Uşaqlara həsr edilən şair ömrü

 

Azərbaycanda uşaq ədəbiyyatının inkişafında böyük xidmətlər göstərən ədiblərimizdən biri də görkəmli şair, tərcüməçi Teymur Elçindir. O, zəngin yaradıcılığı boyunca ədəbi dilimizin qorunmasına da töhfələr verib.

 

Teymur Süleyman oğlu Əliyev 1924-cü il martın 28-də Şuşa şəhərində dünyaya göz açıb. Hələ uşaq ikən ailələri Bakıya köçür. O, paytaxtdakı 132 saylı orta məktəbdə oxuyur. 1941-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunur. Tələbə ikən ictimai əsaslarla Radio Komitəsində ştatdankənar müxbir, diktor işləyir. 1943-1945-ci ildə Böyük Vətən müharibəsinin iştirakçısı olur. Cəbhədən qayıtdıqdan sonra ali təhsilini davam etdirir və 1948-ci ildə universiteti bitirir.

Teymur Elçin ədəbi yaradıcılıqla bərabər bir çox məsul vəzifələrdə işləyib, respublika komsomol komitəsində çalışıb, 1957-1964-cü illərdə Azərbaycan TeleviziyaRadio Verilişləri Komitəsinin sədri, 1975-1988-ci illərdə respublika mədəniyyət nazirinin müavini olub, beş dəfə Ali Sovetin deputatı seçilib. O, teleradio komitəsinə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin qorunmasında xüsusi həssaslıqla yanaşıb. Gənclərə qayğı göstərir, onlara yaradıcılıqlarında yabançı söz və ifadələrdən qaçmağı məsləhət görürdü. Elə bir üslubu yaradır ki, verilişlərə cavabdeh olanlar hər cümləyə, sözə nəzarət edirdi.

Ədəbi fəaliyyətə hələ orta məktəb illərindən başlayan şairinİspaniya qəhrəmanlarına” adlı ilk şeiri 1938-ci ildə çap olunub. Ümumilikdə 15-ə yaxın şeir kitabı işıq üzü görüb. Əsərləri keçmiş SSRİ-nin müttəfiq respublikalarında çap edilib. Şair tərcümə ilə də məşğul olub. İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko və başqalarının əsərləri Azərbaycan oxucularına Teymur Elçinin tərcüməsində çatdırılıb...

Qeyd edək ki, XIX əsrin ikinci yarısından təşəkkül tapan milli uşaq ədəbiyyatımız XX əsrdə böyük inkişaf yolu keçib. Bu yolda Teymur Elçininmühüm xidmətləri olub. Uşaqlar onun şeirlərini sevə-sevə oxuyublar, bu günoxuyurlar.

ŞairinQar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Xoruzbani gedirəm”, “Torağayın nəğməsi”, “Babalar, nənələr, nəvələr ” və s. əsərlərinə diqqət yetirərkən müəllifin məqsəd və məramı aydın olur.

Şeirlərində Azərbaycan dilinin incə məqamları, məna çalarları ustalıqla qabardılıb. Misralar ahəngdar şəkildə bir-biri ilə uzlaşır. Əzbərlənməsində, daha doğrusu, yadda saxlanılmasında uşaqlar çətinlik çəkmir. “Gəl, bahar” şeirində yazır:

 

Gəl, bahar,

Çətir-çətir,

Güllər gətir,

Otaqlara

Dolsun ətir.

 

Bu şeirdə hər sözün və sətrin mənası aydın duyulur. Uşaqlar tərəfindən də asanlıqla başa düşülürtez də qavranılır.

Şairin yaradıcılığında diqqətçəkən yanıltmaclar da çoxdur. Şeirlərində bir-birinə yaxın və oxşar sözlərin təkrarı maraqlı ahəngdarlıq yaradır. Uşaqlar onu oxuduqca, öyrəndikcə sanki cazibəsindən çıxa bilmir. “Anamın laylası” da bu silsilədəndir:

Layla dedim balama,

İl keçə, ay dolana.

Balam gedə yuxuya,

Başına Ay dolana.

 

Teymur Elçin ədəbi yaradıcılığında sözə ustalıqla yanaşıb. Fikri zərgər dəqiqliyi ilə cilalayaraq yeni sözlər yaradıb. Zəngin yaradıcılıq yolu keçən şairin şeirlərinin hər birinin ahəngində öyrətmək missiyası duyulur. Kirpinin laylası”, “Turacın laylası”, “Siçan balasıkimi şeirlərində uşaq aləminin min bir məqamı görsənir.

Görkəmli şairin sözlərinə xeyli mahnı bəstələnib. O, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov başqa bəstəkarlarla birlikdə çalışıb. Fikrət Əmirovla şairi çox yaxın yaradıcılıq əlaqələri birləşdirib.Göygöl”, “Toy mahnısı”, “De görüm, neyləmişəm”, “Gülür ellər s. kimi məşhur mahnılar bu əməkdaşlığın bəhrəsidir.

Şairin mənzum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Ədəbi ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, ordenlərlə təltif olunub. Vasif Adıgözəlovla birgəQarabağ şikəstəsioratoriyasının musiqisi sözlərinə görə 1990-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Teymur Elçin 14 mart 1992-ci ildə vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 15.