Qusar 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” seçilib
Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Paytaxtları” proqramı həyata keçirilir.
2010-cu ildən icrasına başlanılan proqram nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafı vüsət alıb və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib. Proqrama əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edib, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb.
2010-2014-cü illərdə Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, 2015-ci ildə isə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunub.
Proqramla əlaqədar 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib.
Bu münasibətlə martın 11-də Muzey Mərkəzində “Azərbaycanın Folklor Paytaxtı”nın təqdimat mərasimi keçiriləcək.
“Folklor paytaxtı” ili ərzində Qusar rayonunda nominasiyaya uyğun olaraq müxtəlif
konfrans, dəyirmi masa,
konsert, müsabiqə, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə
tutulub.
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 9.