UNESCO-da Azərbaycan kəlağayısının
təqdimatı
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarının milli baş örtüyü olan kəlağayının təqdimat və satış mərasimini təşkil edib.
Daimi nümayəndəliyin rəhbəri Anar Kərimov ənənəvi xalq sənətinin mühüm sahələrindən biri olan kəlağayı sənəti haqqında məlumat verib. Qeyd olunub ki, 2014-cü il noyabrın 26-da bu xalq sənəti nümunəmiz “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
A.Kərimov bildirib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.
Sonra kəlağayı sənəti haqqında daha geniş məlumat vermək üçün söz azərbaycanlı dizayner Mənzər Hacıyevaya verilib. Mənzər Hacıyeva UNESCO-nun qərargahında Azərbaycanın mədəni irsini təmsil etməsindən şərəf duyduğunu vurğulayıb. O, Nyu-York Universitetində, Parsons Dizayn Məktəbində və Parisin Studio Berçot məktəbində təhsil almağına, Michael Kors, Zac Posen, Lanvin kimi məşhur brendlərin dizayn studiyalarında işləməsinə baxmayaraq, ilham mənbəyinin Azərbaycanın sənətkarlıq beşiyi olan qədim Şəki şəhəri olduğunu bildirib.
2012-ci ildə yaranan “Mənzər Hacıyeva” geyim və aksessuar brendinin konsepsiyası sadədir: köhnə ilə yeninin, ənənəvi və müasir istehsal üsullarının incəliklə birləşdirilməsi.
Tədbirdə Şəkinin kəlağayı emalatxanalarında iş prosesini əks etdirən videoklip göstərilib.
M.Hacıyeva bütün
kəlağayıların, eləcə də digər baş geyimlərinin əl işi
olduğunu diqqətə
çatdırıb. İlk
kolleksiyasında XIX əsr Quba kilimlərinin
ənənəvi elementlərindən ilhamlandığını
bildirən M.Hacıyeva ikinci
kolleksiyasını Xəzər dənizinə həsr etdiyini, kəlağayıya yeni
nəfəs vermək istəyində olduğunu
deyib.lhamlandığını bildirən M.Hacıyeva ikinci kolleksiyasını Xəzər dənizinə
həsr etdiyini, kəlağayıya yeni nəfəs vermək istəyində olduğunu deyib.
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 8.