Bakının Novruz qonaqları
Azərbaycan
paytaxtı bu il də
Novruz bayramını təmtəraqla, el şənlikləri ilə qeyd
etdi. Bir həftəyə
yaxın davam edən bayram
tətili günlərində Bakıya müxtəlif ölkələrdən
gələn turistlər də bu təntənənin
iştirakçısı oldular. Qonaqlar
küçə və meydanlarda
keçirilən konsert və əyləncə
proqramlarını izlədilər, şəhərimizin
görməli yerləri, tarixi-mədəni məkanları ilə
tanış oldular, Novruz
şirniyyatlarının, milli yeməklərimizin
dadına baxdılar, Bakıdan zəngin təəssüratla
ayrıldılar. Onların bir
neçəsi ilə biz də həmsöhbət
olduq.
İranlı İbrahim Aslan ikinci dəfədir ki, Novruzu Bakıda qeyd etdiyini deyir: “İranın hər yerində, o cümlədən Cənubi Azərbaycanda Novruz bayramı geniş şəkildə qeyd olunur. Biz Bakıya çox bağlıyıq. Çalışırıq ki, azı ildə bir dəfə buraya gələk, əsasən də Novruz bayramında ailəliklə gəlməyi xoşlayırıq. Çünki Novruzun ən böyük təntənə ilə bayram edildiyi şəhər Bakıdır. Novruz şirniyyatları, təşkil edilən tədbirlər, göstərilən qonaqpərvərlik ürəyimizcədir. Gələn il də Novruzu burada qarşılayacağıq”.
Böyük Britaniyadan Alister Forder bir müddətdir ki, Bakıda yaşadığını, ilk dəfə Novruz şənliyində iştirak etdiyini bildirir: “Doqquz aya yaxındır ki, Bakıda yaşayıram və ilk dəfədir ölkənizin milli bayramına qatılıram. Xanımımla bərabər bayram şənliyini izlədik və xoş əhval-ruhiyyədəyik. Yeməkləriniz, kabablar, Novruz şirniyyatları, milli rəqslər, mahnılar - hamısı əladır”.
Qazaxıstanlı gənclər - Yerzan İmanmalik və Aygerim Baygalı isə tələbə olduqlarını və Novruz tətillərini Bakıda keçirdiklərini deyirlər: “Novruz Qazaxıstanda da milli bayramdır və bir neçə gün davam edir. Bu il azərbaycanlı dostlarımızın məsləhəti ilə bayram tətilini Bakıda keçirməyə qərar verdik və çox məmnunuq. Hər şey yüksək səviyyədə təşkil olunub, yeməklərinizə, şirniyyatlara söz ola bilməz. Novruzun simvolları olan Bahar qızı, xüsusilə Kosa və Keçəl bizə çox maraqlı gəldi. Şəhəriniz çox gözəldir. Bir daha Novruz bayramında Bakıya gələcəyik”.
Sadiq Musa
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 8.