Amerikada Novruz təqdimatı

 

TÜRKSOY-un dəstəyi ilə Vaşinqtonda qala-gecə keçirilib

 

Martın 12-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un dəstəyi ilə Novruz bayramı münasibətilə ənənəvi qala-gecə keçirilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə qurulan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın ABŞ-dakı səfirlərinin üzv olduqları Novruz Komissiyasının (Nowruz Commission) sayca 7-ci təqdimatı VaşinqtonunAndrew Melon Auditoriumsalonunda gerçəkləşib.

2010-cu ildən BMT tərəfindən beynəlxalq status verilən Novruz bayramının şərəfinə ev, Dövlət Departamenti, Konqres, türkdilli ölkələrin və bu bayramı qeyd edən digər ölkələrin diplomatik nümayəndələri və yerli ictimaiyyət təmsilçiləri - 500-dək qonaq bir araya gəlib.

TÜRKSOY-un ənənəvi tədbirlərindən biri olan Novruz təqdimatına hər il türk dünyasından sənətçilər, rəqs qrupları qatılır. Budəfəki tədbirə Azərbaycan, Qazaxıstan və Türkiyədən gəlmiş uşaqlar öz ifaları ilə rəng qatıblar.

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov baharın müjdəsi olan Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib: “Builki Novruz xüsusi bir əhəmiyyət də kəsb etməkdədir. TÜRKSOY-un qurucu üzvlərindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan müstəqilliklərinin 25 illiyini qeyd edirlər. Minilliklərlə keçmişə malik olan Novruz adət-ənənəsi bu ölkələrdə müstəqillik əldə olunduqdan sonra daha da canlanıb. Bəşəriyyətin qeyri-maddi irs nümunəsi olan Novruzu Vaşinqtona daşıyan və İpək Yolu coğrafiyasının bir-birindən rəngli dəyərlərinin tanıdılmasına töhfə verən Novruz Komissiyasına təşəkkürlərimi bildirirəm”. Baş katib çıxışını bu il 1000 illiyi TÜRKSOY tərəfindən qeyd edilən türk mütəfəkkiri Yusif Has Hacibin (Balasaqunlu) nəsihəti ilə bitirib: “Ey insan, yaxşılıq etməkdə davam et: yaxşılıq qocalmaz, ömrü əbədidir”.

Tədbirdə TÜRKSOY-un baş katibi müstəqilliklərinin 25-ci ilini qeyd edən türk dövlətlərinin səfirlərinə, eləcə də ABŞ Prezidenti Barak Obamanın xüsusi təmsilçisinə və Novruz komissiyasının rəhbəri Nasser Kazeminiyə xatirə hədiyyəsi təqdim edib.

Onu da qeyd etmək lazımdır ki, hər il keçirilən Novruz bayramı tədbirlərinin nəticəsi olaraq bu bayram Amerika ictimaiyyəti arasında daha da geniş tanıdılaraq populyarlaşmaqdadır.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 16.