Ağsuda “Tərəkəmə çərşənbəsi” folklor festivalı

 

Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində II beynəlxalq “Tərəkəmə çərşənbəsi” folklor festivalı keçirilir.

Martın 14-dən başlayan festivala Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, İndoneziya və Qazaxıstandan nümayəndələr və folklor qrupları qatılıb.

Festivalın açılışında çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Yaandost Asanov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murat Karaçanta, Bakıdakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami əl-Aydi, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli tədbirin türk dünyasının adət-ənənələrinin təbliğində, dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında əhəmiyyətindən danışıblar.

Folklor qruplarının çıxışları ilə davam edən festivalda iştirakçılar müxtəlif ölkələrin adət-ənənələri ilə tanış olmaq, kənd mətbəxini dadmaqs. imkanlar qazanıblar. Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasında aşkar olunan arxeoloji tapıntılar, Misir nümayəndələrinin təşkil etdikləri sərgi, müxtəlif çeşidli Gəgəli palazları da hər kəsdə böyük maraq yaradır.

Festival martın 16-dək davam edəcək.

Qeyd edək ki, Tərəkəmə çərşənbəsi türk obalarında Axır çərşənbə günü ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlıdır. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə , Şirvan bölgəsinin oğuz türk obalarından olan Gəgəli kəndində ən yaxşı şəkildə günümüzədək gəlib çatıb. Hər il Tərəkəmə çərşənbəsi günü kənd sakinləri səhərə qədər yatmır, səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. 2011-ci ildə bu adətlə bağlı film çəkilib, 2015-ci ildə isə ilk beynəlxalq festival keçirilib.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 2.