...Bu Səməndər ki var -
həm gözəl insan, həm də böyük sənətkar...
Bu Rzayev Səməndər ki var, - 41 illik
ömründə çəkildiyi və səsləndirdiyi 63
filmin birindəki (“Bəyin
oğurlanması”) “bu kino
ki var...”,
oynadığı yüzlərlə tamaşaların birindəki
(“Şəhərin yay günləri”)
“Ə, bə bu nətəər olur?!” kimi sözləri,
digər “bədahətən”liklərilə səhnə və ekran
aləmimizə neçə-neçə repmizanlar,
löyün-löyün oyunlar,
dramatik aktlar, elastik-plastik taktlar gətirmiş
bənzərsiz aktyor...
Qısası, bu Səməndər Mənsim oğlu
Rzayev ki var, - bu dünya
durduqca var!..
Adı ilə daim nağıllarımızdakı xeyirxahlıq personajını xatırladacaq, istedadı ilə - reallığımızdakı azmanları...
Bu adamdakı həyat eşqi, sənət atəşi, nəhəng cüssəsilə səhnə və ekrandakı rəqqas-balerin gərdişi kimə müsbət təsir etməyib, görəsən? Bu sualımı “bas” tonda qarşılayasılara məxsusi bir “SOS”: hamıya, hamıya, hamıya! Xüsusən də - müxtəlif səbəblərdən yekrəng həyati gün-güzəranlarından bezib çoxrəng sənətə can atan, lakin istəyinə nail olmayıb, bu tərz istedad və qabiliyyətə həsəd aparan, öz “qisməti-ilahi”sinə küsənib, bu özgəyə “bəxtəvərlik” oxuyan kəslərə...
Bu qismət ki var, yaman qaçılmaz məsələ, yayınılmaz mətləbdir, hörmətli səməndərsevərlər! Yəni, daim az yaşamasına ağrıdığımız bu böyük aktyorumuz müharibənin qurtarmasına dörd ay yeddi gün qalmış deyil, başlamasına az qalmış doğulsaydı, nə bilmək olar, o illərin minlərlə yavrusu kimi, elə fidan yaşlarındaca tələf olardı, ya yox...
Bu tale ki var...
yazısına pozu yox!..
Bu adam 1945-ci ilin
2 yanvarında Ağsu
rayonunda bu dünyaya gəlməli,
1986-cı ilin 27 martında
Bakıda bu dünyadan getməli imiş...
Bu nadir istedad İncəsənət
İnstitutunda böyük
Təhmasib məktəbindən
dərs almalı, Sumqayıt teatrında çalışmalı, həyat
və yaradıcılığının
ən çağlar çağlarını Akademik
Dram Teatrında keçirməli
imiş ki, sənədlərdə, mətbuatda,
kitablarda, yubiley və gün-günaşırı
söhbətlərdə belə-belə
fikirlər işlədilsin,
sözlər söylənsin:
“Azərbaycanın böyük
teatr və kino aktyoru”, “Səməndər Rzayev “Nəsimi” filmində oynadığı obrazda elə özüm-özgürlənib
ki, adam ekranda ona hər
hansı bir aktyor kimi yox,
tarixi şəxsiyyət
İbrahim şah kimi baxır və buna qeyri-adi
bir səmimiliklə, reallıqla irreallığın
vəhdətilə inanır”.
Bir neçə kəlmə də bu 41 yaşlı
sənətkarımızın ötən il
“Azdram”da keçirilən
70 illik yubileyində deyilənlərdən. “Hələ
orta məktəbdə
ikən kütləvi
tədbirlərdə və
dram dərnəyində fəal
iştirak edən Səməndər Rzayev səhnə-sənətə o dərəcədə
bağlı olub ki, Azərbaycan Dövlət Universitetinin
(BDU) filologiya fakültəsini
buraxaraq, 1964-cü ildə
Azərbaycan Dövlət
Teatr İnstitutunun aktyorluq fakültəsinə
daxil olub”. “Bu gözəl, bu
təntənəli tədbirin
keçirilməsi bu çoxdiapazonlu, son dərəcə
xəlqi və eyni dərəcədə
intellekt-elitar sənətkara
ümumxalq və dövlət ehtiramının
əlaməti kimi qiymətləndirilməlidir”. “Hələ Səməndərin
səsi!..”
Bəli,
Səməndərin Səsi!..
Deməzsizmi, mən bu saat
bu yazını Səməndərin səsinin
fonunda yazıram. Hərdən də radio-televiziyada işlədiyim çağlarda
müşahidə etdiyim
hal-hərəkətləri, özünəməxsus jestləri
fonunda. Bunlardan biri haqda yazmaya
bilməm! Çünki bunun şahidi
ancaq mən (və əgər xatırlayırsa, bir
radio-operator xanım). Hə, Azərbaycan radiosunda - “efirarxası” olmuş bir olaydır bu; Səməndərin çoxpərdəli
istedad “səhnə”lərindən,
Allah bilir, neçəncisi...
Deməli, növbəti “Bulaq” verilişi studiyada lentə alınır. Məhluqə xanımla Səməndər
biri-birindən gözəl
üslub-üsulla mətni
oxumaqda, dünyanın
vəfasızlığını pis bilməyən bəndənizsə, bu qeyri-adi sənət cütlüyünün ecazkar
sər-sənət elementlərini
qeyri-müəyyən gələcək
üçün yaddaşına
yazmada. Həm də hər
dəfə olduğu kimi, mənim qələmlə yazdıqlarımı
onların dillə necə qüvvətləndirdiklərinin
fərqində; hər
abzasda gözlənilməz
bir dür-düzən,
süjetdən-süjetə keçidlərdə bədahəti
bir mizan. Minlər-milyonlarla gözün baxdığı
tamaşalarda, ekranlarda
böyük sənətin
yüzlərlə gözəl
oyun-löyünlərindən çıxmış bu bənzərsiz sənətkarlar
o verilişin iki nəfərlik kollektivi önündə də qeyri-adiliklərindən qalmırlar.
Bunların hamısı haqda
danışmağa fürsət
yox, birindən bir qədər geniş bəhs etməyə isə əşhədi-ehtiyac. Bəli, verilişin
tapşırma-xudahafizləşmə anı yaxınlaşır.
Studiya ilə səsyazma otağını ayıran
qalın şüşədən
baxıram ki, Səməndər stuldan ləngərlənə-ləngərlənə
qalxır. Mən ürəyimdə
“axı hələ sağollaşmağa bir cümlə qalıb...” - deyə narahat oluram. Amma, sən demə, bu veriliş işinin içində növbəti bir aparıcı işi varmış; bu yaradıcı sənətkar
o gündən etibarən
növbəti bir canlı qiraət ayrılığının da
bünövrəsini qoyacaqmış!
Aha, o, hər iki əlini ağır-ağır
tovlayıb mikrofon stoluna dayayır, asta-asta qalxır, dalı-dalı qapıya sarı uzaqlaşa-uzaqlaşa:
“Həə, di sağ olun, salamat qalın, istəkli dinləyicilər...”
- deyir...
O hər sözü elə usta dedi...
hər rolu elə zirvə yaratdı, ustadlıqda, ictimai-insani münasibətlərdə
elə bir məqama çatdı ki, qarşılıq söz söyləmək,
yaraş-yanaşıq fikir
tapıb öymək müşkül. Teatr obrazları
haqda düşünürsən,
böyük ekranda yaratdıqları gözlərin
önündən “kino
lenti kimi” keçməyə başlayır.
Hələ hər kərə
maraqla baxdığımız
televiziya tamaşalarındakı
rolları, radiomuzun “qızıl fond”undan olmazın ovqatla dinlədiyimiz verilişləri,
yazılı mənbələrdəki
fikirləri, sevgi dolu frazaları demirəm.
Yazırlar ki, Səməndər Rzayevin yaradıcılıq
yolu, obrazlar rəngarəngliyi təəccübləndirici
dərəcədə çoxşaxəli,
işgüzar məhsuldarlığı
inanılmaz dərəcədə
boldur. “Onun
Azərbaycan kinosundakı
dublyaj işi ayrıca bir korifeylikdir. O, çox
yerlərdə olsa da, hər yerdə
görünsə də,
həmişə kinostudiyanın
dublyaj sexində idi!” “Millətini,
xalqını çox
sevən Səməndər
həmişə oynadığı
rollarda milli cizgiləri qabartmağı
xoşlayırdı. O, ən adi epizodlarda
belə böyük azərbaycanlı kimi görünürdü”. “Səməndərin səsi,
danışığı bir
orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Necə də ahəngli, ürəyəyatımlı danışırdı!”.
“Qəribədir, bəzilərinin
tamaşaçılardan baş
rolla qopara bilmədiyi alqışları
Səməndər Rzayev
epizodik rollarla ala bilirdi”.
Səməndərin özünün
də səhnədənkənar
deyimləri az
olmayıb. Onlardan biri də elə
həmin kiçik, epizodik rollarla bağlıdır: “Böyük
qapıları kiçik
açarla da açmaq olur”.
Səhnədə Səməndərin səsi
eşidiləndə salon ağzınadək
sükuta, ürəklərsə
dərinliklərinədək təlatümə qərq
olurdu. Klassik aktyor sənətimizin
ruhunu bütün canı-qanı ilə yaşadan bu sənətkarın özü
də ünlü klassikə çevrildi.
Onun obrazlarının hər biri maraqlı idi. Teatrdan söhbət düşəndə
Səməndər ilkin
yada düşənlərdən
olur və xatirələrdə “Həyatın
dibində”, “Hamlet”, “Yağışdan
sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı”... kimi
unudulmaz tamaşalar canlanır. Onun böyük kino
aləmindəki bənzərsiz
işləri isə ayrıca bir yazı mövzusudur.
Bu aktyorun ekran
obrazları hörmətli
oxucularımıza kifayət
qədər aydın olduğundan, bu yola hansı rolla başlaması haqda bir epizoda
toxunmaq istərdim.
Deyilənə görə,
“iş”dən baxəbər
jurnalistlər təbiətən
şən-şux adam olan Səməndərə bununla
bağlı tez-tez suallar verər, o isə hər dəfə araya söz qatıb “məsələ”nin üstündən
keçməyə çalışarmış.
Belə olayların birində onun sənət dostlarından ən yaxını (və ən baməzəsi), Xalq artisti Yaşar
Nuri deyir “Alə, böyük Allahdan, diribaş tamaşaçılardan gizlin
döyül, bu fağır jurnalistlərdən
nöş gizlədirsən?
“Uşaqlığın son gecəsi”nin lap süftə-bismillahında
küçədə gəzən
iki milis işçisindən biri sənsən dəə!”
Deyirəm elə mən də bu yazını
o rəhmətliklərin o şux
zarafat ovqatları ilə bitirim dəə...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 13.