Muğam mərkəzində musiqi beşiyinin təqdimatı

 

“Bölgələrdən paytaxta” layihəsinin növbəti tədbiri Şuşaya həsr olunmuşdu

 

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi üzrə növbəti təqdimat tarixi yurd yerimiz olan Qarabağın cənnət məkanı, Azərbaycanın musiqi beşiyi Şuşaya həsr olunmuşdu. Şuşa İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə ərsəyə gələn tədbir martın 14-də Beynəlxalq Muğam Mərkəzində keçirildi.

 

Qonaqlar əvvəlcə mərkəzin foyesində Şuşanın keçmişini, mədəniyyət və incəsənət tarixini əks etdirən əl işləri, xalça, mətbəx nümunələri, rəsmlər və rayon haqqında nəşrlərdən ibarət sərgi ilə tanış oldular.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bölgələrdən paytaxta” layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilir, bədii kollektivlərin və incəsənət ustalarının konsertləri keçirilir. Layihə ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradır. Nazir budəfəki təqdimat məkanının “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində keçirilən digər ünvanlardan fərqləndiyini söylədi. Qeyd etdi ki, Şuşada zaman-zaman milli musiqi mədəniyyəti xəzinəmizə əvəzsiz töhfələr verən görkəmli sənətkarlar yetişib. Təqdimatın da məhz Beynəlxalq Muğam Mərkəzində təşkili bununla bağlıdır.

 

 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir əminliklə bildirdi ki, bu problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Qeyd olundu ki, Şuşanın mədəniyyət ocaqları, musiqi məktəbləri bu gün yaşayır, dövlət tərəfindən onlara dəstək göstərilir, bu istiqamətdə mühüm layihələr həyata keçirilir: Biz o vaxt rahatlıq tapacağıq ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Əminik ki, Prezident İlham Əliyevin səyləri nəticəsində bu məsələ öz həllini tapacaq, işğal altındakı torpaqlarımız azad olunacaqbiz belə təqdimatları Şuşada keçirəcəyik”.

Son illər Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışan Əbülfəs Qarayev bu sahədə əldə olunan uğurlarda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səy və təşəbbüslərini yüksək qiymətləndirdi: “Keçirilən bütün musiqi layihələrində Şuşanın, Qarabağın musiqi irsi təbliğ olunur. İnanırıq ki, nə vaxtsa Şuşanın da adını UNESCO-nun inciləri sırasına daxil edəcəyik”.

 

 

 

 

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən söz açan B.Səfərov qeyd etdi ki, ötən müddət ərzində Azərbaycanın haqq səsi bir sıra ölkələrdə yayılıb, dəstək qazanıb. Belə tədbirlər Şuşanın daha da tanınmasına təkan verəcək.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Şuşa rayonunun tarixi-mədəni zənginliyini, Azərbaycan mədəniyyətinə, musiqisinə və ədəbiyyatına bəxş etdiyi dahilərdən, həmçinin rayonun işğalını və bu işğalın doğurduğu acı nəticələrini əks etdirən videoçarx nümayiş olundu.

Gecədə Şuşa rayon bədii kollektivlərinin, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edildi.

Qeyd edək ki, 2015-ci ildə start verilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, ZaqatalaAbşeron rayonlarının təqdimatı keçirilib.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 4.