Təsviri sənətimizdə Novruz ənənələri

 

Xalqımızın keçmişini, bugününü özündə yaşadan elə dəyərlərimiz var ki, onlar hər zaman ədəbiyyatımızın, incəsənətimizin mövzu qaynağıdır. Bu baxımdan Novruzun yeri başdadır. Novruz bir dəyər kimi xalqımızı bütünlüklə təsdiq edən bənzərsiz bayramdır. Onun minillərin o tayından gələn özünəməxsus fəlsəfəsi, ritual və mərasimləri, yemək mədəniyyəti böyük dəyərlər toplusudur. Bu bayram təkcə təbiətin dirilişi deyil, həm də insan düşüncəsinin yenilənməsidir. Azərbaycan təsviri sənətinin başlıca mövzularından biriNovruzdur. Rəssamlarımız bayram, onun mərasimləri, rəmzləri ilə bağlı müxtəlif əsərlər yaradıblar.

 

Azərbaycan peşəkar rəssamlıq sənətinin özülünü qoyanlardan biri Xalq rəssamı Əzim Əzimzadədir. Rəssam əsərlərində xalqımızın adət-ənənələrini, yaşam tərzini, gerçəkliyini olduğu kimi əks etdirməklə bizi özümüzə dərindən tanıtdırıb. Onun Novruzla bağlı əsərləri də bu qəbildəndir. Realist rəssamın bu mövzuda məşhur rəsmlərindən biriKosa-kosa oyunu” adlanır. Əsərdə yazın rəmzi olan Kosa müqəvva kimi təsvir edilib. Amma onun yanında qışın rəmzi olan Keçəl yoxdur. Oyunun iştirakçıları isə kişilər və uşaqlardır. Şübhəsiz ki, rəssam gördüyünü çəkib. Rəssamın “Sabunçu hacıları xoruz döyüşdürürlər” əsəri Novruzun başqa bir adətinə həsr olunub. Əsər insanda o qədər diri, canlı təəssürat yaradır ki, elə bil hadisələr gözümüzün qabağında baş verir: dərilərinə sığmayan kök hacılar böyük maraq və canfəşanlıqla xoruz döyüşdürür, onları bir-birini yenməyə həvəsləndirirlər.

Görkəmli rəssam Ələkbər Rzaquliyev də xalqımızın məişətini, adət-ənənələrini ustalıqla əsərlərinə köçürüb. Rəssamın Novruz mövzusunda çəkdiyi əsərlərindən biriBayrama hazırlıq” adlanır. Doğrudan da, Novruz uzun hazırlıq tələb edən bayramdır. Onun öz yeməkləri, şirniyyatları var. Əsərdə bayram üçün şirniyyat bişirən qadınlar təsvir olunub. Onlar xəmir yoğurur, yuxa yayır, paxlavaqoğal bişirirlər.

Xalq rəssamı Elmira Şahtaxtinskayanın Novruz mövzusunda çəkdiyi əsər isə “Bayrama hazırlıq” adlanır. Əsərdə təsvir olunan qayınana və gəlin bayram şəkərburası bəzəyirlər. Stolun üstündə bayram xonçaları, onların da ortasında səmənilər təsvir olunub.

Xalq rəssamı Böyükağa Mirzəzadənin “Bahartablosu təsviri sənətimizdə Novruzu ən yaxşı tərənnüm edən əsərlərdəndir. Tabloda görünür ki, təbiət qoynunda Novruzla bağlı tədbir keçirilirmilli geyimli beş qız rəqs edir. Yerdə də onların sayı qədər səməni var. Bəlkə də onlar “Səməni” rəqsini oynayırlar. Əsər insanda bahar duyğusu, coşqusu yaradır.

Yaradıcılığında milliliyi hər zaman tərənnüm etmiş Xalq rəssamı Toğrul Nərimanbəyov Novruzla bağlı əsərini “Buzovna kəndində bayram” adlandırıb. Əsərdə bayram süfrəsi, nemətləri, Novruz adətləri əksini tapıb. Bir yanda insanlar yeyirlər, bir yanda çalğıçılar ifa edirlər, bir yanda uşaqlar oynayır, o biri yanda qoyun soyurlar, kabab çəkirlər...

Xalq rəssamı Arif Hüseynovun milli adət-ənənələrimizlə bağlı çoxlu əsərləri var. 2013-cü ildə onun qədim bayramımıza həsr etdiyi əsərlərdən ibarət “Novruz rəngləri” sərgisi də keçirilib və sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Xalq rəssamı Mais Ağabəyovun “Novruz” əsəri də maraqlıdır. Rəssam bayram atributlarını, adətlərini bir arada verməyə çalışıb. Əsərdə Novruz personajları kosa, keçəl, xoruz döyüşdürülməsi, yumurta toqquşdurulması və xonçalar uğurla təsvir edilib.

Əməkdar rəssam Əyyub Məmmədovun “Yaz mənzərəsi” əsəri təkcə təbiətin təsviri deyil, həm də baharın xoş ətrinin, çiçəklərinin, ilıq nəfəsinin tərənnümüdür.

Almaniyada yaşayan Əməkdar rəssam Əşrəf Heybətovun yaradıcılığında millilik başlıca yer tutur. O da Novruz mövzulu əsərlərində bayramın mərasim və rituallarını bir yerdə təsvir edib. Rəssam bu tablolarda öz üslubuna sadiq qalaraq əsasən təmiz rənglərdən istifadə edib.

Rəssam Bayram Qasımxanlının Novruz çərşənbələrinə həsr etdiyiSu çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi”, “Torpaq çərşənbəsi” adlı sulu boya əsərləri doğma rəngləriylə baharın sorağını bizə çatdırır.

Naxçıvanda yaşayan rəssam Cavid İsmayılovun əsərlərindən biriNovruz çərşənbələri” adlanır, beş hissədən ibarətdir. Onlardan dördündə çərşənbələrin təsviri var, birində isə Novruzun rəmzi olan Bahar qızı və səməninin.

Novruz təsviri sənətimizin başlıca mövzularından olduğuna görə, hər il bayram ərəfəsində sərgi salonlarında müxtəlif sərgilər keçirilir. Bu ilpaytaxtda və bölgələrimizdəki qalereyalarda bayram münasibətilə sərgilər açılıb.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 11.