Balaca tarzənin solo konserti

 

Bu gün az qala bütün valideynlər uşaqlardan şikayətçidir. Şikayətləri də budur ki, telefondan, planşetdən başqa heç nə ilə maraqlanmırlar, dərsdən sonra heç nə ilə məşğul olmaq istəmirlər, əsl musiqiyə qulaq asmırlar... Bəlkə biz böyüklər uşaqları maraqlandıra bilmirik, onlardakı istedadın cücərtisini görmürük? Axı, istedadın aşkarlanmasından ötrü əlverişli mühit də gərəkdir.

 

Martın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində istedadı artıq boy göstərən bir balamızın solo konserti keçirildi. Çıxış edən 36 nömrəli uşaq musiqi məktəbinin şagirdi, xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinin laureatı Mirəli Əlizadə idi.

Balaca tarzən çox maraqlı bir repertuarla çıxış etdi. Düzü, konsertdən əvvəl proqramdakı əsərlərin adlarını oxuyanda elə zənn etdim ki, yəqin məktəbin buraxılış sinfində təhsil alan, Milli Konservatoriyaya hazırlaşan gənc ifaçını görəcəyəm. Səhnəyə isə az qala tarı özü boyda görünən 5-ci sinif şagirdi çıxdı. Proqrama Q.Qarayev, A.Dvorjak, K.Kardel. F.Şopen kimi bəstəkarların heç tar üçün yazmadıqları əsərlər salınmışdı.

Mirəli üzündəki şirin təbəssümlə çalmağa başlayanda isə bütün şübhələrim yoxa çıxdı. Onun səhnədə sərbəst oturuşu, ifa edərkən üzündə nəyisə unuda biləcəyindən dolayı heç bir gərginliyin hiss olunmaması xəbər verirdi ki, bu yeniyetmə istedad sahibidir onu gələcəkdə böyük səhnələrdə uğur gözləyir. Konsertdə onun digər məktəb yoldaşı, III sinif şagirdi Anar Bəndiyev iki musiqi nömrəsini solo, Mirəli ilə iki əsəri duet şəklində ifa etdi.

Konsertdən sonra Mədəniyyət Turizm Nazirliyi Elm, təhsil gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev səhnəyə çıxaraq, öncə hər kəsi nazirliyin rəhbərliyi adından Novruz bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, bu gün Azərbaycanın 237 musiqi məktəbində 70 min şagird təhsil alır. Bu qədər uşağın arasında ən istedadlılarını seçib onlarla məşğul olmaq çox çətin şərəfli işdir. Şöbə müdiri salona toplaşmış musiqi məktəblərinin direktor müəllimlərinə söylədi ki, nazirlik Mirəli kimi istedadlı uşaqların daha geniş salonlarda çıxış etməsi onları daha geniş auditoriyaya tanıtmaq üçün kömək göstərməyə hazırdır. Amma bu işdə müəllimlərin ilk növbədə, övladının istedadını vaxtında duyan valideynlərin məsuliyyəti zəhməti böyük rol oynayır.

Mürəkkəbliyinə görə orta ixtisas musiqi məktəbi, konservatoriya proqramlarına daxil edilən bu əsərlərin ifaçılarının müəllimi ilə tanış olmaq istədik. 36 nömrəli məktəbin müəllimi Sahib Sultanov bəlkə həmin gün hər kəsdən çox xoşbəxt idi. Həmsöhbətim söylədi ki, uşaqların ifa etdikləri Avropa müəlliflərinin əsərlərini ilk dəfə görkəmli tarzən Həmid Vəkilov tarda ifa edib. K.Qardelin «Tanqo»sunu tar dueti üçün isə elə Sahib müəllim özü işləyib. Məşhur «Şindlerin siyahısı» filminə J.Uilyamsın bəstələdiyi melodiyanın milli musiqi alətimiz üçün işləyəni balaca istedadların öz müəllimidir.

12 musiqi nömrəsindən ibarət konsert başa çatınca balaca musiqiçinin yaxınları, dostları onu gül-çiçək yağışına tutdular. İnanırıq ki, yaxın illərdə Mirəli Əlizadənin ifası böyük konsert salonlarında eşidiləcək.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 5.