143 il öncə başlanan sənət
yolu
Milli Teatr Günü teatr tədqiqatına həsr olunmuş konfrans və təltiflərlə yadda qaldı
Martın 10-da Azərbaycan
peşəkar milli teatrının 143 yaşı
tamam oldu. 1873-cü ilin bu günündə böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü,
dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani)
fəal iştirakı
ilə Mirzə Fətəli Axundzadənin
“Lənkəran xanının
vəziri” komediyası
səhnələşdirilib. Bakı realnı məktəbinin teatr həvəskarları
truppası tərəfindən
hazırlanan tamaşa
ilə zəngin inkişaf yolu keçəcək peşəkar
teatrımızın təməli
qoyulub.
Milli Teatr Günündə Azərbaycan
Teatr Xadimləri İttifaqında Mədəniyyət
və Turizm Nazirliyi ilə birgə “Azərbaycan teatrı teatrşünaslıq
və teatr tədqiqatı müstəvisində
(1920-2016-cı illər)” mövzusunda
elmi-praktik konfrans keçirildi.
Konfransı TXİ-nin idarə
heyətinin sədri, Xalq artisti, professor Azərpaşa Nemət açaraq iştirakçıları
və onların simasında Azərbaycan teatr məkanında çalışan hər
kəsi peşə bayramı münasibətilə
təbrik etdi və yaradıcılıq
uğurları arzuladı.
«Milli teatr prosesində Azərbaycan Teatr Xadimləri İttifaqının tarixi
rolu» mövzusunda məruzə ilə çıxış edən
A.Nemət 119 yaşlı
bu yaradıcılıq
ittifaqının keçdiyi
yoldan danışdı. Söylədi ki, son illər dövlət səviyyəsində
Azərbaycan teatrının
inkişafı ilə
bağlı verilən
sərəncamlar, qəbul
edilən proqram və qanunlar, heç şübhəsiz
ki, bu qurumun
da işində müsbət irəliləyişlərə
zəmin olub. Beynəlxalq teatr konfrans və festivallarına ev
sahibliyi edən Azərbaycan artıq dünya teatr prosesinin bir hissəsinə çevrilib.
Məruzədə UNESCO-nun Beynəlxalq Teatr İnstitutu və Beynəlxalq Teatr Konfederasiyasının üzvü
olan Teatr Xadimləri İttifaqının
gördüyü işlərdən
bəhs edildi.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda şifahi teatr ənənələrinin tarixinin,
peşəkar teatrın
sələfi sayılan
meydan teatrının tarixi köklərinin araşdırılmasının vacibliyini bildirdi. O, Azərbaycanın
daim multikultural və tolerant ölkə olduğunu faktlarla diqqətə çatdıraraq
dedi ki, bu gün ölkəmizdə
rus, gürcü, ləzgi dilində tamaşa oynayan teatrlar var və
onların heç biri xalq teatrı
yox, tam dövlət dotasiyasında olan teatrlardır, Azərbaycan
teatrları kimi bütün imtiyazlardan bərabər bəhrələnirlər.
Nazir müavini onu da vurğuladı ki, bu gün
Azərbaycan teatr tarixi və nəzəriyyəsi ilə
bağlı problemlər
öz gənc və enerjili araşdırmaçılarını gözləyir.
Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə
«Beynəlxalq konfrans və festivalların milli teatr prosesinə
təsiri» adlı məruzəsində beynəlxalq
səviyyəli məclislərin
Bakıda keçirilməsinin
Azərbaycan teatrşünasları
üçün əhəmiyyətindən
danışdı.
Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimlinin «Milli teatr tarixinin
tədqiqat mərhələləri»
məruzəsi daha çox teatr tarixini araşdırmaq istəyənlər üçün
bir proqram sənədi təsiri bağışladı. O, Azərbaycan
teatrının sistemli
şəkildə - dünya
dramaturgiyası Azərbaycanda,
görkəmli teatr rejissorları, rəssamlar,
teatr binaları şərti bölgüsü
ilə teatr tarixinin araşdırılmasının
vacibliyini diqqətə
çatdırdı.
* * *
Konfrans başa
çatandan sonra iştirakçılar təltif
mərasiminə dəvət
edildilər.
Əvvəlcə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev teatr sahəsində çalışan
hər kəsi nazir Əbülfəs Qarayevin, nazirliyin kollegiyası adından təbrik etdi. Sonra 9 nəfər
teatr işçisinə
Mədəniyyət və
Turizm Nazirliyinin «Fəxri mədəniyyət
işçisi» döş
nişanı, 10 nəfərə
isə nazirliyin fəxri fərmanı təqdim edildi.
Alqışlarla müşayiət olunan
təltifetmədən sonra
Ə.Vəliyev dedi ki, Azərbaycan teatr məkanında bu mükafatlara layiq olan peşəkarlar
çoxdur. Sadəcə, budəfəki Milli
Teatr Günündə
təltif sırası
onların bu həmkarlarına qismət
olub.
Teatr Xadimləri
İttifaqı da peşə bayramında öz üzvlərini sevindirdi. Ölkənin müxtəlif teatrlarında
çalışan, hazırda
pensiyada olan qocaman teatr xadimlərindən
10 nəfər ittifaqın
«Sənətkar» medalı
ilə təltif edildi. Sürpriz təltiflər də
oldu. Xalq artisti, kinorejissor Eldar Quliyevə və Xalq rəssamı,
Azərbaycan Rəssamlar
İttifaqının sədri
Fərhad Xəlilova
TXİ-nin fəxri üzvü diplomu və «Sənətkar» medalı təqdim edildi. 5 nəfər
isə Azərbaycan teatrına xidmətlərinə
görə Teatr Xadimləri İttifaqının
fəxri fərmanı
ilə təltif olundu.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 3.