Qoruqlarda Novruz tədbirləri

 

Novruz bayramı münasibətilə ölkənin mədəniyyət ocaqları, istirahət məkanları ilə yanaşı, tarix-mədəniyyət qoruqlarında da ənənəvi olaraq müxtəlif tədbirlər, şənlik və mərasimlər keçirilir.

 

Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda martın 15-dən başlayan bayram tədbirləri ayın 28-dək davam edəcək. Qoruq ərazisində məhəllələrarası qədim milli oyunlardan (yalağa salma, ənzəli, dülə döymə və s.) ibarət yarışların təşkil edilməsi nəzərdə tutulur. Həmçinin Şəki sənətkarlarının əl işlərinin və Şəki şirniyyatlarının satış yarmarkası da təşkil olunacaq.

Qax rayonundakı “İlisu” Tarix-Memarlıq Qoruğunda 16-27 mart tarixində istirahətə gələn turistlər üçün xüsusi marşrutlar üzrə ekskursiyalar təşkil olunacaq. Həmçinin məktəb şagirdləri və ziyarətçilərin iştirakı ilə “Qalaça” abidəsinə yürüş təşkil ediləcək.

Martın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda turizm şirkətlərinin nümayəndələri üçün infotur təşkil olunacaq.

Hacıqabul rayonunda yerləşən “Pir Hüseyn xanəgahı” Tarix-Memarlıq Qoruğu, “Şabran şəhəri” Tarixi Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu, Lahıc Tarix-Mədəniyyət QoruğuZaqatala Tarix-Mədəniyyət Qoruğunda da Novruz bayramı ilə əlaqədar müxtəlif bayram tədbirləri keçiriləcək. Qoruqların ərazisində yerləşən bütün meydanlarda bayram tonqalları yandırılacaq və yerli folklor qruplarının iştirakı ilə konsert proqramları təşkil olunacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 3.