“Hədəfim
peşəkar olmaqdır”
İtaliyada yaşayan gənc
soydaşımız Azər Rzazadə məşhur La Skala Teatrının
akademiyasında təhsil alır. Onun
qazandığı uğurlara yalnız
sevinməliyik. Daha böyük
uğurlar isə qarşıdadır.
Söhbətə Azər özü
başlayır:
-1990-cı ildə Bakıda musiqiçi ailəsində anadan olmuşam. 160 saylı orta məktəbdə təhsil almışam. Məktəb vaxtlarımdan klassik musiqi ilə maraqlanır, ondan böyük zövq alırdım. Opera sənətinə vurulmuşdum. Həm də bilirdim ki, bu sənət insandan böyük istedad və zəhmət tələb edir. 2010-cu ildə peşəkar opera təhsili almaq üçün İtaliyaya gəldim, dünya şöhrətli musiqiçilərdən sənətin sirlərini öyrəndim. 2014-cü ildə isə böyük istəyimə çatdım, həsrətində olduğum La Skala Teatrının akademiyasına daxil oldum. İkinci ildir İtaliyanın Milan şəhərində təhsil alır və solist kimi La Skala səhnəsində çıxış edirəm.
- Atanız - Xalq artisti Zaur Rzayevin bu sənəti seçməyinizə münasibəti necə oldu?
- Atam öncə etiraz etdi, səsimi duyandan sonra mənə böyük dəstək verdi və dedi: “Mənim sənətdə edə bilmədiklərimi etməlisən”. Atam vokal təhsili alıb, onun səs tembrində opera çalarları var, amma opera janrını seçməyib.
- Azərbaycanda ilk vokal müəlliminiz kim
olub?
- Öncə çox hörmət etdiyim Azər Zeynalovdan bir neçə dərs aldım. Sağ olsun ki, məni düzgün
repertuar seçimi ilə təmin etdi, gərəkən dəstəyini göstərdi.
Sonra Bakı Musiqi Akademiyasının hazırlıq
kursuna daxil oldum, hörmətli
professor Hüseyn Əliyevin
sinfində inkişaf yolu keçdim. Onun üzərimdə çox
böyük əməyi
var.
- Bir sıra beynəlxalq
uğurlarınız var. Bu barədə danışardınız...
- Beynəlxalq müsabiqələrin
laureatı olmuşam,
ölkəmizi dünya
səhnələrində təmsil
etmişəm. 2015-ci ildə La Skala səhnəsində debütüm
oldu, çox məsuliyyətli anlar idi. Ona görə ki,
məşhur dirijor Zubin Metanın rəhbərliyi altında
“Aida” operasının premyerası
keçirilirdi. Avropanın bir
sıra telekanalları
bu tamaşanı canlı yayımlayırdı.
Yəqin
ki, mənim həyəcanımı təsəvvür
etmək çətin
deyil.
- Orada fərdi konsertləriniz olurmu?
- Martın 21-də məşhur
pianoçu Vinçenso
Skaleranın müşayiəti
altında La Skala səhnəsində konsert
olacaq, orada mən “Otello” operasından Otello və Dezdemonanın duetini həmkarım Federika Lombardi ilə ifa edəcəyəm.
- Dünyanın məşhur
vokal akademiyasında təhsil alırsınız.
Sizə dünya şöhrətli
opera müğənnilərindən kimlər dərs deyir?
- Burada mən Renato Bruson, Leo Nucci, Plasido Dominqo kimi məşhur
sənətçilərdən dərs alıram. Eləcə də hazırda P.Dominqo ilə La Skala səhnəsini C.Verdinin “İki Foskari” operasında bölüşürəm.
- La Skala səhnəsində hansı rolları ifa etmisiniz?
- 2015-ci ildə dünya şöhrətli soprano Edita
Qruberova ilə bu səhnəni bölüşmüşəm. “Toska” operasından
Kavaradossi və Toskanın duetində çıxış etmişəm,
“Maqbet”də Makdufun ariyasını oxumuşam.
Bu yaxınlarda isə, dediyim kimi, “Otello” operasından Otello və Dezdemonanın duetində oxuyacağam.
Tamaşalara gəldikdə
isə, “Aida” operasında
Messaqqero, “Riqoletto”da Borsa, “İki Foskari” operasında Fante, “Turandot” operasında isə fars şahzadəsi partiyalarını ifa etmişəm.
- Təhsil aldıqdan sonra Vətənə dönmək fikriniz varmı?
- Hədəfim peşəkar
olmaqdır. Tək sənət baxımından
deyil, həm də insan kimi
inkişafı dayandırmamaqdır.
Seçdiyim sənət dünyəvidir.
Ona görə də ölkəmi dünya səviyyəsində təmsil
etməkdən qürur
duyuram.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 18 mart.- S. 10.