Sivilizasiyalar Alyansı Qlobal
Forumunun könüllüləri ilə görüş keçirildi
Martın 17-də
Beynəlxalq Muğam Mərkəzində
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının bu
il aprelin 25-27-də
Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunun
könüllüləri ilə görüş
keçirildi.
Görüşü giriş sözü ilə açan Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin önəmindən danışdı. Bildirildi ki, bu cür mötəbər tədbirlər ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasına, nüfuzunun artmasına xidmət edir. Forumun paytaxtımızda keçirilməsi ilə bağlı 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun nazirlər toplantısında qərar qəbul edilib. Ölkə başçısı İlham Əliyev 24 iyul 2015-ci ildə 7-ci Qlobal Forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Nazir onu da diqqətə çatdırdı ki, ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri və Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsinin önəmi nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.
Forumun tarixinə toxunan nazir bunun dünyadakı qarışıq siyasi münasibətlərə, eləcə də davam edən qanlı savaşlara qarşı çözüm olaraq yarandığını söylədi. BMT-nin himayəsi altında iki ildən bir keçirilən tədbirin dünyanın müxtəlif ölkələrində uğurla baş tutduğunu deyən Əbülfəs Qarayev bildirdi ki, belə beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində könüllülərin üzərinə böyük yük düşür. Forumla bağlı müxtəlif universitetlərin tələbələrindən ibarət 423 nəfər könüllü seçilib. Azərbaycanın beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəsinin olduğunu deyən nazir könüllüləri həmişə olduğu kimi bu Forumda da fəal olmağa çağırdı.
Məlumat verildi ki, tədbir üç gün müddətində Bakıdakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirə 120 ölkədən 2500 qonağın gələcəyi gözlənilir. Bir sıra ölkələr prezidentlər və nazirlər səviyyəsində təmsil olunacaq. Bu münasibətlə BMT-nin baş katibi Ban Ki-Moon da ölkəmizə səfər edəcək.
Tədbirin dünya üçün önəminə diqqət çəkən Əbülfəs Qarayev bildirdi ki, Qlobal Forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Eyni vaxtda müxtəlif salonlarda 8 tədbir keçiriləcək.
Daha sonra çıxış edən Forumun Təşkilat Komitəsinin katibi, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə tədbirin proqramı barədə danışdı. Bildirdi ki, Forum “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi ilə keçiriləcək. Forumun www.baku.unaoc.org adlı internet saytı yaradılıb və bütün iştirakçılar orada qeydiyyatdan keçməlidir. Qlobal Forumun ilk günü (25 aprel) gənclərə həsr ediləcək. Həmin tədbirdə iştirak etmək üçün ölkəmizə dünyanın müxtəlif ölkələrindən 125 gənc gələcək. Eləcə də Forum tarixində ilk dəfə olaraq biznes simpoziumu düzənlənəcək. Dünyanın 100-dən çox tanınmış şirkəti simpoziuma dəvət olunub.
Tədbirin başlıca məqsədlərindən biri dünya əhalisinin diqqətini planetdə baş verən qlobal hadisələrə yönəltmək, onların həllində insanları yaxından iştiraka çağırmaqdır. Forumda uşaqların böyük həvəs göstərdiyi kompüter oyunları, mobil telefonların və bu kimi çağdaş cihazların insan sağlamlığına təsiri, insanlarda nifrət hissinin yaranmaması, idman və davamlı inkişaf, dünyada sülhün qorunması, miqrant probleminin həlli yolları və başqa qlobal məsələlər müzakirə olunacaq.
Milli Məclisin deputatı Şahin İsmayılov vaxtilə özünün könüllülük fəaliyyətindən və sözügedən Forumun ölkəmiz üçün önəmindən söz açdı, könüllüləri bu tədbirdə yaxından iştirak etməyə çağırdı.
Görüşdə o da bildirildi ki, 2-9 aprel tarixində Qlobal Forumun könüllüləri üçün treninqlər keçiriləcək.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 18 mart.-
S. 3.