Azərbaycan və
Gürcüstan nazirlikləri arasında işçi qrupun ilk iclası keçirilib
Qonşu ölkədəki Azərbaycan mədəniyyətinə aid abidə və muzeylərin bərpa və mühafizəsi müzakirə edilib
Martın 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun ilk görüşü keçirilib. Qrupun Azərbaycan tərəfdən həmsədri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Gürcüstan tərəfdən həmsədr isə mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvilidir.
İclasda Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyinin baş direktoru Nikoloz Antidze, bu ölkənin Bakıdakı səfirliyinin mədəniyyət üzrə müşaviri Georgi Loria və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti şöbələrinin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən Sevda Məmmədəliyeva qonaqlara Azərbaycanın qədim tarixi və mədəniyyəti, respublikamızda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Toplantının Novruz bayramı ərəfəsinə təsadüf etdiyini diqqətə çatdıran nazir müavini, bu bayram da daxil olmaqla UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan mədəniyyət nümunələrindən söhbət açıb. Ölkələrimizin UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, kinematoqrafiya, muzey, incəsənət, təhsil və mədəni irsin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işçi qrup çərçivəsində müvafiq işlərin görülməsinin faydalı olacağı qeyd olunub.
Eləcə də ikitərəfli əlaqələrin genişləndirilməsi və prioritet hesab olunan məsələlərə dair fikir mübadiləsi aparılıb. Sevda Məmmədəliyeva Gürcüstanda yerləşən Azərbaycan mədəniyyətinə aid abidələrin və muzeylərin bərpası və mühafizəsinin, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.
Bununla yanaşı, Azərbaycan və Gürcüstan hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişi çərçivəsində müvafiq əməkdaşlıq proqramının imzalanması məsələsi müzakirə edilib.
Gürcüstan nümayəndə heyətinə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi haqqında məlumat verilib və bu sahədə Gürcüstanla təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyi qeyd olunub.
* * *
Martın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu deyən Əbülfəs Qarayev nazirliklər arasında işçi qrupun ilk iclasının uğurla keçirildiyini bildirib. Mədəniyyət sahəsində əməkdaşlığa dair proqramın imzalanması istiqamətində müvafiq işlərin aparılmasının, eləcə də Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Levan Xaratişvili 1-8 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş UNESCO-nun Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında “Qvevri - qədim gürcü ənənəvi şərab hazırlama üsulu”nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Əbülfəs Qarayev qonaqlara 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil ediləcəyinə əminliyini ifadə edib.
Qonaqlar səfər çərçivəsində
paytaxtımızda bir neçə muzey və tarixi abidəni
ziyarət etdiklərini, Bakının gözəlliyi və Azərbaycan
xalqının qonaqpərvərliyinə heyran
olduqlarını bildirərək səmimi qəbula və səfərin
yüksək səviyyədə təşkilinə görə
nazirə təşəkkür ediblər.
Mədəniyyət.- 2016.- 18 mart.- S. 5.