Kəskin süjetli mövzular, koloritli epik qəhrəmanlar

 

Seyran Səxavət - 70

 

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış nasir, şair, dramaturq, publisist Seyran Səxavət martın 23-ü ömrünün 70-ci baharına qədəm qoyur.

“Tərcümeyi-hal yazmağa ehtiyac hiss etmirəm, çünki ömür yolum yaradıcılığımdır”, - deyirdi Sergey Yesenin. Bu mənada Seyran Səxavətin “Qaçaqaç”, “Daş evlər”, “Ağrı”, “Persona non qrata” və digər əsərlərini oxumaq ədibin ömür yolunu oxumaq kimidir...

Seyran Səxavət sadəcə şair, nasir, dramaturq deyil. Bu cür insanlara şeirin, nəsrin, bütövlükdə ədəbiyyatın hadisəsi kimi baxmamalıyıq. Sözün özündən gələnlər belə dar təsnifatlara sığmaz. Belə adamlar dünya ruhunun bütün bəşəriyyət üçün ümumi olan mənəviyyat tarixinin bir hadisəsidir.

O, sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, ancaq çoxlarının duymadığını duyan sənətkardır. Bəxtinə “Tanrı vergisi” düşən, ilahi bağlılıqları, Tanrını dərk etməyə açar olacaq sirləri insanlara pıçıldayan vasitəçi, halal sözün halal övladıdır.

O, dilimizin gözəlliyini, zənginliyini yaradıcılığında ehtiva edən, xalq ruhuna yaxın, Tanrıya sevgiyə, insanın özünüdərkinə, mənən kamilləşməsinə həsr olunan, bəşəri ideyalara söykənən dərin məzmunlu əsərlərin müəllifidir.

Seyran Əsgər oğlu Xanlarov 1946-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində ziyalı ailəsində doğulmuş, orta məktəbi həmin kənddə bitirmişdir. 1964-1970-ci illərdə ADU-nun şərqşünaslıq fakültəsində ali təhsil almış, ordu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi fəaliyyət göstərmişdir. 1974-1976-cı illərdə göndərişlə İranda tərcüməçi olaraq çalışmışdır. 1976-cı ildə Bakıya qayıdan yazıçı 1981-ci ilədək “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, 1981-1991-ci illərdə “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri olmuşdur.

İlk bədii yazısı 1962-ci ildə “Qızıl Araz” qəzetində çap olunub. Şair, filologiya elmləri doktoru Qasım Qasımzadə onun istedadını yüksək qiymətləndirmiş, “Azərbaycan gəncləri” qəzetində o illər üçün dəbdə olan “Uğur olsun” yazıb gənc şairə nailiyyətlər arzulamışdır. Hələ tələbə ikən, 1970-ci ildə gənc şairin “Adalar” adlı ilk şeirlər kitabı çap olunur və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır. 1977-ci ildə isə şairin “Mənim planetim” adlı ikinci şeirlər kitabı işıq üzü görür. Bu kitablar ədəbi tənqid və oxucular tərəfindən poeziyada yeni nəfəs, yeni söz kimi qarşılanır.

Seyran Səxavət nəsr sahəsində bir-birindən maraqlı proza nümunələri ilə ədəbi mühitdə böyük rəğbət qazanmışdır. Onun nasir qələmindən söz düşəndə ilk olaraq “Hamı elə bilirdi”, “Alça çiçəyi”, “İt intervüsü”, “Boynu əyri kişi”, “Karusel”, “Ət taxtası” və s. kimi dərin mənəvi-əxlaqi məzmunlu hekayələri, “Qızıl teşt”, “Ağrı”, “Sanatoriya”, “Gözü işığa düşmüş adam”, “Bir stəkan hava”, “Qapıların o üzündə qalan dünya”, “Dar köynək” povestləri, “Daş evlər”, “Yəhudi əlifbası”, “Nekroloq”, “Palıd toxumu”, “Bəhanə”, “Qaçaqaç” kimi romanları yadımıza düşür.

O, həyatı ilə əsərləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasiblik olan yazıçılardandır. Çünki ədib insanların hürr yaşamaq haqqını yalnız kitablarında, əsərlərində deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Yazıçının əsərləri yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, mübarizliyi ilə seçilir.

Tutduğu yoldan, məsləyindən böyük Sabir kimi bir an belə dönmədən Haqq yolunu - “düzü düz, əyrini əyri” göstərmək yolunu tutub. Söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu daha kamil, üstün mərtəbəyə qaldırmaqdır. Seyran Səxavət də sələflərinin başladığı bu işin öhdəsindən, sözün həqiqi mənasında, şərəflə gəlməkdədir.

Sözün ucalığını qoruyan, nəinki yazmağı, hətta susmağı ilə də ədəbiyyata xidmət edən halal sözün halal övladına möhkəm cansağlığı, yaradıcılıq uğurları diləyir, ömrünün 70-ci baharı qutlu olsun! - deyirik. Yüz yaşa!

 

Sayğılarla,

Xəyalə Zərrabqızı

 

 

 

Seyran Səxavət haqqında deyirlər...

 

Elçin (Xalq yazıçısı):

Əzizim Seyran!

Səni, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini 70 illiyin münasibətilə ürəkdən təbrik edirəm. Bu cümləni yazıram və buradakı 70 mənim üçün inanılmaz, heyrətamiz bir rəqəmə çevrilir. Gözlərimin qabağına istedadlı, mehriban, eyni zamanda dəliqanlı gənc Seyran gəlir və bu gənc Seyran 70-i haqlasa da, yenə həmin gənclik istedadı ilə, həmin gənclik enerjisi ilə yazıb-yaradır, romanları, hekayələri ilə yeni-yeni uğurlar əldə edir, ədəbiyyatımızı zənginləşdirir.

Səni bir daha ürəkdən təbrik edir, cansağlığı və uzun ömür arzulayıram. İstedad isə həmişə səninlə bir yerdədir.

Sabir Rüstəmxanlı (Xalq şairi): - Seyran Səxavət mənim gənclik dostum olmaqla bərabər, öz yerində möhkəm dayanan qüdrətli bir yazıçıdır. Onun hər bir hekayəsində böyük romanların siqləti və qüdrəti var. Azərbaycan nəsrində onun özünəməxsus dili və üslubu var. Qarabağ danışıq dilini bütün koloriti, codluğu, şirəsi, saflığı və rəngləri ilə Azərbaycan nəsrinə ilk dəfə Seyran Səxavət gətirib. Seyran Səxavət Sözün estetik hakimiyyətində Vicdanın prezidentidir.

İsmayıl Şıxlı (Xalq yazıçısı): - Mən Seyran Səxavətin bu povestini birnəfəsə oxumuşam, povestin səhnə versiyasına - “Qızıl teşt” faciəsinə isə iki dəfə baxmışam. Hər iki dəfə də camaatın nəfəsini dərmədən, səhnədən deyilən sözləri dinlədiyinin şahidi olmuşam, Xanəhmədin qılıncdan kəskin atmacalarından sonra uzun müddət davam edən alqışları eşitmişəm. Sözün düzü, xeyli vaxtdı belə səmimiyyətlə qarşılanan tamaşaya baxmamışdım. İlk dəfə idi ki, belə müşahidəm olurdu - tamaşada ayaq üstə qalxıb yarım saata qədər səhnədəkiləri alqışlayan adamların sevincini unuda bilmirəm.

Bəxtiyar Vahabzadə (Xalq şairi): - Seyran Səxavətin əsərlərini oxumuşam və onun qələminin qüdrətinə, əsərlərinin hər baxımdan orijinallığına, toxunduğu problemlərin yeniliyinə, xüsusən də, heç kəsi təkrar eləməyən yumoruna heyran olmuşam. Seyran Səxavət kimi gözəl qələm sahibinə getdiyi böyük ədəbiyyatın çətin yollarında uğurlar diləyirəm.

Xəlil Rza Ulutürk (Xalq şairi): - Bir var əsərdə bir adamın, bir ailənin faciəsini təsvir edəsən - bunun özü mühüm məsələdir. Bir də var ki, bütöv bir epoxanın, xalqın, millətin taleyini, yaşantılarını, əzablarını, faciəsini canlandırasan - bu, böyük ədəbiyyat işidir. Ədəbiyyata şair kimi gəlmiş, yazıçı kimi şöhrətlənmiş, sadə geyimli, ağköynəkli, mərd, təvazökar, türk sifətli Seyran Səxavət bu işin öhdəsindən şərəflə gəlib... Seyran Səxavət vətəndaş yanğılı bir sənətkardır. Cəsurluğu həyatı gözəl bilməsindən, eybəcərliyə dözməməyindən, təslim və fərari olanlara nifrət bəsləməsindən irəli gəlir...

Hətəm Quliyev (akademik): - Seyran Səxavəti 60 ilə yaxındır ki, tanıyıram. Yəni uşaqlıqdan dostluq edirik. Allah qoysa, yenə də edəcəyik. Görünür dünyaya baxışımızda, ruhumuzda yaxınlıq var. Ancaq bu təkrar deyil. Ümumiyyətlə, təkrar mümkün deyil. Yəqin biz bir-birimizi müəyyən mövqelərdə, fikirlərdə tamamlayırıq. Seyran çox çılğın, hər şeyə həvəs göstərməsi ilə yanaşı, həm də hər şeyə və hər hadisəyə öz fikri, öz münasibəti olan ciddi bir şəxsiyyətdir. Xalqını, vətənini və ümumiyyətlə, insanları sevən və bu məhəbbət yolunda çox böyük əzablar çəkmiş insandır. O, yaradıcılığın böyük təntənələrini də görüb. Arzu edirəm ki, o, biz dostlarını və oxucularını yeni uğurları ilə bundan sonra da sevindirsin.

Musa Yaqub (şair): - Eşidəndə ki, Seyran Səxavətin dirilər üçün yazdığı “Nekroloq” əsəri Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülüb, sevindim və kitabı tapıb birnəfəsə oxudum. O, “Nekroloq” romanı ilə dünya ədəbiyyatında özünə ölməzlik qazandı. Bu əsəri ingilis dilinə çevirib beynəlxalq aləmə çıxara bilsək, məlum olar ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatından qətiyyən geri qalmır, bəlkə də bəzi cəhətləri ilə onu üstələyir.

Aqil Abbas (yazıçı, millət vəkili): - Mən son illərdə Seyran Səxavətin qələmindən çıxan bütün əsərləri ədəbi hadisə adlandırmışam və bu fikrimdə də qalıram. Və kimlərinsə bir hekayəsinə 8-9 məqalə həsr eləyən tənqidçilərimiz nədənsə Seyran Səxavətin əsərlərinə bir qədər laqeyd yanaşırlar. Seyran müəllim, tənqidçilərdən küsməyin, necə ki, Sabir Əhmədli küsmür. Seyran müəllim, oxuculardan da küsməyin, necə ki, Məhəmməd Füzuli küsmür.

Nadir Cabbarlı (tənqidçi): - Seyran Səxavət olmasaydı, Azərbaycan ədəbiyyatı kəskin süjetli mövzular, koloritli epik qəhrəmanlarını itirərdi. Seyran Səxavət olmasaydı, ədəbiyyatımız həyata, insan münasibətlərinə, müasirlərimizə təkrarsız, orijinal və həssas yazıçı baxışından məhrum olardı.

Fuad Poladov (Xalq artisti): - Seyran mənim üçün yaşadığımız dövrün haqsızlığına, çətinliyinə kişi kimi sinə gərən, öz simasını qoruyub saxlayan, onu sevən oxucularının ümidlərini doğruldan, arzularının puça çıxmasına imkan verməyən çox nadir qələm sahibidir. O, mənim qonşumdur, ən ağır, dözülməz, mənəvi sıxıntılar keçirdiyim anlarda Seyranın pəncərələrinə baxmaq və burada mənə həmdərd, həmfikir bir ziyalının yaşadığını düşünməkdən güc-qüvvət almışam. Seyran mənim dostumdur, bu sözləri söyləyəndə sevinc və qürur hissi keçirirəm.

Afaq Bəşirqızı (Xalq artisti): - Seyran Səxavəti dərindən duymaq, öyrənmək və nəhayət kəşf etmək üçün insana bir neçə ömür lazımdır. Seyran Səxavət kiminsə yapıncısının altından keçmək üçün, yaxa cırıb, sinə döyüb, baş yaran oğullardan deyil.

Elçin İsgəndərli (texniki elmlər doktoru, şair): - Mən heç vaxt Seyran Səxavətin “İt intervüsü” kimi gözəl, yüksək sənətkarlıqla yazılmış və məni sarsıdan əsər oxumamışam. Əgər əlimdə elə bir ixtiyarım olsaydı, bu əsərə Nobel mükafatı verərdim.

Hidayət Həsənov (fizika-riyaziyyat elmləri namizədi): - Mənim üçün səmimi dost, sözünü zamanında deyən, vətəndaş mövqeyi olan, Qarabağ dərdini için-için yaşayan və yaşadan, təbii-poetik məntiqə malik görkəmli yazıçı-şair olan Seyran Səxavət son dərəcə dəyanətli, qeyrətli bir kişidir.

Vaqif Yusifli (filologiya elmləri doktoru, tənqidçi): - Çoxlarına bəlkə də məlumdur, bir çoxu isə heç bilmir ki, Seyran Səxavət yaradıcılığa şeirlə başlayıb. Sizi inandırım ki, əgər o, şeirdən əl çəkməsəydi, bu günün ən sayılan şairlərindən biri olacaqdı. İki şeir kitabından sonra nəsrə keçdi. Görünür, onun yazıçı taleyi nəsrlə bağlı imiş və əlbəttə, poeziyada uduzmayıb nəsrə keçən tək-tük yazıçılardan oldu Seyran. Böyük şairimiz Məmməd Araz bir məqaləsində, qısa müddətdə olsa belə, ədəbi mühitdə görünməyən Seyran Səxavəti bağışlamamışdı: “Seyran Səxavət, hardadı, niyə ədəbiyyatdan qaçaq düşüb?”...

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 12.