"Azərbaycanın
mədəni irsi" özbək dilində
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın maddi və qeyri-maddi irs nümunələrinin təbliği məqsədilə silsilə tədbirlər həyata keçirir.
Mərkəzin növbəti layihəsi olan "Azərbaycanın mədəni irsi" kitabının Daşkənddə özbək və rus dilində nəşr olunması da bu məqsədə xidmət edir.
Mərkəzin direktoru Samir Abbasovun sözlərinə görə, bu, özbək dilində Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirən ilk nəşr layihəsidir.
Kitabın hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş mədəni irs nümunələrimiz, milli musiqi alətlərimizlə bağlı müvafiq məlumatlarından, nəşrlərdən, habelə Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından istifadə edilib.
Kitabda Azərbaycanın xalça, muğam və aşıq sənəti, Novruz bayramı, kəlağayı, Lahıc misgərlik sənəti, Qarabağ atı ilə oynanılan çövkən atüstü oyunu, musiqi alətlərimiz və milli kulinariya nümunələrindən söz açılır, "Köçəri", "Yallı", "Uzundərə" və s. xalq rəqslərimiz haqqında məlumat verilir. Kitabın redaktə və tərcüməsini tanınmış özbək alimi Usman Kuçkar həyata keçirib.
Ön sözün
müəllifləri Azərbaycanın Özbəkistandakı
səfiri Hüseyn Quliyev
və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 10.