Ölkəmizin turizm imkanları Moskvada nümayiş olunub

 

23-26 mart tarixində Rusiyanın paytaxtı Moskvada keçirilən "MITT 2016" beynəlxalq turizm sərgisində 180 ölkə və regiondan 1500-dək şirkət qatılıb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları da 70 kvadratmetrlik stenddə nümayiş olunub.

 

Tədbirdə nazirliyin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva, nazirliyin Rusiyada turizm nümayəndəliyi olan "Tour a Vent" şirkəti, “ŞahdağTurizm Mərkəzi, Azərbaycan Hava Yolları, 7-9 apreldə Bakıda keçiriləcək ənənəvi "AİTF" sərgisi, 17-19 iyun tarixində paytaxtımızın ev sahibliyi edəcəyi "Formula 1” Avropa Qran-prisinin Təşkilat Komitəsi və 20-yə yaxın yerli turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Milli stendimizdə ziyarətçilərə ölkəmizin turizm potensialı barədə məlumat verilib, rusingilis dillərində müxtəlif reklam-çap məhsulları təqdim edilib. Stenddə Azərbaycanın məşhur turizm obyektləri, maraqlı səyahət marşrutları, hotellər, nəqliyyat strukturus. barədə məlumatlar yer alıb.

Sərgi zamanı "National Geographic Russia", "Discovery", "Voyaj" kimi tanınmış turizm nəşr və yayım qurumları ilə işgüzar görüşlər keçirilib. Bundan əlavə, "Rossiya 24" telekanalında ölkəmizə məxsus olan stenddə nümayiş edilən turizm imkanları barədə geniş məlumatın təqdim edilməsi məqsədilə müsahibə verilib.

Martın 23-də sərgi çərçivəsində işgüzar əlaqələri genişləndirmək məqsədilə Azərbaycan Turizm Assosiasiyası və Rusiya Federasiyası Tümen Regional Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, tərəflər turizm sahəsində təcrübə mübadiləsi aparacaq, birgə konfranslar, seminarlar, sərgilər təşkil edəcək, turizm şirkətləri arasında əməkdaşlığın qurulmasına kömək göstərəcəklər.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 9.