İsveçrə ilə turizm əməkdaşlığı müzakirə edilib

 

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov martın 10-da Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasında iştirak məqsədilə Bakıda səfərdə olan İsveçrənin Turizmin İnkişaf Etməkdə olan BazarlarXüsusi Layihələr üzrə direktoru Federiko Sommaruqa ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Nazim Səmədov Azərbaycanla İsveçrə arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.

Nazir müavini 7-9 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək ənənəvi AİTF Beynəlxalq Turizm və Səyahətlər Sərgisi barədə qonağa məlumat verib və İsveçrənin turizm şirkətlərini bu il 15-ci dəfə keçiriləcək sərgiyə qatılmağa dəvət edib.

Ölkəmizin turizmlə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Nazim Səmədov 5-6 mart tarixində Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısının keçirildiyini, 2015-ci ildə isə Azərbaycanın İsveçrənin Lüsern şəhərində keçirilən forumdaqonaq ölkə” qismində iştirak etdiyini diqqətə çatdırıb.

Nazir müavini qonağa 25-27 apreldə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə də məlumat verib və İsveçrənin bu tədbirdə yüksək səviyyədə təmsil ediləcəyinə əminliyini bildirib.

Görüşdə İsveçrənin turizm imkanlarına aid təqdimat olub, bu ölkənin turizm infrastrukturu, marşrutlar və əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 9.