“Təsviri sənət həftəsi” rəngarəng tədbirlərlə yadda qaldı

 

Artıq üçüncü ildir ki, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) təşkilatçılığı ilə “Təsviri sənət həftəsi” keçirilir. Builki tədbirlər martın 24-dən 29-dək paytaxtdakı müxtəlif ünvanlarda baş tutdu.

 

İlk olaraq martın 24-də ARİ-də “Təsviri sənət həftəsi” ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən qurumun sədri, Xalq rəssamı Fərhad Xəlilov sənət həftəsinin proqramı ilə iştirakçıları tanış etdi.

Bildirdi ki, ölkədə təsviri sənətin inkişaf etdirilməsi, uşaqlar və gənclər, eləcə də ictimaiyyət arasında təbliği məqsədilə bu tədbirlər düzənlənir. Onun sözlərinə görə, çağdaş texniki inkişafla bağlı ənənəvi sənətlərə maraq azalmaqdadır. Bunun qarşısını almaq üçün böyük ənənələri olan Azərbaycan rəssamlıq sənətini yaşatmaq, gələcək nəsillərə çatdırmaq başlıca şərtdir. ARİ sədri bu məqsədlə müxtəlif tədbirlərin keçirildiyini, eləcə də rəssamların sərgilərinin təşkil edildiyini vurğuladı.

Həmin gün Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsi tələbələrinin əsərlərindən ibarət sərginin açılışı oldu. Sərgidə 50 tələbənin 150-dən çox əsəri nümayiş etdirildi.

Martın 25-də İçərişəhərdəki Əzim Əzimzadə bağında “Təsviri sənət həftəsi”nin açılışı oldu. Mərasimə tanınmış rəssamlar, sənətsevərlər qatılmışdı.

Həmin gün uşaqların rəsm əsərlərindən ibarət sərgi-müsabiqə də keçirildi. Sərgi-müsabiqədə yaşı 5-14 arasında olan 20-dən çox uşaq iştirak edirdi. Öncə iştirakçılara rəsm çəkmək üçün gərək olan ləvazimatlar verildi, onlara sərbəst mövzuda işləmək tapşırıldı. Uşaqlar bir saatdan çox müddətdə istədikləri mövzularda rəsmlər çəkdilər. Sonra onların əl işləri sərgiləndi və mükafatlandırıldı. Balaca rəssamlara iştirak haqqında diplom və hədiyyələr təqdim edildi.

ARİ-nin V.Səmədova adına sərgi salonunda isə gənc rəssamların əsərlərindən ibarət sərgi sənətsevərlərə təqdim olundu. Sərgidə rəssamların müxtəlif mövzularda çəkdikləri 100-dən çox əsər nümayiş etdirildi. Müəlliflər arasında imzası tanınan gənclərlə yanaşı, əsərləri ilk dəfə sərgilənənlər də vardı.

Daha bir sərgi İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində təşkil edilmişdi. Gənc rəssam Billurə Məmmədovanın ''Billur rənglər, saf duyğular'' adlı fərdi yaradıcılıq sərgisində müəllifin 20-yə yaxın əsəri təqdim olunurdu. Tədbiri ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq gənc rəssamın sənətdə addımlarını təqdir etdi, ona yaradıcılıq uğurları arzuladı.

“Təsviri sənət həftəsi”nin ikinci günü - martın 26-da Azərbaycan rəssamlarının bir qrupu 4 saylı Şüvəlan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların internat məktəbini ziyarət etdi. ARİ-dən olan rəssam heyəti 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən tikilmiş məktəbdə uşaqlara yaradılmış şəraitlə yaxından tanış oldu. Burada uşaqların dulusçuluq, tikmə, rəssamlıq, heykəltəraşlıqla məşğul olması üçün hər cür şərait yaradılıb. Məktəbin klubunda rəssamların müəllim-şagird heyəti ilə görüşü oldu, təhsil ocağına Azərbaycan rəssamlarının əsərləri hədiyyə edildi.

Martın 28-də İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi daha bir tədbirin ünvanı oldu. Bu dəfə burada Azərbaycan rəssamlarının əsərlərindən ibarət satış-sərgi keçirildi. Sərgidə Eldar Babazadə, Emin Qəhrəmanov, Rəşid İsmayılov, Eldar Qurban, Sabir Çopuroğlu, Valeh Kərimov, Fuad Manafov, Rafiq Abbasov, Nazim Yunusun müxtəlif mövzularda çəkdikləri əsərlər nisbətən aşağı qiymətlərlə sənətsevərlərə təqdim olunurdu.

ARİ-nin təşkil etdiyi növbəti tədbirlərdən biri C.Naxçıvanski adına hərbi liseydə baş tutdu. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin məruzəsi Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuşdu. Sənətşünas gələcəyin hərbçilərinə S.Bəhlulzadə haqqında geniş bilgi verdi, sənədli fotoların yardımıyla rəssamı onlara dərindən tanıtdı.

Fiziki qüsuru olan uşaqların əl işlərindən ibarət xeyriyyə sərgisi isə martın 28-də ARİ-nin binasında keçirildi.

Tədbirlər həftəsinin sonuncu günü - martın 29-da Əməkdar incəsənət xadimi, sənətşünas Z.Əliyevin Humanitar Kollecdə Xalq rəssamı S.Bəhlulzadənin yaradıcılığına həsr olunmuş məruzəsi dinlənildi.

Beş gün davam edən təsviri sənət həftəsi ARİ-nin V.Səmədova adına sərgi salonunda Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi və qaliblərin mükafatlandırılması ilə başa çatdı.

Tədbirdə çıxış edən ittifaqın sədri, Xalq rəssamı F.Xəlilov “Təsviri sənət həftəsi” çərçivəsində görülən işlər haqqında iştirakçılara məlumat verdi, ölkəmizdə rəssamlıq sənətinin inkişafı üçün bu tədbirin ənənəvi olaraq keçiriləcəyini söylədi.

F.Xəlilov Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin yer aldığı sərginin ARİ-nin rəyasət heyəti tərəfindən dəyərləndirildiyini və hər sahə üzrə bir nəfərin mükafata layiq görüldüyünü bildirdi.

Heykəltəraşlıq üzrə Fərəc Rəhmanov, rəngkarlıq üzrə Rəfael Muradov, qrafika üzrə Rəfael Əsədov, tətbiqi sənət üzrə isə Rəşid Bağırov mükafatlandırıldı. Qaliblərə diplom və hədiyyə təqdim edildi.

Sonra tamaşaçılar sərgi ilə yaxından tanış oldular. Sərgidə 50-dən çox əsər nümayiş etdirilir.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 30 mart.- S.  7.