Mirandolina səhnəyə
çıxır və... qalib gəlir
Çoxdan görmədiyin
tanışınla, dostunla
görüşəndə «təzə nə var,
nə yox» tipli suallarla söhbətə başlayırsan. Elə
nə vaxtsa oxuduğun,
yaxud baxdığın əsərin yeni tamaşası da təxminən
bu suallara cavab verməlidir. Xüsusən də uğurlu teletamaşası otuz
ildən artıq ekranlara bəzək olan, ara-sıra nümayiş
etdirilən K.Qoldoninin «Mehmanxana
sahibəsi» komediyası kimi əsər. Lakin klassika ona görə klassikadır ki,
sənətə gələn hər yeni nəsil
özünü onda
mütləq sınamaq istəyir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında adını çəkdiyimiz əsərin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovadır.
Dördüncü mərtəbəyə qalxar-qalxmaz dəhlizin sağ tərəfindən aktyorların səsi eşidilir. 60 nömrəli məşq otağı. Cənnət xanım düz ortada əyləşib məşqə baxır. Səhnədə olmasalar da, mizanlar qurulub. Artıq obrazların cilalanması, epizodların bir-birinə sürətli keçidinin işlənməsi prosesi gedir. Aktyorlar hələ səhnə geyimində, parikdə olmasalar da, əllərində rol dəftərlərini tutsalar da, səhnədə hansı əhvalatların necə cərəyan edəcəyini təxmin etmək mümkündür.
- Senyor Kavaler? Aaaaah, Mirandolina!
- Sən uzan, hələ qalxma!
- Görürsünüz, o məni
görən kimi ayıldı!..
- Çox gözəl elədiniz.
- Amma kimsə deyirdi ki, qadınlardan
zəhləsi gedir!
- Həyasızlığa bir
bax!
- Belə yaxşıdı,
Elşən… Kərəm, yaxşıdır. Amma
bir az
yaxına gəl… - deyə Cənnət xanım məşqi saxlayır, - Leyli, sən də tələsmə, Kavalerin
sözündən sonra
ayılmağa başla.
Bu səhnəni bir də təzədən keçək!..
… Tanış sözlərdir, elə deyilmi? Ötən əsrin əllinci
illərində o zamankı
“Azdramada” «Mehmanxana sahibəsi»nə tamaşa
etdiyini xatırlayanların
sayı xeyli azalsa da, 1978-ci ildə Azərbaycan televiziyasında çəkilmiş
eyniadlı tamaşa ara-sıra göstərilir
və sevilir.
«Mehmanxana sahibəsi»nin növbəti səhnə taleyi bizim üçün maraqlıdır deyə, Gənc Tamaşaçılar
Teatrındayıq. Aktyorlar məşq
edir, Cənnət xanım arada onları saxlayıb mizanlara düzəliş verir, obrazların daha dolğun, tamaşanın daha maraqlı və baxımlı olması üçün ayrı-ayrı
ifaçılara öz
irad və qeydlərini bildirir.
Karlo Qoldoninin
yaşadığı dövrdə
bizim indi tanıdığımız vahid
İtaliya olmadığından
görkəmli dramaturq
mənbələrdə Venetsiya
yazarı kimi təqdim edilir. Bütün bunlara
baxmayaraq, öz pyeslərində maarifçilik
ideyalarına xidmət
edən dramaturqun toxunduğu mətləblər,
müraciət etdiyi mövzular zaman və məkan çərçivəsinə sığmır. Yəqin ona
görə ki, zamandan və milli düşüncədən
də uca, qədim və həm də əbədi dəyərlər,
anlamlar var.
Tamaşanın quruluşçu rejissoru
bu komediyaya müraciəti barədə
bunları söyləyir:
- Hər bir aktyor
nəsli Qoldoninin əsərlərində oynamalıdır.
Onun pyeslərində elə güclü dramaturgiya, hər bir obrazın
özünəməxsus dramaturji
yükü var ki, aktyor, rejissor
tamaşa üzərində
işləməkdən zövq
alar, mütləq öz istedadını göstərə bilər.
«Mehmanxana sahibəsi»ndə
siyasət, sosial mənşə bir kənara çəkilib -
əsas məsələ
qadın-kişi münasibətidir.
Pyesin mövzusu əbədi məsələ,
bugünkü dillə
desək, gender məsələsidir.
Baxın, müasir cəmiyyətdə qadının
işi iki qat ağırlaşıb
- ev işlərini
görmək, uşaqlara,
həyat yoldaşına
qayğı göstərmək
kimi əsas qadın vəzifəsinə
işləmək, pul
qazanmaq, ailəni dolandırmaq da əlavə edilib. Qadın ləyaqəti cəmiyyətdə
yüksək qiymətləndirilməlidir.
İstənilən cəmiyyətin səviyyəsini
həmin cəmiyyətdə
qadına münasibət
həll edir. Bu əsərin kökündə
qadınlara nifrət bəsləyən sinyor Rifaprattın adi bir əyalət qızına məğlub
olması durur. Biz bu tamaşamızda
Rifaprattın qadınlara
pis münasibətinin
kökünü aydınlaşdırmaq
istəyirik. Mirandolinanın əsas məramı isə - qadına bəslənilən nifrətə
qalib gəlməkdir.
Məşqdəki fasilədən istifadə
edib, əsas rolların ifaçılarının
öz yeni obrazları barədə fikirlərini öyrənirik.
Əməkdar artist Şövqü Hüseynov, yəni Azərbaycan səhnəsinin
yeni və fərqli sinyor Kavaleri - Rifaprattı:
- Həqiqətən də,
Kavaler çox maraqlı obrazdır. Üstəlik, Azərbaycan tamaşaçısının
yaddaşında Rafael Dadaşov
görkəmində bir
kavaler yaşayır.
Əslində isə obrazda
ən vacibi - bu insanın başına gələnlərdir.
Mən doğma şəhərindən
qaçaq düşmüş,
amma hər addımbaşı Livornaya
qayıdacağını deyən
Rifaprattın qadınları
niyə sevmədiyinin
səbəbini oynamaq istəyirəm. Hələ
ki, tamaşa üzərində iş davam edir. Tamaşa uğurlu
alınsa, biz işimizdən
yaradıcı zövq
alacağıq, teatrsevərlər
də maraqlı tamaşa qazanacaqlar.
Bəs Mirandolinanın
ifaçısı, Əməkdar
artist Leyli Vəliyeva iki yüz əlli
ildən bəri milyonlarla qadının xəyalındakı cəsarətli
qadın obrazının
təcəssümünü, hərəkətləri və
çoxbilmişliyi ilə
ürəklərdən tikan
çıxaran qadını
necə görür?
- Gözəl və ağıllı qadın kimi. Mənim qəhrəmanım adi əyalət qadınıdır. Amma müdriklərdən
kimsə deyib ki, dünyanın ən böyük kələyi kəndli kələyidir. Məqsədim budur ki, tamaşaya
baxan seyrçi bütün kişilər
bu qızın nəyinə vurulublar deyə təəccüblə
sual verməsin. Belə bir sual yaranıbsa
da, obraz onu inandırmalıdır
ki, bu qadın
- həqiqətən də,
sevilməyə layiq qadındır. Fikir verirsiniz,
Mirandolina heç bir aşiqinin ona barmağını toxundurmasına imkan vermir, amma istəyir
ki, qadınlara nifrət edən Kavaler üzərində onun qələbəsindən
hər kəs xəbərdar olsun.
O bilir ki, sonda Fabrisio ilə ailə qurmalıdır, amma öz enerjisini ona da xərcləmir
ki, Kavaler üzərində qələbə
çalmağa mənəvi
gücü çatsın.
«Mehmanxana sahibəsi»nin səhnəyə çıxacağı günü gözləyən teatrsevərlərə məlumat verək ki, bu komediya ilə görüş təxminən aprelin sonlarında baş tutacaq.
Əsərin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır. Rollar əməkdar artistlər Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədova həvalə edilib.
Gözəl Mirandolinanın kobud və inadkar Kavalerə qalib gəldiyini demək olar ki, hamı bilir. Amma bu qələbə məhz bu dəfə necə əldə ediləcək sualına cavab tapmaq üçün premyeranı gözləmək lazım gələcək.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 16 mart.-
S. 7.