Nağıllar yaradan rəssam
Xalq rəssamı Arif
Hüseynovu uşaqlıq
çağlarımın sevimli jurnalı
“Göyərçin”dən tanımışam. Onun çəkdiyi rəsmlər
uşaqları nağıllar dünyasına aparar,
bədii duyumunu artırardı. Bu dəfə onun
emalatxanasında qonaq oldum.
Emalatxanada ilk olaraq kitablar diqqətimi çəkdi.
Bu da onun
uzun illər kitab
qrafikası sahəsində fəaliyyəti, eləcə də
geniş mütaliəsi ilə
bağlıdır. Söhbətimizə elə bu mövzudan
başlayırıq.
Arif Hüseynov uşaqlıqdan kitab oxumağı sevdiyini bildirir: “Həyatım boyu kitabları sevmişəm. Sonradan kitab qrafikası ilə məşğul olduğumdan müəlliflərlə də yaxından tanışlığım yaranıb. Özümü o baxımdan bəxtli sayıram. Yaradıcı adam kitablarla dost olmalıdır. Rəssamlıqda fikir başlıca işdir, bu da kitablardan gəlir. Rəssamın fikrilə texniki bacarığı, əli bir olmalıdır. Məqam olur ki, fikir gəlir, ancaq əl bacarmır. Yaxud əl bacarır, di gəl, fikir olmur. Məsələn, məşhur rus boyakarı Vasili Surikov tələbə vaxtı orta səviyyəli rəssam olub, sonradan yaradıcılığı hesabına böyük rəssama çevrilib. Rəssamlıq əsəri bir şəxsin məhsuludur. Burada kətanı çərçivəyə tikən də, əsəri çəkən də bir adamdır. Əsər rəssamın kimliyini - biliyini, dünyagörüşünü, sənətkarlığını üzə çıxarır. Hələ yaxşı çəkmək - rəssam olmaq demək deyil. Əsas məsələ əsərdə fikrin olmasıdır”.
Söhbətimiz yavaş-yavaş qızışır: “Sizi həmişə qrafika ilə məşğul olan görmüşəm. Deyəsən, rəngkarlıqla bağlı işləriniz də var?”
“2006-cı ilə kimi yalnız ağ-qara qrafika ilə məşğul olmuşam. Həmin ildən əsərlərimi həm də rənglə çəkməyə başladım. Tələbəlik illərindən “Göyərçin” jurnalında rəssam işləmişəm. Orada uşaqlar üçün şəkilləri miniatürə yaxın çəkirdim. O vaxt SSRİ Rəssamlar İttifaqında Gənclər Komissiyası vardı. 3-4 il o xətlə Moskva ətrafındakı SSRİ Rəssamlar İttifaqının “Senej” Yaradıcılıq Evinə getmişəm. Hər dəfə də iki ay müddətinə. Bütün respublikalardan rəssamlar ora işləməyə gəlirdilər. Orada qrafika ilə məşğul olmaq üçün hər şərait vardı. Mən qrafikanı köklü olaraq orada öyrəndim, ümumittifaq və beynəlxalq sərgilərə çıxış əldə etdim”.
A.Hüseynov 1968-ci ildən
“Göyərçin” jurnalında çap
olunur. Deyir, o vaxtlar jurnalın 280 min tirajı varmış. Rəssam jurnala
bir çox yeniliklər gətirib,
1985-ci ildən onun baş rəssamı olub. 40 ilə yaxındır kitab qrafikası ilə məşğuldur:
“İlk dəfə
Rəsul Rzanın “Vaxt var ikən”
kitabına qrafik əsərlər işləmişəm. Həmin kitaba
Toğrul Nərimanbəyov
rəsmlər çəkmişdi.
Mən də beş müstəqil
əsər çəkdim.
Onlar şeirdəki hadisələrin
təsviri, illüstrasiyası
deyildi. Sağlığında R.Rzaya əsərləri
hədiyyə etdim.
Mənim
kitablara çəkdiklərim
illüstrasiya deyil, hamısı müstəqil
əsərlərdir. Elə işləyirəm
ki, çəkdiyim əsər şeirdən,
romandan qıraqda müstəqil mahiyyət daşısın, anlaşılsın.
Dünya
və Azərbaycan ədəbiyyatının bir
çox tanınmış
yazarlarının əsərlərinə
rəsmlər çəkmişəm”.
Doğrudan da, A.Hüseynovun kitablara çəkdiyi rəsmlər mövzuya fərqli yanaşma baxımından diqqəti
cəlb edir. Onun ənənəvi illüstrasiya
sənətinə yanaşması
özünəməxsusdur: “Kitabdakı rəsm mətni təkrar etməməli, mövzunun
müstəqil ifadəsi
olmalıdır. İllüstrasiyanı özüm üçün
çox bəsit sayıram. Gərək qrafika illüstrasiyadan
yüksək olsun.
Məsələn, Migel de Servantesin
“Don Kixot” əsərinə
çoxlu rəssamlar
rəsm çəkiblər.
P.Pikasso kimi dahi rəssam
da bu mövzuya
özünəməxsus yanaşıb.
Qrafik əsər yazıçının
yazdığından asılı
olmamalı, müstəqiliyə
can atmalıdır”.
Rəssamın böyük şairimiz
M.Ə.Sabirin “Hophopnamə”
kitabının 1980-ci il nəşrinə çəkdiyi qrafik əsərlər zamanında
birmənalı qarşılanmamışdı.
O çağa kimi Sabirin kitablarına Əzim Əzimzadə və Nəcəfqulu İsmayılovun satirik illüstrasiyalar çəkdiyini
görmüşdük. Elə
bununla bağlı rəssamın başına
qəribə əhvalat
da gəlib:
“Xalq rəssamı Mikayıl Abdullayev bir gün mənə
dedi ki, Sabirin əsərlərini
çap edirlər, rəssam gərəkdir, sənin adını vermişəm. “Yazıçı”
nəşriyyatına get,
baş redaktor Əliağa Kürçaylı
ilə görüş.
Kürçaylı ilə
görüşəndə dedim ki, mən
öncəkilər kimi
çəkməyəcəyəm, o da razılaşdı. Öncə karandaşla eskizləri çəkdim, bəyəndilər.
Sonra da kitab çap
olundu. Sabirin əsərlərinin öncəki nəşrlərinə
Ə.Əzimzadə və
Nəcəfqulu illüstrasiyalar
çəkmişdi. 1980-ci
ildə çap olunan “Hophopnamə”yə çəkdiyim rəsmləri
o vaxt çoxları qəbul etmirdi. Bu işin başında
şairin oğlu Məmmədsəlim Tahirzadə
dururdu. Çapdan sonra o, Mərkəzi
Komitəyə yazdı
ki, kitabdakı rəsmlər şeirlərin
ruhuna uyğun gəlmir, yəni satirik illüstrasiya deyil. O, mənim kitaba çəkdiyim qrafik əsərləri bəyənməmişdi. Ona görə
istəyirdi ki, kitab yenidən çap olunsun. Sonrakı nəşrdə rəssam
Elçin Məmmədov
“Hophopnamə”yə modern üslubda
rəsmlər çəkdi,
karikaturaya yaxınlığı
saxladı”.
Rəssamın “Hophopnamə” ilə bağlı son işi Sabirin 150 illiyi münasibətilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
buraxılan kitabda olub. Orada A.Hüseynovun 40 qrafik
əsəri yer alıb. Əsərlərin
çoxunun üzərində
şairin şeirləri
ərəb, kiril, latın əlifbalarıyla
yazılıb. Bu isə ona işarədir
ki, millətimiz bir əsrdə üç dəfə əlifbasını dəyişib.
Həmin
kitab Astanada keçirilən beynəlxalq
kitab sərgisində mükafata layiq görülüb.
Bu gün Azərbaycan
rəssamlığında çağdaş
istiqamətlər geniş
yayılıb. Ənənəvi qrafika sənətinə
münasibət isə
ürəkaçan deyil.
Rəssam bu haqda belə deyir: “İncəsənətin
başlıca kodu duyğudur, sonra isə ağıl gəlir. Bunlar üst-üstə düşəndə həqiqi
sənət əsəri
yaranır. İndi Azərbaycanda
abstraksionizm, avanqardizm
dəb düşüb.
Hamı birbaşa Pikasso kimi çəkmək istəyir. Halbuki Pikasso ora gələnə qədər
böyük yol keçmişdi. Rəssam bilikli
olmalıdır. Belə olsa,
o öz fikrini iki rənglə də verə bilər. Ağ-qara çəkmək ən çətin işdir. Ağla qaranın arasında
min cür rəng var.
Əsl abstraksiya budur. Bu çətin
olduğu üçün
rəssamların çoxu
rənglə işləməyi
üstün tutur”.
Rəssamın yaradıcılığında nağılçılıq aydın
görünür. O, nə
çəkir-çəksin, oradan nağıl məzmunu çıxır.
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə ingilis dilində çap olunan “Azərbaycan nağılları”
kitabına 30 rəsm çəkib: “Nağıllarımızda
böyük fəlsəfə
var. B.Vahabzadə deyirdi
ki, insanlar gərək nağılları
uşaqlıqda və
qocalıqda oxusunlar. Yaradıcı adam
üçün folklorda
çox şey var”.
A.Hüseynov iki ildən bəri “Qarabağnamələr - tarixin səhifələri” adlı qrafika sərgisinə ciddi hazırlaşır. Bəs işlər nə yerdədir? “Bu ilin sonuna əsərləri bitirəcəyəm. Hamısı ağ-qara əsərlər olacaq. Artıq 30 əsərim hazırdır. Qədimdən bugünə bütün Azərbaycan tarixi həmin əsərlərdə öz əksini tapacaq. Bunlar bədii-sənədli qrafika olacaq. Burada fotolardan da istifadə etmişəm. Qarabağ məsələsini qrafika vasitəsilə dünyaya çıxarmaq istəyirəm. Burada alban kilsələrinin erməniləşdirilməsi, ermənilərin Qarabağa gəlməsi, Qarabağ savaşına qədər hər şey əksini tapacaq. Bu əsərləri klassik qravüra səviyyəsində işləmişəm”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olan A.Hüseynov bu gün rəssamlar arasında qrafikaya olan ögey münasibətdən gileylənir: “Qrafikaya maraq azdır. Azərbaycanda qrafik əsərlərin alıcısı yoxdur. Bütün bunlara baxmayaraq, qrafika sahəsində bir neçə ümidverici gənc var. Mənim Yaponiyada, Almaniyada, Hollandiyada qrafik əsərlərdən ibarət sərgilərim olub, yaradıcılığıma yüksək münasibət görmüşəm. Yaponiyada 45 əsərimdən 25-i satılmışdı”.
Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın 70 illiyi ilə bağlı 2013-cü ildə “Arif Hüseynov. Cizgilərin hikməti” adlı sanballı bioqrafik əsər yazıb. Rəssam kitab haqqında deyir: “Bu kitab mənim yaradıcılığımın təsdiqidir. Kitabda həyatım, yaradıcılığımla bağlı hər şey öz əksini tapıb. Yaradıcılığım xalqın yaşamı, folkloru ilə sıx bağlıdır, ona doğmadır. Bu səbəbdən əsərlərimin yaşarılığına inamım çox böyükdür”.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 12.