"Azərbaycanda alman məskənləri"

 

Turizm marşrutu üzrə layihənin əsas planı müzakirə olundu

 

Turizm ölkə gəlirlərinin formalaşmasında nə qədər önəm daşıyırsa, mədəniyyətin, tarixi irsin təbliği və tanıdılmasında da bir o qədər vacib rol oynayır. Eyni zamanda tarixi-mədəni irsturizmin inkişafı üçün mühüm zəmindir. Bu baxımdan ölkəmizdə də əhəmiyyətli layihələr həyata keçirilir.

 

Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə Azərbaycanın dünya turizm bazarına inteqrasiyasını təmin etməkdir.

Martın 9-da Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın ölkəmizdəki səfirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən "Azərbaycanda alman məskənləri” turizm marşrutu üzrə layihənin əsas planı müzakirə olundu.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva və Nazim Səmədov, nazirliyin aidiyyəti qurumlarının əməkdaşları iştirak edirdi.

Layihənin baş meneceri Horst Kampman "Azərbaycanda alman məskənləri” turizm marşrutu üzrə həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışdı. O, alman icmasının Azərbaycanda məskunlaşmasının 200 illik tarixi olduğunu qeyd edərək, bu tarixin mədəni irs izlərinin, bina və tikililərin qaldığını diqqətə çatdırdı.

Bildirdi ki, "Azərbaycanda alman məskənləri" turizm marşrutuna Gəncə şəhəri, Göygöl, Şəmkir, Gədəbəy və Tovuz rayonları daxil ediləcək. Layihə çərçivəsində həmçinin Gədəbəy rayonunda "Simens qardaşları" muzeyi, Göygöldə qədim alman evləri üslubunda hotel, regional muzey, Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyi, həmçinin Şəmkirdə alman irsi mərkəzinin yaradılması nəzərdə tutulur.

Tədbir "Azərbaycanda alman məskənləri” turizm marşrutu layihəsinin müzakirəsi ilə davam etdi. Qarşılıqlı maraq doğuran suallar cavablandırıldı.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 5.