Novruz təntənəsi okeanın o tayından duyulacaq

 

TÜRKSOY bu ilbayramla bağlı geniş tədbirlər proqramı hazırlayıb

 

Azərbaycanla yanaşı bir çox türk-müsəlman ölkələrinin də qədim irsi olan Novruz bayramı son illər bu ölkələrin coğrafiyasından kənara çıxaraq Avropa, hətta uzaq Amerikada da qeyd olunmaqdadır. Xüsusilə 2009-cu ildə Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və 2010-cu ildə BMT Baş Məclisi tərəfindən 21 martın Beynəlxalq Novruz Günü elan olunmasından sonra bayram bəşəri miqyas qazanıb.

 

Bu işdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un rolunu ayrıca vurğulamaq gərəkdir. 2010-cu ilin UNESCO tərəfindən «Mədəniyyətlərin Yaxınlaşması İli» elan edilməsi ilə əlaqədar TÜRKSOY Baş katibliyinin təşəbbüsü və bu quruma üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə UNESCO-nunAvropa Şurasının qərargahlarında - Parisdə və Strasburqda ilk dəfə Novruz bayramının təqdimat mərasimləri keçirildi. Həmin ildən bu ənənə hər il təkrarlanır.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovla budəfəki söhbətimizdə ilk mövzu Novruz oldu. Baş katib bu il də təşkilat tərəfindən Novruz bayramının həm Türkiyənin bir sıra şəhərlərində, həm də Amerikada qeyd olunacağını bildirdi. Ötən illərdə Novruzun TÜRKSOY-a üzv ölkələrin iştirakı ilə Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında qeyd olunduğunu xatırladan D.Kaseinov bu il də okeanın o tayında üç konsert proqramının nəzərdə tutulduğunu bildirdi: “TÜRKSOY Daimi Şurasının ötən ilin noyabrında Türkmənistanın Mərv şəhərində keçirilən toplantısında belə bir qərar qəbul etdik ki, 2016-cı il ərzində türk respublikalarının müstəqilliyinin 25 illiyi ilə bağlı yubiley tədbirlərində biz də təşkilat olaraq iştirak edək. Eyni zamanda belə qərara gəlmişik ki, Amerikada keçirəcəyimiz Novruz bayramını türkdilli dövlətlərin müstəqilliyinin yubileyinə həsr edək. Düşünürəm ki, türk dünyasının yeni ilini - Novruzu simvolik olaraq elə 25 illiklə başlayaq. Biz bu yubiley ilində bayramımızı dünyanın ən böyük təşkilatı olan BMT-nin qərargahında, yüksək səhnələrdə qeyd edəcəyik”.

 

Türkiyənin 18 şəhərində Novruz şənlikləri

 

TÜRKSOY-un təşəbbüsü ilə 2011-ci ildən bəri Novruz bayramı günləri Türkiyənin böyük şəhərlərində də təntənəli tədbirlərlə qeyd olunur. 2013-cü ildə TÜRKSOY-un 20 illiyi münasibətilə Türkiyənin 20 şəhərində bayram tədbirlərinin təşkil olunduğunu deyən baş katib bunun ən böyük tarixi marşrut olduğunu dilə gətirdi: “Əgər əvvəllər Novruz yalnız Ankaraİstanbulda qeyd olunurdusa, biz onun miqyasını getdikcə daha da genişləndirdik. Builki Novruz tədbirlərinə türk dünyasından gələn incəsənət ustalarının iştirakı ilə İstanbulda, Türk Ocaqlarında start verəcəyik. Sonra isə Ankaradan başlayaraq Türkiyənin 18 şəhərində bayram şənlikləri baş tutacaq. Builki bayram tədbirlərində türk dünyasından 200-ə yaxın incəsənət nümayəndəsi ilə təmsil olunacağıq. Biz onları 18 şəhər üzrə 4 qrupa böləcəyik. Beləliklə, bayram havası bütün Türkiyəni əhatə edəcək”.

Qeyd edək ki, İstanbulda Novruz mərasiminə martın 19-da start veriləcək. Martın 21-də Ankarada Türkiyə baş naziri və nazirlərin iştirakı ilə rəsmi tədbir olacaq. Həmin gün axşam isə Ankara OperaBalet Teatrında TÜRKSOY, Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdikləri konsert mərasimi keçiriləcək. Tədbirə Ankarada fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, əcnəbi tələbələr dəvət ediləcək.

 

Mətbuat mükafatları Şəkidə təqdim olunacaq

 

Ənənəvi olaraq TÜRKSOY hər il türk dünyası mədəniyyətinin dünyada tanıdılmasında xidmətləri olan mətbuat nümayəndələrinə mükafatlar təqdim edir. Hər il təşkilatın mənzil-qərargahının yerləşdiyi Ankarada gerçəkləşən mükafatlandırma mərasimi bu il ilk dəfə Azərbaycanda olacaq. Aprelin 28-də Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin təntənəli açılış mərasimi çərçivəsində baş tutacaq tədbirə bir çox ölkələrdən mətbuat nümayəndələri və qonaqlar qatılacaq.

Tədbirin Şəkinin tanıdılması baxımından əhəmiyyətindən danışan D.Kaseinov türk dünyası media mənsublarının bu vəsilə ilə həm şəhəri gəzəcəklərini, sonra isə təəssüratlarını qələmə alacaqlarını bildirdi: “Öz növbəsində şəhər sakinləri də türk mədəniyyətini daha yaxından tanıyacaqlar. Şəki kiçik şəhər olmasına baxmayaraq, öz tarixi, təbii gözəlliyi ilə turizm potensialına malik bir məkandır. Biz bu tədbirlə şəhərin turizm imkanlarının təbliğatını da gücləndiririk ki, o daha da canlı turizm mərkəzinə çevrilsin”.

 

Qarşıda hansı planlar var?

 

Söhbət əsnasında TÜRKSOY-un yaxın planlarından da söz açan baş katib bildirdi ki, öz təşəbbüsü ilə Ankarada keçmiş SSRİ-nin türkdilli respublikalarının müstəqillik əldə etmələrinin 25 illiyinə həsr edilmiş festival keçirmək niyyətindədir:Bununla əlaqədar oktyabrda konsert düzənləməyə hazırlaşırıq. Biz tədbirlərimizi müxtəlif ölkələrdə keçiririk. Bu il bu siyahıya Balkan ölkələri - Serbiya, BosniyaHerseqovina da daxil oldu. Ona görə ki, TÜRKSOY hər yerdə, hamı ilə işləyir. TÜRKSOY olaraq bu yubileyi mütləq Türkiyədə qeyd etməliyik. Eyni zamanda türkdilli ölkələrin rəssamlarının sərgisi də düzənlənəcək. Bizim məqsədimiz bütün layihələrdə sənətkarları birləşdirməkdir. Elə götürək musiqiləri. Xalq, klassik, opera musiqilərini birləşdiririk və əsas odur ki, orada hər kəs iştirak edir. Bizim yanaşmamız da bundan ibarətdir. Bundan başqa, keçən il Koreyada tədbirlərdə iştirak etdik, bu il isə Vyetnamda 2016-cı il “Mədəniyyət Expo” tədbirlərinə qatılacağıq”.

Builki tədbirlər sırasına ənənəvi olaraq türk dünyasının tanınmış şəxsiyyətlərinin yubiley mərasimləri də daxildir. Bu sıraya Azərbaycandan görkəmli şair Molla Pənah Vaqifin 300 və məşhur aktrisa Nəsibə Zeynalovanın 100 illik yubiley mərasimləri də daxildir. Bu il TÜRKSOY türk dünyasının böyük şairi, alim və mütəfəkkiri Yusif Has Hacibin (Balasaqunlu) 1000 illik yubileyi şərəfinə xatirə ili elan edib. Yubiley mütəfəkkirin vətəni Qırğızıstanla yanaşı, Qazaxıstanda da qeyd ediləcək, digər türkdilli ölkələrdə də tədbirlər keçiriləcək. Görkəmli qazax ədibi Oljas Süleymenovun 80 illik yubileyi Ankarada qeyd olunacaq. Bir sözlə, hər il olduğu kimi, bu ilTÜRKSOY-un fəaliyyəti zəngin tədbir və proqramlarla yadda qalacaq.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 6.