illərini isə yaşadığı doğma torpaqda keçirmiş və 1971-ci ildə, 82 yaşında həyata vida demişdir».
Cəlal Dadaş oğlu Zeynalov 1914-cü ildə Şuşada dünyaya göz açıb. Atasının kiçik baqqal dükanı ailənin dolanışıq yeri olub. 1923-cü ildə ailəliklə Bərdəyə köçürlər. Cəlal burada orta məktəbi bitirdikdən sonra Ağdamda pedaqoji təhsil alır və müəllim kimi fəaliyyət göstərir. Lakin ecazkar musiqi, muğam aləmi onu özünə çəkirdi. O, ailə qohumları olan Xan Şuşinskinin yanında bu sənətin sirlərinə yiyələnir. Çox keçmir o da xanəndə kimi el arasında tanınır.
Onun məlahətli səsə malik muğam ustadı Əbülfət Əliyev arasında sıx sənət dostluğu olmuşdur. Tarzən Hacı Məmmədovun müşayiəti ilə filarmoniyanın səhnəsində «Kəsmə şikəstə»ni ifa edərək musiqisevərlərin rəğbətini qazanmışdır. Əvvəl bir, sonralar hər iki gözü tutulan xanəndə “Kor Calal” adı ilə yaddaşlarda qalmışdır. O həm də həzin, ürəkləri ehtizaza gətirən sehrli səsi ilə xatirələrdə yaşayır. Cəlal Zeynalov 1981-ci ildə Bərdədə dünyasını dəyişib.
Cəmilə Orucova
Bərdə rayon 4 saylı uşaq incəsənət
məktəbinin müəllimi
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 10.