Azərbaycanla
UNESCO arasında çərçivə sazişi
üzrə toplantı
Martın 11-də Paris şəhərində Azərbaycan Hökuməti və UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair 2013-cü ildə imzalanmış Çərçivə sazişinin həyata keçirilməsini müzakirə etmək məqsədilə Rəhbər komitənin ilk toplantısı keçirilib. Toplantıda UNESCO-nun müvafiq bölmələrinin nümayəndələri və Azərbaycan nümayəndə heyəti iştirak edib.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsini icra edən Gülnarə Ağalarova və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Nuriyyə Məmmədova daxil idi.
İclasın keçirilməsində əsas məqsəd sözügedən saziş çərçivəsində Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə UNESCO tərəfindən həyata keçirilmiş layihələr haqqında müvafiq hesabatların təqdim edilməsi və qiymətləndirilməsi, həmçinin yeni layihələrin dəstəklənməsi imkanlarının araşdırılmasıdır.
Qeyd etmək lazımdır
ki, ölkəmizin dəstəyi ilə mədəniyyət
sahəsində aşağıdakı layihələr həyata
keçirilib: “Mədəniyyətlərarası
dialoq və qarşılıqlı
anlaşmanın təşviqi məqsədilə elektron təlim mənbələrinin inkişaf etdirilməsi”, “İpək Yolu onlayn platforması”, “Banqladeş və Qvatemalada
davamlı inkişafın təmin edilməsi məqsədilə
qeyri-maddi mədəni irsin
mühafizəsi sahəsində dövlətin qabiliyyətinin
gücləndirilməsi”.
Mədəniyyət.- 2016.- 16 mart.-
S. 5.