Azərbaycan və gürcü uşaqlarının “Bahar” töhfəsi

 

Multikulturalizm ili” çərçivəsində möhtəşəm dostluq konserti

 

Martın 9-da Heydər Əliyev Sarayında Azərbaycan və Gürcüstanın uşaq rəqs kollektivlərinin iştirakı ilə “Bahar” adlı xeyriyyə konserti keçirildi. Konsert Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Gürcüstan Ticarət-Sənaye Palatasının təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi.

 

Bir-birindən rəngarəng proqramla çıxış edən iştirakçılar öz məharətlərini tamaşaçılara çatdırmağı bacardılar. Ölkəmizi təmsil edən “Aysel”, “Səma”, “Şərq çıraqları” rəqs qrupları və Gürcüstandan gəlmiş 300 nəfərlik rəqs və xor kollektivi bayram əhvallı konsert proqramına unudulmaz sənət töhfəsi verdilər.

Konsertin təşkilatçısı, Dövlət Rəqs Ansamblının solisti, Xalq artisti Təranə Muradova müştərək layihənin ölkəmizdə elan olunanMultikulturalizm ili” çərçivəsində keçirildiyini bildirdi.

Qeyd etdi ki, Azərbaycanda rəqs festivalı keçirmək onun çoxdankı arzusu olub: “Neçə illərdir bu haqda fikirlərimi dostlarla bölüşürəm və ulu öndər Heydər Əliyevin doğum günündə belə bir beynəlxalq rəqs festivalını reallaşdırmaq istəyirəm. Biz uzun müddətdir müxtəlif ölkələrdə uşaq rəqs festivallarında iştirak edirik. Çox maraqlı və gözəl sənət bayramının Azərbaycanda da keçirilməsi yaxşı olardı. Gürcü dostlarla bu fikri bölüşəndə qonşu ölkənin Ticarət-Sənaye Palatasının rəhbəri birlikdə bahar konserti təşkil etməyi təklif elədi. Bu ideya mənim də ürəyimcə oldu. Bir ay ərzində bu layihəni hazırladıq. Xeyriyyə məqsədi daşıyan bu konsertin gerçəkləşməsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bizə dəstək oldu və 700 uşağın bir araya gəlməsinə şərait yaratdı. Bu layihə ölkələrimiz arasında, xüsusən də gənc nəslin dostluğuna və mədəniyyətlərin təbliğinə xidmət edir. Layihənin reallaşmasına kömək olan bütün təşkilatlara dərin minnətdarlığımı bildirirəm”.

Rəngarəng rəqs nömrələri ilə davam edən konsert proqramının tamaşaçıları uşaq evlərinin nümayəndələri və Qarabağ şəhidlərinin övladları, həmçinin internat məktəblərinin şagirdlərindən ibarət idi.

Gürcüstandan gələn kollektiv konsertin sonunda iki ölkə arasındakı dostluq münasibətlərinin sübutu olaraq Azərbaycanın dövlət himnini ifa etdilər. Konsert proqramı alqışlarla qarşılandı.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 9.