Muzeyin musiqili
qonaqları
Novruz bayramı Üzeyir
Hacıbəylinin ən sevimli bayramlardan biri olub. Üzeyir bəyin
evində bayrama xüsusi
hazırlıq görülər, Novruzun hər
bir ənənəsinə diqqət
ayrılar, bayrama xas bütün ləziz təamlar
hazırlanarmış...
Dahi bəstəkarın ev-muzeyi də bayramı hər il yaddaqalan tədbirlərlə qeyd edir. Martın 17-də “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və N.Tusi adına gimnaziyanın muzeydə keçirdiyi bayram tədbiri də buna misaldır.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Üzeyir bəyin həm həyatda, həm də yaradıcılığında milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına xüsusi önəm verdiyini bildirdi, onun “Bahar nəğməsi” adlı şeir yazdığını diqqətə çatdırdı.
Sonra çıxış üçün söz qonaqlara verildi. Fortepiano şöbəsinin şagirdləri Səbinə Fərzəlizadə və Nərmin Musayevanın ifasında bahar ruhlu musiqilər, Şəms Məmmədzadə, Nərmin Əliyeva, Xuraman Səfərəliyeva, 18 saylı orta məktəbin 1-ci sinif şagirdi Məryəm Cəfərovanın səsləndirdiyi şeirlər, xalq çalğı alətləri şöbəsinin şagirdləri Sulduz Nəsirli, Fatimə Fidayeva, eləcə də Zümrüd Əhmədzadə (Asəf Zeynallı adına Musiqi Kolleci), Əsmər Quluzadə, Nərmin Nemətli və Minəxanım Vəliyevanın çıxışları alqışlarla qarşılandı. “Rast” təsnifini məktəbin müəllimi Əziz Məsimli ifa etdi. Onu tarda Famil Məmmədov, kamançada Mahir Hacıyev müşayiət edirdi.
Ülvi Talıbzadənin tarda ifa etdiyi “Mehriban olaq” mahnısı da ürəkaçan idi. Onu fortepianoda Ülkər Dadaşova müşayiət edirdi. Şaiq İbayevin, xor kollektivinin çıxışları hamını heyran etdi. Məktəbin müəllimləri tərəfindən ifa olunan “Qarabağ şikəstəsi” çox həzin təsir bağışladı. N.Tusi adına gimnaziyanın 3a sinif şagirdləri Üzeyir bəyin “Arşın mal alan” operettasından parçalar ifa etdilər.
Sonda tədbir iştirakçıları “Aytam” ictimai birliyinin üzvü olan gənc rəssam İlahə Xanlarzadənin “Canım Azərbaycanım” mövzusunda çəkdiyi kiçik rəsmlə və muzeyin ekspozisiya zalları ilə tanış oldular.
Təranə
Mirbalaqızı
Üzeyir Hacıbəylinin ev-muzeyinin
kiçik elmi işçisi
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 15.