Fikirləri dupduru...
misraları dipdiri: “Güllələr demədi, qayıdın geri, hələ uşaqsınız - nə yaşınız var...”
Üzdən-gözdən
tamamən həlim, sözü-vəzi büsbütün
təlatüm - İsa İsmayılzadə.
Bu dünyaya gəlimi
75-ə, gedimi 20-yə yetmiş
gözəl şair...
Bir dəfə yubileylərdən söz düşərkən “...hamı kimi, şairlərin də ad
günləri ildə bir kərə, şad günləri isə - şeirləri
neçə illər oxunursa, o qədər olur” dedi İsa
İsmayılzadə.
Deməli, 18
yaşından bəri sevilə-sevilə oxunduğunu
nəzərə alsaq, 60 ilə
yaxındır ki bu şairin şad günləridir...
Zahirən də, batinən də qədimi klassiklərimizə - üzlərini görmədiyimiz, bütün digər əlamət və keyfiyyətlərini rəssamların “fantaz-məhsul”u olan “portret”lərə uyğun olaraq xəyalımızda yaratdığımız ədiblərə bənzəyirdi bu şair. Müasirlərindən (və tanışlarından) biri kimi deyim ki, adamlığın naxışıydı İsa İsmayılzadə. Gahdan lal sükut kimi, gahdan şimşək çaxışıydı. Baxışları, təbəssümü, ətrafını dindirməyi sığal idi. Hüsn-rəğbət ehtiyacı olanlara qardaş, qağa idi, ədalılar üzünə isə ağa. İç dünyası roman tutarlı, poema qatarlı bu adam ətrafına bayatı-bayatı baxınar, misra-misra münasibətlər yaradardı. Ədəbi-ictimai həyat dəftərlərində isə, bəzi həmkarlarından fərqli olaraq, hecalanmaz, sənət səhifələrində sətirdən-sətirə keçməzdi... Belə qənaətə gəlinməsin ki, “daha deməyə nə qaldı ki...” Yəni, yuxarıda deyilənlər onun özü (əslində, “özü”nün bir cüzi)...
Sözü isə!..
Onun ömür odasının söz gözünə keçiddə al-əlvan bir ilmə görünür; səslənəndə, şeirlərindəki bir çox ifadələr kimi, duyğulara dad verən yurd yerini, doğum elini deyirəm. Beş-on abzasdan sonra bəhs açacağım sözlərinin - misra-misra xəyallarının rüşeymlənib pərvazlandığı, areal-areal qaynaqlandığı el-obasına işarət edirəm. Onun həyat və yaradıcılıq tərcümeyi-halında “gözəl şair, alovlu publisist, müqtədir tərcüməçi” kimi məlumatlar da vurğulanır. Deyilir ki, 28 yaşında Azərbaycan Yazıçılar İttifaqının üzvü, dövrünün “qızıl-qırmızı” təltifatlarından olan “Lenin komsomolu mükafatı” laureatlarından olub. Amma doğulduğu ilin - 1941-in məşəqqətliliyi, məskənin isə - Qarayazının Qardabani dəyişiminə toxunulmur...
Uşaqlıq dostlarından birinin bu sakit təbiətli şairin orta məktəb illərindən ən maraqlı uşaq şeiri kimi danışdığını eşidənlərdən biriyəm mən. O xanım deyirdi, oranın ən zirək şagirdi kimi gəlib buranın ali məktəbinə - Azərbaycan Dövlət Universitetinə (BDU) daxil olan İsaya həm də bir şair kimi həsəd aparırdıq. 1958-dən 1963-ə qədər filologiya fakültəsinin nümunəvi tələbəsi, 18 yaşından - II kursda ikən çap olunmağa başlayan şeirləri ilə bütün universitet aləminin özəl-gözəl şairi olub İsa. Universiteti bitircək çox aktiv əmək və yaradıcılıq həyatına başlayıb. Təxminən il yarımadək Qardabanidə orta məktəb müəllimi, sonralar Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, “Ədəbiyyat və incəsənət” qəzeti, “Ulduz“, “Azərbaycan” jurnallarında ədəbi işçi, şöbə müdiri, baş redaktor müavini, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, musiqi mətnləri şöbəsinin müdiri vəzifələrində işləyib.
Gözəl şeir və poemaları, tərcümələri, publisistik yazıları ilə dövrün çox istedadlı, məhsuldar qələm əhli kimi daim gündəmdə olub. “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət”, “Yelləncəkdə yellənən külək”, “Gedim anamdan soruşum”, “Bir ömürlük gecə”, “Vurağan, tutağan, yatağan” kimi oxunaqlı kitablar bağlayıb. Məhəbbət və vətəndaşlıq mayalı bir çox mahnı mətnləri yazıb. Məsələn, “Sən mənim köksümdə çarpan bir ürək, Mən sənin köksündə - kiçik bir zərrə”. Bu sədalarla başlayıb, “Böyüklü-kiçikli arzularım da - Adınla bağlıdır, Azərbaycanım!” nidaları ilə davam edib. “Tanış olmaq istəyirəm” sərlövhəsi ilə “Əl uzanır: - Tanış olaq! Əl uzanır: - Salamat qal! Əl uzanır dosta-yada, Əl - “hələlik”, əl - “əlvida”. Cib dəftərim telefonla, adla dolu olsa belə, əl açıram - təzə insan istəyirəm, təzə ünvan istəyirəm” kimi ümumhəyati lövhələr yaradıb. “Şəxsi mənafe” şeirləri də az olmayıb. Biri də doğulduğu ilin “benefis”inə:
Mənim doğulduğum il
naməlum bir əsgərin
adı, ünvanı oldu...
Bəli, bu şairin misralarının çoxusundan doğulduğu ilin qoxusu, qorxusu və poetik yuxusu gəlir:
Yazdı təvəllüdümü
balınca göz yaşları,
yollara - anaların
ümidli baxışları.
Mən təvəllüd günümü
keçirmək istəmirəm
Badələrin səsilə.
Oyatmaq istəmirəm
Küsəyən qardaşımın
qabda qalan payı tək
soyumuş həsrətləri...
Amma... ovaxtları nə qədər “acılasa” da, günlərin birində o çağların könlünü almaq da istəyib bu şair:
Mənim oyuncağım olmayıb heç vaxt.
Hərdən kövrələndə,
uşaqlaşanda,
yaşımdan, təmkindən...
nə bilim, nədən
beşcə addımlığa uzaqlaşanda,
özümə oyuncaq almağım gəlir.
Yapışıb əlindən körpəliyimin
«Uşaq aləmi»nə çəkmək istərəm -
Günlərin bir günündə
balaca İsaya mağazalardan
bir qucaq sevinc alam.
Ciblərinə, papağına, qoynuna
qonşudan oğurlanan
alma əvəzinə, armud yerinə
sevinc dolduram...
Deməyin ki...
Nədən yuxarıda rəngarəng, məhsuldar ədib kimi qələmə verilmiş, hər sahədən, hər mövzuda yazmış bu şairin yalnız “dava”lı şeirlərindən bəhs edilir. Hələ oxuyub-görəcəksiz ki, bu “hələ bu harasıymış”! Özü də həmin mövzulu şeirləri içərisində sözün ən heyran və yuxadan-yuxa mənasında! Və bu siyasi, nəsri-kəsri əsrimizdə bu gözəl nəzmi - “Güllələr demədi...” şeirini çox diqqətlə oxuyacağınıza tam əminliklə:
Getdilər. Getdilər
fit çala-çala,
Getdilər atları çimizdirməyə
-
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq
dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb, dil tökəndə biz
Onlar üstümüzə od ələdilər,
Qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız...
nə yaşınız
var...»
Bir gün xəbər gəldi: dava başlanıb...
Onlar əsgərliyə
çağırıldılar.
Nə tütək çaldılar,
nə fit çaldılar,
Fikirli oldular, ağır oldular...
Yola salanlara qoşulanda biz
Yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın...
geri qayıdın...
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə».
Biz getdik atları çimizdirməyə,
Qulançar yığmağa, moruq
yeməyə:
Düşüb arxamızca gəldi
uşaqlar -
Dilimiz gəlmədi
bir söz deməyə.
Onların yoxluğu düşdü
araya,
Oyunlar, «məclislər»
qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
Aşıq da havanı çaldı yarımçıq.
Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun
yanırdı ocaq.
Bir ağzıgöyçək də
qaralanmışdı:
«Deyəsən, gedənlər
qayıtmayacaq»...
Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü
onların.
Kətmən vura-vura, ot çala-çala
Baxdıq yollara.
Diqqət...
və indi oxuyacağınız bir şəhər adını
o əhvalatdan yarım
əsr sonrakı Xankəndi, Xocalı, Şuşa, küll-Qarabağ ünvanlarımıza
“transfer” etməklə oxumalı:
Getdilər, getdilər Berlinə
sarı,
Getdilər, getdilər ölümə
sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
Qəlpələr demədi: geri qayıdın,
Hələ uşaqsınız, nə
yaşınız var...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 16 mart.-
S. 10.