"Ölkəmizi tanıyaq" aksiyasının növbəti mərhələsi başa çatıb

 

Xəbər verdiyimiz kimi, 16-19 və 24-27 mart tarixində Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikanın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın 4-cü mərhələsi reallaşıb. Budəfəki aksiyada 54 şəhər və rayondan 2 minə yaxın IX-XI sinif şagirdi iştirak edib.

Martın 25-də şimal istiqamətində səfərdə olan Ağdaş, Ağdam, Şirvan, Göyçay, Laçın, Kəlbəcər, Xocalı və Xocavənd məktəblərindən 160-a yaxın şagird "Şahdağ" Turizm Mərkəzini ziyarət edib. Şagirdlər mərkəzdəki şərait və infrastrukturla tanış olublar, onlara Azərbaycanın ilk dağ-xizək kurortunun kanat yolları, xizək yamacları, mərkəzdə mövcud olan müxtəlif əyləncə xidmətləri haqqında məlumat verilib. Şagirdlər Novruz münasibətilə burada yaradılan bayram ab-havasından da zövq alıblar.

Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində məktəblilərin “ŞahdağTurizm Mərkəzinə birinci səfəri deyil. 2014-cü ilin avqustunda TovuzAğstafa məktəbliləri, həmin ilin noyabrında Bakının Binəqədi və Nəsimi rayonlarının məktəbliləri, 2015-ci ilin noyabrında isə İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından şagirdlər kompleksi ziyarət ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzi daim məktəblilərin və gənc nəslin hərtərəfli inkişafına diqqət ayırır. İki ildir ki, mərkəzdə Qusar rayonunun şagirdləri üçün Azərbaycanda ilk beynəlxalq xizək məktəbinin müəllimləri tərəfindən xizək dərsləri təşkil olunur. Növbəti mövsümlərdə bu təlimlərin digər rayon və şəhər məktəblərini də əhatə etməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 8.