Novruzda nəyə baxaq?

 

Teatrların bayram repertuarı zəngindir

 

Qarşıdan Azərbaycan xalqının ən gözəl bayramı gəlir. Bu həftəsonunu, beşgünlük rəsmi tətili və növbəti həftəsonunu da nəzərə alsaq, bayram istirahəti doqquz gün davam edəcək. Bu günlərdə hər kəs Novruz büsatında olacaq. Amma bizlərdən fərqli olaraq, mədəniyyət və istirahət ocaqları ikiqat qüvvə ilə işləyəcək. Səhnədə çıxış etməyi - ən sevimli bayram, tamaşaçı-dinləyici alqışını isə ən böyük mükafat sayan sənət adamları bu günlərdə də bizim zövqümüzü oxşamağa, istirahətimizi mənalandırmağa hazırdırlar.

Elə isə, görək Novruz büsatlı günlərdə paytaxtda qalanlar və yaxın-uzaq xarici ölkələrdən, həmçinin bölgələrdən Bakıya gələnlər harada və nəyə tamaşa edə biləcəklər.

 

Akademik Milli Dram Teatrının Novruz günlərində göstərəcəyi «Keçəlin şahlığı» tamaşası M.F.Axundzadənin «Aldanmış kəvakib» povestinin motivləri əsasında hazırlanıb. Mütəfəkkir ədibin böyüklər üçün yazdığı bu əsər rejissorlar Anar Sadıqov və Əlif Cahangirovun təfsirində balaca teatrsevərlərə təqdim oluncaq. Əsərdə uşaq və yeniyetmələrin estetik tərbiyəsi, həyata psixoloji hazırlığı ilə bağlı bir sıra vacib məqamlara toxunulur. «Sehrli xalat» filmindəki İo-Kio babanın sehrli xalatının köməyi ilə gələcəkdən keçmişə səfər edilir. Rollarda Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Hikmət Rəhimov, Rada Nəsibova, Elnar Qarayev, İlahə Həsənova və başqaları çıxış edirlər. Novruz tətili günlərində (20-27 mart) tamaşa hər gün 4 seans nümayiş etdiriləcək.

* * *

Akademik OperaBalet Teatrının da bayram günləri üçün repertuarı bəllidir: uşaqlar üçün iki balet tamaşası - «Şelkunçik» və «Düyməcik», bir opera - «Çəkməli pişik» nümayiş etdiriləcək. Balet tamaşalarında əsas partiyaları Nigar İbrahimova, Gülağası Mirzəyev, Cəmilə Kərimova, Timur Oduşev, Samir Səmədov ifa edəcəklər. Həmişə böyüklər üçün tamaşalarda ifalarını dinlədiyimiz Səbinə Əhmədova (Şahzadə) və Səbinə Əsədova (Pişik), Tural Ağasıyev (Stefan), Anton Ferştandt (Sehrbaz) və Əli Əsgərov (Əsgər) isə bu dəfə balacalara opera sənətinə məhəbbət aşılayacaqlar.

Böyüklər isə gələn şənbə (26 mart) C.Verdinin «Traviata»sına baxa biləcəklər.

* * *

Dövlət Gənc Tamaşaçılar Teatrı bayram tətilinə əməlli-başlı «tədarük görüb». Belə ki, martın 18-də balaca teatrsevərləri «Möcüzəli turpun nağılı» adlı premyera gözləyir. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Tamaşada əməkdar artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzağa Mirzəyev, Anar Səfiyev, Elnur Əliyev iştirak edəcəklər.

Novruz bayramı günlərində teatrda Dünya Uşaq və Gənclər Teatr Günüqeyd ediləcək. Bu münasibətlə martın 18-dən 25-dək “Tamaşaların paradı” adı ilə maraqlı repertuar tərtib edilib.

Bayram günlərində balaca dostlarımız “Möcüzəli turp” ilə yanaşı, “Tıq-tıq xanım”, “Dəcəl keçi”, “Qoğalın nağılı” tamaşalarını da izləyə biləcəklər. Tamaşalardan əvvəl Novruzun əsas personajları - Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar.

* * *

Mövsümün sonunadək bir neçə yeni tamaşanı təhvil verməyi planlaşdıran S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi bayram tətili günlərində həmişəki rejimində işləyir. Təbii ki, uşaq tamaşaları istisna olmaqla. Üzümüzə gələn həftə ərzində hər gün (bazar ertəsi xaric) saat 12-də uşaqlara onların çox sevdikləri tamaşalar göstəriləcək.

* * *

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki, paytaxtda keçirilən teatrlaşdırılmış Novruz tədbir və tamaşalarında əsasən teatrın kollektivi iştirak etdiyi üçün xüsusi bayram tədbirlərinin keçirilməsi planlaşdırılmır. Bununla belə, gələn həftə üç axşam, bir gündüz tamaşası oynanılacaq: ayın 25-də «Qafqazlı qardaşqızı» (rus dilində), 26-da gündüz uşaqlar üçün «Bir dayan, canavar» (rus dilində), axşam www.ferzeli-kef.com, 27-də isə «O olmasın, bu olsun» komediyaları təqdim ediləcək.

* * *

Heydər Əliyev Sarayı da uşaqlar üçün məxsusi bayram proqramı hazırlayıb. Martın 22 və 23-də burada Novruz konserti olacaq. Novruzun əsas personajları Kosa, Keçəl və Bahar qızı şənliyin əsas simaları olacaq. Konsertdə müxətlif səhnəciklər, illüziya şousu da göstəriləcək. Martın 26-27-də isə sarayın səhnəsi muğam sənətinin ixtiyarına veriləcək. Əməkdar artist, muğamxalq mahnılarının mahir ifaçısı Elnarə Abdullayevanın solo konserti Novruz bayramı tədbirlərinin son akkordunu vuracaq.

* * *

Bakı Dövlət Sirkibu tədbirlərdən kənarda qalmayıb. Martın 18-dən etibarən «Gepardlar adası» adlı yeni sirk proqramı paytaxtımızın sakinlərinə və qonaqlarına təqdim ediləcək. Martın 30-dək davam edəcək bu proqramda təlim görmüş bəbirlərlə yanaşı, digər heyvanların və illüziyaçıların çıxışları nəzərdə tutulub.

* * *

Bəlkə də Novruz tətili günlərində bütün teatrlarda birmənalı şəkildə Azərbaycan müəlliflərinin əsərlərinin oynanılması, uşaqlar üçün də məxsusi Novruz, bahar ruhlu əsərlər nümayiş etdirilsəydi, daha yaxşı olardı. Unutmayaq ki, Novruz bayramı həm də Azərbaycana səyahət edən əcnəbilərə öz barəmizdə ən düzgün məlumatı çatdırıb sevdirmək vasitəsidir.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 5.