Novruz tətilində istirahət: harada və neçəyə?

 

Tarixi min illəri ötən Novruzun əsas özəlliklərindən biri də bayramın ailə üzvləri, yaxın və qohumlarla birlikdə qeyd edilməsidir. Çünki Novruz həm də ailəvi bayramdır. Son illər Novruzla bağlı təxminən birhəftəlik tətil imkanının yaranması bu günləri daha yaddaqalan keçirmək, ölkə daxilində və xaricdə istirahət etmək üçün əsl fürsətdir. Turizm şirkətləri də ənənəvi olaraq Novruzla bağlı müxtəlif turpaketlər təklif edirlər.

 

Ölkə daxilində səyahət həvəskarlarının nəzərinə

 

Novruz bayramı günlərində ölkədaxili turlar bir neçə istiqaməti əhatə edir.

Baku Travel & Tourism” şirkətinin icraçı direktoru Əziz Şiriyevin dediyinə görə, bayram ilə əlaqədar həm daxili, həm də xarici turlar nəzərdə tutulur. 20-22 mart tarixində 2 gecə, 3 gün müddətinə Şəki-Qax-Qəbələ turu olacaq. Qiyməti 175 manatdır. 180 manata 22-24 martda Gəncə-Göygöl-Şəmkir-Gədəbəy, 155 manata 25-27 martda Zaqatala-Balakən-Qax, 85 manata isə 26-27 mart tarixində Masallı-Yardımlı turları var. Şirkət Türkiyə, DubayAvropa ölkələrinə də Novruz bayramı günlərində turlar təklif edir.

Cruise Travel” şirkətinin tur meneceri Ülvi Sultan 85 manatdan başlayan qiymətlə Zaqatala-Qax-Şəki-Oğuz turunun, 19-22 mart tarixində iki nəfər üçün 360 manata Şəmkirdə “Excelsior” hoteldə (3 gecə / 4 gün) turların nəzərdə tutulduğunu bildirdi. Göstərilən qiymətlərə rahat nəqliyyat vasitəsilə təmin olunma, gündəlik 3 dəfə qidalanma, hoteldə gecələmə, ekskursiyalar, əyləncəli proqramlarda iştirak, foto çəkilişləri daxildir.

Bəzi turizm şirkətləri həm adi, həm də bayram günlərində Azərbaycanın müxtəlif regionlarına birgünlük turlar da təklif edirlər. Avtobusla Qəbələ-Lahıc turunu 25 manata əldə etmək olar. 5 yaşa qədər uşaqların pulsuz aparıldığı tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, ekskursiyalar daxildir. Eyni şərtlərlə Qəbələ-Şəki turunun qiyməti 23 manat, Gəncə-Göygöl turu 29 manat, Quba-Şahdağ turu isə 19 manatdır.

Martın 22-23-də Xınalıq-Qrız ekoturu 80 manata təklif edilir. Tura kənd evində dincəlmək, 3 dəfə yemək, bələdçi və foto çəkiliş xidməti daxildir. Martın 25-26-da eyni şərtlərlə təklif olunan Qoşqar zirvəsi turunun qiyməti 100 manatdır.

 

Xarici turların qiymətlərində artım var

 

Bayram günlərində müxtəlif xarici ölkələrə də turlar reallaşdırılacaq. Bu sırada ən çox təklif olunan istiqamətlər Türkiyə, Dubay və Gürcüstandır.

Əlaqə saxladığımız şirkətlərdə əsasən Türkiyə və Dubaya turlar təşkil etdiklərini, həmçinin Avropanın müxtəlif ölkələrinə də turların olduğunu dedilər. Ötən illə müqayisədə bu il xarici turlar manatla ifadədə təxminən iki dəfə baha başa gəlir ki, bu da manatın devalvasiyası ilə bağlıdır. Turizm şirkətlərində deyirlər ki, hər nə qədər müxtəlif kampaniyalar təşkil olunsa da, qiymətləri çox aşağı salmaq mümkün deyil. Yəni dollaravro ilə əslində eyni qiymətlərdir və sadəcə manat ifadədə ciddi bahalaşma var. Avropa istiqamətində hər hansı endirimlər yoxdur, yalnız İstanbul hotelləri bir sıra endirimlər təklif edirlər.

 

Ənənəvi Novruz festivalı keçiriləcək

 

Hər il olduğu kimi, bu ilNovruz günlərində paytaxt Bakıda rəngarəng bayram tədbirləri nəzərdə tutulub. Belə tədbirlərdən biri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən reallaşdırılacaq Novruz festivalıdır. Bayram günlərində Qoşa Qala qapısı yanında “Meydan bazarı” açılacaq, tətbiqi sənət məhsulları və suvenirlərin sərgi-satışı təşkil olunacaq, milli mətbəx ustaları öz məharətlərini nümayiş etdirəcəklər. Rəngarəng konsert proqramı, kəndirbaz və pəhləvanların çıxışı, Novruz personajları Kosa və Keçəlin iştirakı bayram əhval-ruhiyyəsini daha da artıracaq. Bayram günlərində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz tədbirləri təşkil olunacaq.

 

Fariz Hüseynov

 

Məədəniyyət.- 2016.- 16 mart.- S. 9.